“Tarixən bağları olan xalqlarıq”

 

“Bakı çox dəyişib, gözəlləşib, amma mənim 20 il bundan əvvəl gördüyüm o qonaqpərvərlik və xeyirxahlıq dəyişməyib”

 

Əfqanıstanla Azərbaycan arasında diplomatik münasibətlər 1994-cü ilin 16 noyabrında qurulub. Bununla belə, ötən müddətdə Əfqanıstanla əlaqələrimiz elə də inkişaf etməyib. Başlıca səbəb isə bu ölkədə uzun müddət siyasi istiqrarın olmamasıdır. Yeri gəlmişkən, Azərbaycan 2002-ci ildən Əfqanıstanda sülhsabitliyin möhkəmləndirilməsinə öz töhfəsini verən ölkələr sırasındadır. 2012-ci ilin noyabrında Əfqanıstan İslam Respublikasının Bakıda səfirliyi açılıb. Dost ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohammad Taqi Xalili ilə söhbətimizdə iki ölkə arasında münasibətlərin mövcud durumuna və gələcək perspektivlərinə nəzər saldıq.

 

- Cənab Xalili, tərcümeyi-halınızdan bəlli olur ki, müxtəlif ölkələrdə diplomatik fəaliyyət göstərsəniz də, səfir kimi ilk təyinatınız Azərbaycana olub. Necə qarşıladınız bu təyinatı?

- Bu suala görə sizə təşəkkür edirəm. Bakıda yeddi aydır ki, fəaliyyət göstərirəm. 2002-ci ildə Taliban rejimi dağıldıqdan sonra Əfqanıstan Xarici İşlər Nazirliyində işə başlamışam. Sonra müxtəlif ölkələrdə, İsveçrə, ABŞ və Niderlandda diplomat kimi çalışmışam. Kabildə yaşadığım illərdə siyasətlə məşğul olmağa başladım və o zaman ölkənin vitse-prezidenti olan atama kömək edirdim.

Amerikada işlərimi bitirib Əfqanıstana geri döndükdə mənə üç ölkədə səfir işləmək təklif etdilər - Koreya, Niderland və Azərbaycan. Xarici işlər nazirinə söylədim ki, mən Bakını seçirəm. Ona görə ki, hər şeydən öncə Azərbaycan mənim ölkəmə yaxın, region ölkəsidir. Həm də mədəniyyətlərimizin yaxın olduğu bir ölkədə çalışmaq istəyirdim. Bundan əvvəl çalışdığım ölkələr mənim üçün o qədər də maraqlı deyildi. Başqa bir vacib səbəb o idi ki, mən Azərbaycan haqqında geniş məlumata malik idim. Çünki 20 il əvvəl, yəni 1995-ci ildə təhsil layihəsi çərçivəsində əfqan tələbələri qrupunun tərkibində Bakıya gəlmişdim. O vaxt 9 ay Azərbaycanda yaşadım, rus dilini və ixtisasımla bağlı bəzi mövzuları öyrəndim. Hətta üç ay İnşaat və Mühəndislər Universitetində təhsil almışam. Təəssüf ki, burada qala bilmədim, təhsilimi başa vurmadım. O zaman Azərbaycanda Ermənistanın hərbi təcavüzü ilə bağlı vəziyyət ağır idi, Bakıda böyük problemlər yaşanırdı. O zaman universitetin yataqxanalarında çoxlu qaçqın görürdük.

Yəni mən səfir təyinatından öncə bu ölkə haqqında məlumatlı idim. Tək mən deyil, Bakıda təhsil alan bütün əfqanlar Azərbaycan xalqından razıdırlar. Ona görə ki, o zaman ölkənin bu qədər problemlərinin olmasına baxmayaraq, insanlar çox mehriban və qonaqpərvər idilər. Sizin tarixinizdə o qədər böyük şəxsiyyətlər, alimlər, şairlər, yazıçılar var ki. Səməd Vurğunu çox sevirəm. Bilirəm ki, onun şeirləri, poemaları Azərbaycanda çox məşhurdur. 20 il bundan əvvəl Azərbaycanın ümummilli lideri Heydər Əliyev müharibədə atəşkəsə nail olandan sonra ölkəniz inkişaf yoluna çıxdı. O, dünyada tanınan liderdir. Bilirəm ki, məhz onun əsasını qoyduğu siyasi kursun nəticəsində bu gün Azərbaycan inkişaf edir və çiçəklənir.

 

- Azərbaycanla-Əfqanıstan arasında münasibətlərin hazırkı səviyyəsini necə dəyərləndirirsiniz?

