“Koroğlu”nun Həsən xanı
Opera ifaçılığı sənətimizin
unudulmaz səslərindən olan Ağababa Bünyadzadə
ən böyük uğurunu
bu obrazda
tapmışdı
Muğam operaları Azərbaycan bəstəkarlıq sənətinin dünya musiqi xəzinəsinə bəxş etdiyi orijinal bir janrdır. Bu janrın və müsəlman Şərqinin ilk operasının yaradıcısı dahi Üzeyir Hacıbəyli eyni zamanda neçə-neçə ifaçının püxtələşməsinə, adının incəsənət tariximizə düşməsinə yol açdı. Opera tariximizin özülü 1908-ci ildə “Leyli və Məcnun”la qoyulsa da, Üzeyir bəyin “Koroğlu” operası (1937) milli vokal ifaçılıq sənətimizdə dönüş yaratdı. Bu dönüş nöqtəsindən bəhrələnərək sənətə gələnlərdən biri də anadan olmasının 100 ili tamam olan Xalq artisti Ağababa Bünyadzadə (1915-1974) idi.
XX əsrin əvvəllərində Bakıda yaşanan neft bumu, iqtisadi inkişaf mədəniyyət və incəsənətə də təsirsiz ötüşmədi. Şəhərin mədəni həyatında zənginlik, yeni opera tamaşalarının səhnəyə qoyulması, həmçinin Rusiya və İtaliyadan dəvət olunan vokalçıların Bakıda çıxışları səsi və istedadı olan bir çox gənclərin səhnəyə gəlməsinə səbəb oldu. 1915-ci ildə fəhlə ailəsində dünyaya gələn Ağababa Bünyadzadə də Bakının bu qaynar mədəni həyatında boya-başa çatdı. Gənc ifaçı yaradıcılığına opera studiyasında başlamışdı. Əvvəlcə studiyanın xor dəstəsində çıxış etmiş, nadir səs və təbii aktyor istedadına görə tezliklə Opera və Balet Teatrının solistləri arasında öz yerini tuta bilmişdi.
Azərbaycan, Rusiya və Qərbi Avropa bəstəkarlarının operalarında çıxış edən sənətkar səhnədə unudulmaz obrazlar silsiləsi yaradıb. Onun ifasında Həsən xan (“Koroğlu”), Aslan Şah (“Şah İsmayıl”), Mərdan (“Vətən”), Nofəl (“Leyli və Məcnun”), Yavər (“Azad”) obrazları böyük alqışlarla qarşılanmışdı. Dünya opera sənəti nümunələrində məşhur partiyaların (“Seviliya bərbəri”ində Fiqaro, “Karmen”də Eskamalio, “Otello”da Yaqo, “Traviata”da Jermona) ifasına da öz möhürünü vura bilmişdi.
Üzeyir Hacıbəylinin “Koroğlu” operasında Həsən xan partiyası onun ən böyük səhnə uğurlarından biri kimi qiymətləndirilir. Öz sənət uğurunu bu obrazda tapan, böyük ustalığı, səhnə temperamenti ilə seçilən sənətkar 1962-ci ildə dövri mətbuatda Üzeyir bəy haqqında dərc edilən “Ölməzlik” başlıqlı məqalədə xatirələrini belə bölüşür: “Üzeyir bəy daim yeni axtarışlar, tapıntılar sorağında idi. Belə “tapıntılar” arasında mən də vardım. Mən “Koroğlu” operasında ilk tamaşadan iştirak etmişəm. Əvvəlcə xorun tərkibində, daha sonra carçı obrazında. Sonra düşündüm ki, Həsən xanı hazırlayım. Buna görə də yavaş-yavaş obraz üzərində işləməyə başladım. Ariyaları hazırlayıb İsmayıl Hidayətzadəyə nümayiş etdirməyi qərara aldım. Zaman keçdikcə gördüm ki, rol alınıb. İfamı Hidayətzadəyə nümayiş etdirəndə o məni dinlədikdən sonra çox bəyəndiyini bildirdi. Biz Üzeyir bəyə sürpriz hazırlamaq fikrinə gəldik. Səhnədə gənc və yeni sima olan Həsən xanı Üzeyir bəyə göstərmək məsuliyyət və sevinc idi. Tezliklə bu partiyanı mənə tapşırdılar və yaradıcılığımda ilk uğurlarımdan biri oldu”.
Beləcə Ağababa Bünyadzadənin yaradıcılığının kamil dövrü məhz bu obrazla açılır. O bu rolu elə məharətlə ifa edirdi ki, hətta obrazın şəxsi və ictimai kompleksinə belə daxil olmağı bacarırdı. Sənətkarda müğənninin vokal siması üçün lazım olan bütün cizgilər, psixoloji çalarlar var idi. Obrazın xarakterini çatdırmaq, səslə çevik rəftar bacarığı, səsinin geniş şkalası qəhrəmanın hissiyyatını parlaq əks etdirmək üçün sənətkara şərait yaradırdı.
1985-ci ildə Üzeyir bəyin 100 illik yubileyi ərəfəsində “Azərbaycan gəncləri” qəzetində çap olunan məqalədə “Koroğlu” operasındakı Həsən xanın Ağababa Bünyadzadənin yaradıcılığında ən mürəkkəb obrazlardan biri olduğu vurğulanır: “Yüksək tessiturada yazılmış partiya hər bariton üçün mümkün sayıla bilməz. Ona görə də bəstəkar hesab etmişdir ki, bu obrazın ifası üçün güclü səslə yanaşı qeyri-adi vokal texnikası olan ifaçı gərəkdir. Bütün bu xüsusiyyətlər isə Ağababa Bünyadzadənin yaradıcılığına xas cəhətlər idi”.
Ağababa Bünyadzadə Opera və Balet Teatrında bir çox ifaçıların yetişməsində, bu sənətin inkişafında böyük xidmətlər göstərmişdir. Bu xidmətlərinə görə 1943-cü ildə Əməkdar artist, 1955-ci ildə isə respublikanın Xalq artisti adlarına layiq görülür. Onun yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilmiş, “Lenin” ordeni, “Qırmızı əmək bayrağı” ordeni, medallarla təltif edilmişdi. Ağababa Bünyadzadə respublikanın ictimai həyatında da fəal iştirak edirdi. O, bir neçə dəfə Bakı Şəhər Sovetinə deputat seçilmişdi.
Sənətkar 1974-cü il dekabrın 17-də dünyadan köçüb. Həmin vaxt “Kommunist” qəzetində ulu öndər Heydər Əliyevin, respublikanın dövlət və hökumət xadimlərinin adından rəsmi nekroloq dərc olunmuşdu.
Bu gün gənc nəslin tanımadığı, lakin opera ifaçılığı tariximizə həkk olunan Ağababa Bünyadzadənin adı Üzeyir bəyin ölməz “Koroğlu”su yaşadıqca yaşayacaq, onun əvəzsiz Həsən xanı kimi xatırlanacaq...
Lalə Azəri
Mədəniyyət.-2015.- 17 iyul.-
S.12.