Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var

 

Prezident İlham Əliyev kütləvi informasiya vasitələrini mövcud problemləri, nöqsanları gündəmə gətirməkdə fəal olmağa çağırıb

 

İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşüb.

Prezident İlham Əliyev milli mətbuatın yaranmasının 140 illiyi münasibətilə jurnalistləri və xalqımızı təbrik etdi, bayram ərəfəsində kütləvi informasiya vasitələri əməkdaşlarının böyük bir qrupunun orden, medal və fəxri adlarla təltif olunduğunu dedi. Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi varancaq müstəqillik dövründə Azərbaycan mətbuatı tam azad və müstəqil şəkildə fəaliyyət göstərib”, - deyən Prezident İlham Əliyev 1998-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə ölkəmizdə senzuranın ləğv edildiyinibunun mətbuat tarixində yeni dövr açdığını bildirdi. Bu gün mətbuatımızın inkişaf baxımından yeni səviyyəyə qalxdığını deyən dövlətimizin başçısı artıq 12 ildir fəaliyyət göstərən Mətbuat Şurasının işini yüksək qiymətləndirdi: “Bugünkü mətbuatımızın yüksək səviyyəyə qalxmasında Mətbuat Şurasının çox böyük rolu olmuşdur. Bu, ümumiyyətlə, cəmiyyətimizin inkişafı ilə bağlı olan məsələdir. Çünki hamımız yaxşı xatırlayırıq ki, müstəqilliyimizin ilk illərində Azərbaycan mətbuatında bəzən gedən yazılar bizim nə əxlaq normalarımıza, nə milli dəyərlərimizə sığmırdı. Bu da yəqin ki, keçid dövrünün bir əlaməti idi. Çünki azad mətbuat yaranmışdı və senzura ləğv edilmişdi. Bəzi hallarda təhqirlərə, yalanlara rast gəlinirdi. Hesab edirəm ki, Mətbuat Şurasının bu sahədəki fəaliyyəti bütün cəmiyyət üçün çox dəyərli olmuşdur. Bu gün belə hallara çox az-az rast gəlinir. Hesab edirəm ki, biz gələcəkdə, ümumiyyətlə, milli dəyərlərimizə, adət-ənənələrimizə, cəmiyyətdə əsrlər boyu formalaşmış davranış qaydalarına xas olmayan yazılara rast gəlməyəcəyik”.

Mətbuatın inkişafı ilə əlaqədar islahatların uğurla aparıldığını deyən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan bundan sonra da demokratiyanın inkişafı yolu ilə gedəcək. Bu gün ölkəmizdə azad cəmiyyətin formalaşmasını, cəmiyyətdə gedən prosesləri yüksək qiymətləndirən dövlətimizin başçısı bu məsələdə mətbuatın rolunun əhəmiyyətli olduğunu diqqətə çatdırdı. Prezident İlham Əliyev bu gün ölkədə yüzlərlə qəzet-jurnalın, 50-dən çox televiziyaradio kanalının fəaliyyət göstərdiyini, ölkəmizin tam müstəqil siyasət yürütdüyünü, bunun təməlində isə xalqımızın maraqlarının dayandığını dedi. “Cəmiyyətimiz strateji maraqlar ətrafında birləşib və bizi narahat edən məsələlərlə bağlı fikir ayrılığı yoxdur”, - deyən Prezident İlham Əliyev bildirdi ki, mətbuat hər zaman strateji maraqları müdafiə etməli, milli maraqlarımızı beynəlxalq müstəvidə qorumalıdır. Son illərdə bu istiqamətdə milli mətbuatda ciddi dönüşün yarandığını deyən dövlətimizin başçısı ölkədəki vəziyyəti, hadisələri bir çox hallarda mətbuatdan izlədiyini və dərhal da reaksiya verdiyini bildirdi: Onu da qeyd etməliyəm ki, bir çox hallarda ölkədə, misal üçün, hər hansı pozuntular baş verdikdə, qüsurlar olanda, yaxud da, hər hansı bir xoşagəlməz vəziyyət yarananda mən məlumatı, o cümlədən mətbuatdan əldə edirəm. Bu, mənim üçünçox əhəmiyyətlidir. Ölkədə sosial ədalətsizlik halları var. Məmur özbaşınalığı halları, digər xoşagəlməz hallar - korrupsiya, rüşvətxorluq, insanların hüquqlarının pozulması halları var. Əlbəttə, biz bütün bunları bilməliyik və reaksiya verilməlidir. Əgər reaksiya verilməyəcəksə, o pozuntuları törədənlər daha da böyük pozuntular törədəcək. Ona görə, mətbuatın burada nadir rolu var. Mən bunu sizə çox səmimi şəkildə deyirəm, bu sahədə öz fəaliyyətinizi gələcəkdə də davam etdirəsiniz ki, həm ictimaiyyət, həm o pozuntuları edən məmurlar bilsinlər ki, heç bir yanlış hərəkət reaksiyasız qalmayacaq. Bu sahədə hələ görüləsi işlər çoxdur. Şəxsən mənim üçün mətbuat burada çox gözəl dəstəkçi rolunu oynayır. Əminəm ki, gələcəkdə biz bu əməkdaşlığı davam etdirəcəyik”.

