Tanınmış dirijorun
beynəlxalq festivalda növbəti uğuru
Rusiyanın V.Safonov adına Şimali Qafqaz Dövlət Filarmoniyasında (Kislovodsk şəhəri) 20-ci Beynəlxalq Akademik Musiqi Festivalının açılış mərasimi keçirilib. Tanınmış dirijor və solistlərin qatıldığı festivalda beynəlxalq müsabiqələr laureatları, həmyerlimiz Əyyub Quliyev də iştirak edir.
Azərbaycanlı
dirijor bildirib ki, V.Safonov adına Filarmoniyanın 120 illik və
görkəmli bəstəkar Pyotr Çaykovskinin 175 illik
yubileyinə həsr olunmuş festival çərçivəsində
keçirilən bütün konsertlərin proqramlarına bu
dahi bəstəkarın əsərləri daxil edilib.
İyulun
18-19-da beynəlxalq müsabiqələr laureatı, Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrının dirijoru
Əyyub Quliyevin rəhbərliyi ilə keçirilən
konsertlərdə P.Çaykovskinin “Manfred” simfoniyasi,
violonçel və orkestr üçün “Rokoko”
variasiyaları, “Yevgeni Onegin” operasından fraqmentlər, soprano
və orkestr üçün romansları səslənib. Konsertin proqramında məşhur
ifaçılar - Sankt-Peterburq “Musiqi Evi”nin
prezidenti, Rusiyanın Xalq
artisti, professor Sergey Roldugin (violonçel) və Rusiyanın Əməkdar artisti, Mariinsk
Teatrının solisti Yelena
Mirtova (soprano) iştirak ediblər. Böyük
uğurla keçən konsertin
sonunda tamaşaçılar musiqiçiləri
ayaq üstə alqışlayıblar.
Festivalın növbəti günü italyan bəstəkarı Coakkino Rossininin “Sevilya bərbəri” operasının yeni quruluşda premyerası keçirilib. Moskvadan dəvət olunmuş rejissor Alla Çepinoqanın quruluş verdiyi operaya Əyyub Quliyev dirijorluq edib. Tamaşada Rusiyanın tanınmış vokalçıları - “Gelikon Opera”nın solistləri Dmitri Ovçinnikov, Dmitri Drunov, Sergey Maydanov, Yelena Filimonova, Mixail Xojigirov və Eleonora Kiprenskaya çıxış ediblər.
Qeyd edək ki,
Ə.Quliyev V.Safonov
adına Rusiya Akademik Simfonik Orkestrinin əsas dəvətli
dirijoru kimi 2013-cü
ildən burada fəaliyyət göstərir.
Mədəniyyət.-2015.- 22 iyul.-
S.4.