Qax rayonunda kənd yaşıl turizminin imkanları böyükdür

 

Rayona bu məqsədlə səfər edənlərin sayı daha çoxdur

 

Qax rayonu turizmin inkişafı üçün geniş imkanlara malik bölgələrimizdəndir. Saf dağ iqlimi, mineral şəfa bulaqları, əsrarəngiz təbiət burada ilboyu fəaliyyət göstərən istirahət və turizm mərkəzlərinin yaradılması üçün çox əlverişlidir.

 

Qədim yaşayış məskənlərindən olan bu ərazi tarixi abidələri ilə də diqqəti cəlb edir. Ləkit kəndindəki V əsrə aid məbəd, VI-VII əsrlərə aid məbəd kompleksi, Qum kəndində V-VI əsrlərə aid məbəd, İlisu kəndində “Sumuq qala”, “Beş bulaq”, “Ulu körpü” abidələri, Ağçay kəndində “Oğlan qala, qız qala”, Qax şəhərindəki Qala qapısı və divarları, rayon ərazisindəki onlarla digər abidələr ziyarətçilərin böyük marağına səbəb olur.

 

Turistləri ən çox maraqlandıran təbiətə daha yaxın olmaqdır

 

Təbiətin bəxş etdiyi unikal imkanlartarixi abidələr Qax rayonunu kənd yaşıl turizmi üçün əlverişli məkana çevirib. Rayonda müalicə, istirahət turizmi daha geniş yayılıb. Həmçinin mövsümi ovçuluq, atçılıq və digər turizm növlərinin inkişaf etdirilməsi üçünmünbit şərait var.

Qax Rayon Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi Dilarə Əzizova qəzetimizə açıqlamasında bildirdi ki, turistlərin abidələrə səyahətini təşkil etmək üçün bir neçə marşrut müəyyənləşdirilib. Marşrutlar üzrə ekskursiya mətnləri hazırlanıb.

Həmsöhbətimizin fikrincə, turistləri ən çox maraqlandıran təbiətə daha yaxın olmaqdır: «Bu səbəbdən onlar sadə kənd evlərində qalmağa üstünlük verir, sakit təbiət guşələrini özlərinə məkan seçirlər. Rayonda turizmin bu növü - kənd yaşıl turizmi artıq öz təsdiqini tapıb. Sadə kənd evlərində istirahət etmək istəyənlərin sayı ildən-ilə artır. İlisu, Ağçay, Qaşqaçay, Çinarlı, Qum, Ləki, Qaxbaş kəndlərində hazırda bu turizm növündən onlarla ailə yararlanır. Biz özümüz də vaxtaşırı olaraq bu evlərin sahibləri ilə görüşüb, turistlərlə necə davranmaq, onlara hansı xidmətləri göstərməklə bağlı təlimatlarımızı veririk. Öz evini turistə verən sakinlər eyni zamanda onlara bələdçilik etməli, rayonumuzun tarixi, mədəni irsi, turizm imkanları, adət-ənənələri barədə məlumatlandırmalıdırlar”.

Bu ilin 6 ayının nəticələrinə görə, Qax rayonuna 16 minə yaxın turist gəlib ki, bunun da 30 faizini kənd yaşıl turizmi həvəskarları təşkil edir. Xüsusilə Ramazan bayramı günlərində gələnlər çox olub. Xarici turistlər də Qaxa tez-tez səfər edirlər.

Kənd evlərində qalmaq o qədər də baha deyil, 20 manat həddindədir. Arzu eləyən turistlər yeməklərini də ev sahiblərinə sifariş verirlər. Bunun qiyməti də təbii ki, ayrı hesablanır. Adətən səhər yeməyini qaldıqları evdə yeyənlər daha çox olur. Əksər turistlər isə dağlara, meşələrə gəzməyə getdiklərinə görə yeməklərini də yaxınlıqdakı yeməkxanalarda yeyirlər.

 

Mineral su ehtiyatları Qaxda kurort zonalarının yaradılmasını zəruri edir

 

Həmsöhbətimiz bildirdi ki, rayon kurort sərvətləri cəhətdən də çox zəngindir: «Bol mineral su ehtiyatlarının varlığı rayonda iqlim-balneoloji kurort zonalarının yaradılmasını zəruri edir. İlisu və Sarıbaş kəndlərində yer üzünə çıxan termal bulaqlar qədimdən xalq təbabətində yel xəstəliyinə qarşı istifadə olunur. Onu da bildirim ki, İlisu kəndindən xeyli aralıda, Hamam çayı sahilindəki Oğlan bulaq, Qız bulaq adlanan hovuzlar oraya gedən yüzlərlə xəstəyə şəfa bəxş edir. Əksər hallarda bu bulaqların suyu hədər yerə axıb gedirdi. Bir neçə ildir ki, həmin bulaqların suyu borularla «Ulu dağ» istirahət mərkəzinə gətirilir. Sudan müalicə məqsədilə istifadə üçün artıq uzunüzücü yolu qət etmək lazım gəlmir. Burada eyni zamanda xəstələr peşəkar tibbi personal tərəfindən tam müayinə olunur, onlara təyinatı üzrə vannalar yazılır».

Hazırda Qax rayonunda 11 turizm obyekti fəaliyyət göstərir ki, onların da əksəriyyəti Mədəniyyət və Turizm Nazirliyi tərəfindən lisenziya alıb.

 

Fəxriyyə Abdullayeva

Mədəniyyət.-2015.- 22 iyul.- S.6.