Azərbaycanın beynəlxalq mövqeləri ilə bağlı fikirlərini bölüşən dövlətimizin başçısı xarici mediada ölkəmizə qarşı aparılan ədalətsiz kampaniyanın ciddi tədbirlər ərəfəsində daha da əlaqələndirilmiş xarakter aldığını bildirdi, buna səbəb kimi isə Azərbaycanın müstəqil siyasətini, ölkəmizin uğurlarını göstərdi: “Xüsusilə, önəmli beynəlxalq tədbirlər ərəfəsində bu kampaniya daha da ciddi formalar alır və bizə qarşı əlaqələndirilmiş şəkildə hücumlar təşkil edilir. Biz bunu Avropa Oyunları ərəfəsində bir daha gördük. Bunun müxtəlif səbəbləri var. Siz də bunları yaxşı bilirsiniz. Həm Azərbaycanın müstəqil siyasəti, Azərbaycanın uğurları, Qərbdə islamofobiya meyillərinin gücləndirilməsi. Ümumiyyətlə, hər bir ölkənin yerinin müəyyən edilməsi siyasəti var. Elə bil ki, kimsə burada bu ölkələrin reytinqini, yaxud da, tutduğu yerləri müəyyən etməyə çalışır.

Erməni lobbisinin bizə qarşı fəaliyyəti də öz rolunu oynayır, çünki bir çox hallarda Azərbaycana qarşı yazılan məqalələrin arxasında biz uzun erməni qulaqlarını görürük. Dünya erməniliyi üçün bir nömrəli hədəf Azərbaycandır. Mən bunu bir dəfə demişəm, bir daha demək istəyirəm ki, bizim əsas düşmənimiz erməni lobbisidir. Mən bunu istənilən auditoriyada deyə və sübut edə bilərəm. Bu, erməni xalqına aid deyil. Erməni xalqı özü kriminal diktatura rejimindən əziyyət çəkir. Ancaq erməni lobbisi, bir neçə təşkilatda birləşmiş qurumlar Azərbaycanı qaralamaq, şər-böhtan atmaqnüfuzdan salmaq üçün gecə-gündüz çalışırlar. Onların geniş maliyyə imkanları, əlaqələri var. Onlar yaşadıqları ölkələrin hakimiyyət orqanları ilə sıx bağlıdırlar, qanunvericilik orqanlarının nümayəndələri ilə işləyirlər, onlara pullar verirlər. Beləliklə, bizə qarşı təşkil edilmiş kampaniyada erməni lobbisi ön plandadır. Ancaq bunlarla birləşən digər kateqoriyadan olan qurumlar, insanlar bizə qarşı çox çirkin kampaniya aparırlar. Yəqin ki, gələcəkdə bu, davam edəcəkdir. Biz buna hazır olmalıyıq və hazırıq.

Onu da qeyd etməliyəm ki, bu kampaniya Azərbaycanın daxilixarici siyasətinə heç bir təsir etməmişdir və heç vaxt etməyəcəkdir. Çünki bizim siyasətimizin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və onun maraqlarıdır. Bu gün Azərbaycan siyasəti xalqın iradəsinə söykənir. İstər daxili, istər xarici siyasət məsələlərində əsas amil budur. Əlbəttə ki, biz öz yolumuzdan dönməyəcəyik və ölkəmizi uğurla inkişaf etdirəcəyik.

Prezident bununla bağlı mətbuatın üzərinə böyük vəzifələrin düşdüyünü xatırlatdı: “Nə etməli? İlk növbədə, biz Azərbaycan həqiqətlərini dünyaya çatdırmalıyıq. Bu gün bu istiqamətdə fəal gedir. Həm dövlət orqanları, həm Azərbaycanda fəaliyyət göstərən ictimai təşkilatlar, həm də bizim mediamız bu sahədə böyük işlər görürlər. Mən hesab edirəm ki, gələcəkdə xarici dillərdə internet saytlarının sayı daha da çox olmalıdır”.

* * *

Görüşdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov milli mətbuatımızın keçdiyi şərəfli yola nəzər saldı, ulu öndər Heydər Əliyevin medianın inkişafı ilə bağlı həyata keçirdiyi tədbirləri xatırlatdı. Dövlətimizin başçısının ölkəmizin inkişafı, cəmiyyətdə vətənpərvərlik ideyalarının möhkəmlənməsindəki xidmətlərinin media təmsilçiləri tərəfindən də yüksək qiymətləndirildiyini deyən Əflatun Amaşov milli mətbuatın yaradılmasının 140 illiyi ərəfəsində media təmsilçilərinin bir qrupunun fəxri adlarla təltif olunmasına görə jurnalistlər adından dövlətimizin başçısına minnətdarlıq etdi.

Əflatun Amaşov Azərbaycanın milli maraqlarının qorunmasındakı qətiyyətli mövqeyinə görə Prezident İlham Əliyevin Mətbuat Şurasının xüsusi mükafatı ilə təltif olunduğunu dedi və mükafatı dövlətimizin başçısına təqdim etdi.

Mətbuat Şurasının sədri milli mətbuatın 140 illiyi ilə bağlı yubiley hədiyyəsini də Prezident İlham Əliyevə təqdim etdi.

Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Akif Aşırlı və Umud Rəhimoğlu Azərbaycan mətbuatının inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etdilər.

Dövlətimizin başçısı çıxışlarda səslənən təkliflərə baxılacağını və medianın inkişafı ilə bağlı tədbirlərin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırdı.

Daha sonra Prezident İlham Əliyev milli mətbuatın 140 illiyi münasibətilə imzaladığı sərəncama əsasən Mətbuat Şurasının fəxri ad alan üzvlərinə mükafatları təqdim etdi.

 

Mədəniyyət.-2015.- 22 iyul.- S.3.