Kannda Azərbaycan musiqisi
gecəsi
Kannda ölkəmizin mədəniyyətinin təqdimatı ilə bağlı keçirilən tədbirlər çərçivəsində “Azərbaycan musiqi gecəsi” təşkil olunub. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən tədbirdə Fransanın ictimai-siyasi xadimləri, Kann şəhər rəhbərliyi və digər nüfuzlu qonaqlar iştirak ediblər.
İştirakçılar əvvəlcə “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı fotosərgi ilə tanış olublar. Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC-ın fotoqraflarının çəkdiyi şəkillərin də yer aldığı sərgidə Avropa Oyunlarının açılış və bağlanış mərasimləri, müxtəlif idman yarışlarının ən maraqlı məqamları əks olunub. Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycanla bağlı nəşrləri də təqdim edilib.
Kannın Festivallar sarayında keçirilən “Azərbaycan musiqi gecəsi”nin aparıcısı ölkəmiz, onun qədim və zəngin mədəniyyəti, incəsənəti və musiqisi barədə məlumat verib.
Kann şəhər merinin müavini, Festivallar sarayının prezidenti xanım Ann Reks tədbirin əhəmiyyətini vurğulayıb. “Azərbaycanı qəbul etmək Kann şəhəri üçün böyük şərəfdir”, - deyən şəhər merinin müavini ölkəmizin mədəniyyətinin və incəsənətinin artıq üçüncü dəfə Kannda çox yüksək səviyyədə təqdim olunduğunu qeyd edib. Bildirib ki, ölkəmiz adına təşkil olunan mədəni tədbirlər şəhərin sakinləri və buraya gələn qonaqlar tərəfindən yüksək maraqla qarşılanır.
Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel ölkəmizə səfərini xatırladıb, Azərbaycanın mühüm geostrateji məkanda yerləşən tolerant ölkə olduğunu deyib. O, Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq Ermənistanın Azərbaycanın torpaqlarını işğal etdiyini bildirib. Heydər Əliyev Fondunun Fransada silsilə tədbirlər təşkil etdiyini vurğulayan Jan-Fransua Mansel bu il Gəncə şəhərində Fransa-Azərbaycan Regionlararası Əməkdaşlıq Forumunun birinci iclasının keçiriləcəyini də diqqətə çatdırıb.
Sonra konsert proqramı başlayıb. Konsertdə tanınmış caz ustası, pianoçu Emil Əfrasiyab və onun caz qrupu, eləcə də Azərbaycan incəsənət ustalarının iştirakı ilə etno-caz nümunələri təqdim olunub.
“Azərbaycan musiqi
gecəsi” Festivallar sarayına toplaşan hər bir insanın
qəlbinə yol tapıb. Təqdim edilən ifalar
alqışlarla qarşılanıb.
Mədəniyyət.-2015.- 17 iyul.-
S.9.