Kamil bağban bağ becərər, gül
əkər...”
Göycə aşıq məktəbinin bir çox yetirmələri Azərbaycan aşıq sənətində parlaq iz qoyublar. Dərin və məzmunlu yaradıcılıqları ilə aşıq ədəbiyyatının zənginləşməsinə dəyərli töhfələr verən sənətkarlardan biri də aşıq Əsəd olub.
Əsəd Əhməd oğlu Rzayev 1874-cü ildə Göyçə mahalının Qaraqoyunlu kəndində dünyaya göz açıb. Əsilləri Tovuz rayonunun Bozalqanlı kəndindən olub. Əsəd gənc ikən atası dünyadan köçür. Ailənin güzəranı ağırlaşır. O, dolanışıq ucbatından bir neçə il nökərçilik edir. Vaxt tapanda elin toy məclislərində iştirak edir. Saz çalınarkən qaynar təbi coşa gəlir, bədahətən şeirlər söyləyir. Yanıqlı ifası ilə diqqətləri özünə çəkir, el-obada sevilir.
Günlərin birində Əsəd elin böyük sənətkarı Aşıq Ələsgərə şəyird olur. On ilə yaxın ustadı ilə birlikdə məclislər yola verir. Aşiqanə lirik şeirlər yazır, şaqraq və məlahətli avazı ilə xalqın xoş güzəranını tərənnüm edir. Şəyirdlik müddətində bu ulu sənətin sirlərinə yiyələnir. Bunu hiss edən Dədə Ələsgər ona rüsxət verir. Əsəd 1895-ci ildən müstəqil aşıqlığa başlayır və el arasında ustad sənətkar kimi tanınır.
Aşıq Əsəd 1918-ci ildə daşnak ordusunun zabiti Selikovun öldürülməsində günahkar bilinir. Bu səbəbdən qardaşı Məhəmmədlə birgə həbs olunur. Müsavat Partiyası Göyçə təşkilatının köməyi ilə həbsdən qaçırılır. Sovetləşmədən sonra bir müddət ordu sıralarında xidmət göstərir. 1932-ci ildə babalarının yurdunda - Tovuzun Bozalqanlı kəndində məskunlaşır.
1928-ci ildə Azərbaycan aşıqlarının birinci qurultayında iştirak edən sənətkar yüksək ifaçılıq məharətinə görə mükafata layiq görülür. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə iştirak edir. Yenə də sənəti ilə diqqətləri özünə cəlb etməyi bacarır, “Şərəf nişanı” ordeni ilə təltif edilir. İfaçılıq qabiliyyətini yüksək qiymətləndirən Xalq şairi Səməd Vurğun aşıq Əsədə “Aşıqların sultanı” adını verib. Daha sonra o, Yazıçılar İttifaqına üzv qəbul edilib.
Aşıq Əsəd 1930-1940-cı illərdə respublikada keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirak edib. Folklorşünas Hümbət Əlizadə “Koroğlu” dastanının bir necə qolunu, xalq dastanlarından bir çoxunu aşıq Əsədin dilindən yazıya alıb. Onun xeyirxahlığı və köməkliyi sayəsində aşığın ilk şeirlər kitabı çap olunub. İkinci şeirlər kitabı isə çox sonralar, 1979-cu ildə işıq üzü görüb.
Aşıq Əsəd ustad sənətkar kimi Göyçə, Tovuz, Qazax bölgələrində onlarla aşıq yetişdirib. O, həm də yaradıcı aşıq olub. Yaratdığı “Kamal”, “Nizami”, “Aşıq Əsədin İncə xanımla deyişməsi”, “Aşıq Əsədin Minayə xanımla deyişməsi” kimi nümunələr bu gün də el şənliklərində aşıqlar tərəfindən böyük həvəslə oxunur və xalq tərəfindən rəğbətlə qarşılanır.
Onun yüzlərcə qoşma və gəraylısı bu gün də aşıqların ifasında səslənir. O, həmçinin muğam sənətini, xanəndə kimi oxumağı da bacarıb. El şənliklərində çox vaxt dinləyicilərin xahişi ilə muğamlarımızı ifa edərmiş.
Araşdırmalarda aşıq Əsədin
sazının 17 pərdəli və 10 simli
olduğu qeyd olunur. Yəni o zaman sazın 3 zil simi olduğu
halda, onun sazında 4 zil sim varmış. Əlbəttə, 4 simi barmaqda birləşdirmək
(tutmaq) sənətkardan
böyük ustalıq
tələb edib.
O, “Zil Qaytağı” oxuyanda səsi şah və divani pərdələrin zillərinə qalxarmış.
Sazı isə “xəttəbənd”,
yəni qolunun içi boş və içərisində
muncuğaoxşar cisimlər
olub.
Aşıq Əsəd ümumrespublika
mədəniyyət tədbirlərində
daim münsiflər heyətinin üzvü olub. Tiflis radiosunun
1936-cı ildə ilk verilişlərində,
daha sonra Şota Rustavelinin yubileyi və digər mədəni tədbirlərdə aşıq
Əsədlə aşıq
Mirzə cütlüyünün
parlaq çıxışları
böyük alqışlarla
qarşılanıb, yaddaşlarda
dərin izlər salıb.
O, yaxşı-yaman günlərində
heç vaxt ustadı Dədə Ələsgəri unutmayıb.
Böyük el şənliklərində daim onun yaradıcılığına
müraciət edərək
yada salıb. Çağdaş və gələcək
nəsillər üçün
aşıq Ələsgər
ənənələrinin daşıyıcısı
və ən böyük təbliğatçılarından
olub.
Aşıq Əsəd yaşayıb-yaratdığı
dövrlərdə dövlət
tərəfindən daim
qayğı hiss edib. Hətta o zaman ölkənin rəhbəri olan Mircəfər Bağırov
onu Bakıya dəvət edib. Böyük sənətkar bu dəvətlərə görə
rəhbərliyə öz
minnətdarlığını ifadə edib. Ancaq Tovuz rayonunda qalmağı və ömrünü bu torpaqda başa vurmağı məqsədəuyğun
hesab edib.
El-obasının varlığı
ilə fəxr edən aşıq təbiətdən də böyük zövq alıb, şeirlərində
onu səmimi bir dillə tərənnüm edib. Mahalları dolaşması,
ağır məclislər
yola salması, nəhayət ustad Ələsgər kimi bir ürfan adamı ilə ünsiyyəti onu ariflər cərgəsinə
qaldırıb.
Kamil bağban bağ becərər, gül əkər,
Sahibi var onun, üzə bilməzsən.
Sınar
qol-qanadın düşərsən
yerə,
Tutar səni
qəhri-qəza bilməzsən.
Laçın olub səmalarda
süzmüşəm,
Şonqarların savaşına dözmüşəm,
Mən qəvvasam, dəryalarda üzmüşəm,
Sən qəvvas
deyilsən, üzə
bilməzsən.
Görkəmli sənətkar 1951-ci ildə,
ömrünün müdrik
çağında dünyasını
dəyişib. Ustad aşığın 1994-cü ildə 120 illik yubileyi əvvəlcə Tovuzda, sonra isə Bakıda, Azərbaycan Dövlət Filarmoniyasında qeyd olunub.
Savalan Fərəcov
Mədəniyyət.-2015.- 17 iyul.-
S.15.