Prezident kütləvi informasiya vasitələrinin əməkdaşlarını mükafatlandırdı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli mətbuatın 140 illik yubileyi ərəfəsində ölkənin kütləvi informasiya vasitələrində çalışan, media sahəsində xidmətləri olan şəxslərin böyük bir qrupunun təltif olunması barədə sərəncamlar imzalayıb.
Ölkə başçısının 15 iyul 2015-ci il tarixli “Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri əməkdaşlarına fəxri adların verilməsi haqqında” sərəncamına əsasən, kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə 44 nəfərə “Əməkdar Jurnalist”, 17 nəfərə isə “Əməkdar Mədəniyyət İşçisi” fəxri adı verilib.
Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə Alışanov Arif Nizam oğlu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Amaşov Əflatun Əhməd oğlu, İvanov Aleksandr Alekseyeviç, Məhərrəmov Nuşirəvan Umud oğlu, Səfərli Vüqar Müzəffər oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunublar. Bundan əlavə, kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə 91 nəfər “Tərəqqi” medalına layiq görülüb. Təltif olunanlar arasında Mədəniyyət və Turizm Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri, “Mədəniyyət” qəzetinin baş redaktoru İntiqam Rəsul oğlu Hümbətov da var.
Həmçinin kütləvi informasiya vasitələri əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalanıb. Sərəncama əsasən, 21 nəfər Prezidentin fəxri diplomuna layiq görülüb.
Dövlət başçısının daha bir sərəncamı ilə kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə Teymur Əkbər oğlu Əhmədova və Qalina Ələkpərovna Mikeladzeyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ayrılıb.
Təltif olunan bütün həmkarlarımızı təbrik
edirik.
Mədəniyyət.-2015.- 22 iyul.-
S.2.