- Ölkələrimiz arasında mövcud münasibətlərimiz çox müsbətdir. Azərbaycanda Əfqanıstan səfirliyi 2012-ci ildə açılıb. Ölkəmizi Azərbaycanda səfir kimi təmsil etmək mənim həyatımda ən vacib bir dövrdür. Özümü sizin xalqınıza çox yaxın hesab edirəm. Düşünürəm ki, biz münasibətlərimizi inkişaf etdirmək üçün doğru yoldayıq. Ümid edirəm ki, mənim səfirlik dövrümdə biz bu əlaqələri daha da genişləndirəcəyik. Yaxın vaxtlarda Əfqanıstandan nümayəndə heyətləri Azərbaycanda səfərdə olub. İqtisadi inkişaf naziri Şahin Mustafayev fevral ayında Əfqanıstana səfər etdi, Əfqanıstan Prezidenti Əşrəf Qəni, eləcə də bir sıra nazirlərlə görüşü oldu. Bu çox faydalı səfər idi. Ümidvaram ki, Azərbaycan tərəfdən belə səfərlər davam edəcək. Hazırda biz daha çox iqtisadi əlaqələri sürətləndirmək istəyirik. Lakin bizim əlaqələrimizdə vacib aspektlərdən biri də mədəniyyətdir və onu da genişləndirməyə çalışırıq. Ona görə ki, bu sahədə xalqlarımız arasında mühüm fərqlər yoxdur. Biz tarixən eyni kökləri olan xalqlarıq. Bu yaxınlarda Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşdüm. Ölkənizlə mədəniyyət və təhsil əlaqələrini inkişaf etdirməyə çalışırıq.

 

- Yeri gəlmişkən, mədəni əlaqələrimizin gələcək perspektivlərini necə görürsünüz?

- Yaxın günlərdə Əfqanıstan və Azərbaycan sənətçilərinin iştirakı ilə Bakıda incəsənət və mədəniyyət festivalı keçirməyi düşünürük. Nazir Əbülfəs Qarayevlə də bu barədə danışdıq. Mədəniyyət sahəsində olan yaxınlıqdan, tarixi bağlardan yararlanmalıyıq. Bu tədbirlər vasitəsilə xalqlarımız bir-birinin mədəniyyəti və incəsənəti ilə daha yaxından tanış ola bilərlər. Başqa bir ideya isə bundan ibarətdir ki, əfqan rəssam və şairlərini Azərbaycana dəvət etmək və onları azərbaycanlı dostlarımızla görüşdürmək istəyirik. Bakıda keçirilən ilk Avropa Oyunlarından sonra Azərbaycan dünyada daha çox tanınır. Mən özüm müxtəlif xarici kanallarda bu Oyunların reklamlarının yayımlandığını görürdüm. Bunun özü həm də Azərbaycanın turizm imkanlarının artırılması deməkdir. Yəqin ki, bundan sonra, əfqanlar daxil olmaqla, müxtəlif ölkələrdən insanlar Azərbaycana gəlməyə maraq göstərəcəklər. Bizim musiqilərimiz də bənzərdir. Əfqanıstanda hər kəs Nizami Gəncəvini tanıyır. Onun əsərləri fars dilində olduğundan əksəriyyət onu oxuyur. Üzeyir Hacıbəyli Şərqin ilk bəstəkarı olub. Bilirəm ki, onun anadan olduğu 18 sentyabr Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur. “Leyli və Məcnun” operası bütün dünyada məşhurdur.

 

- Azərbaycanda keçirilən mədəniyyət tədbirlərində iştirak etmək, konsertlər, opera tamaşalarından zövq almaq imkanınız olurmu?

- Mədəniyyət tədbirlərinin hər birində iştirak etməyə çalışıram. Filarmoniyada, Heydər Əliyev Mərkəzində keçirilən tədbirlərdə olmuşam. Azərbaycan milli himni dünyadakı ən möhtəşəm himnlərdən biridir və mən ondan zövq alıram. Bakıda qısa müddət olduğuma görə hələ ki, regionlara səfər edə bilməmişəm. Bakı çox gözəl və fantastik şəhərdir. Bulvar isə xüsusilə heyrətamizdir. Bakı çox dəyişib, gözəlləşib, amma mənim 20 il bundan əvvəl gördüyüm o qonaqpərvərlik və xeyirxahlıq dəyişməyib. Qeyd etdiyim kimi, oxşarlıqlarımız çoxdur. Biz eyni mədəniyyəti, dini bölüşürük. Beləliklə, bizi birləşdirən bir çox amillər var. Oxşar adlarımız, hətta dillərimizdə də oxşar sözlər çoxdurbu da mənə motivasiya verir ki, Azərbaycan dilini öyrənim. Biz əməkdaşlıq üçün əlimizdən gələni edirik. Azərbaycan ali məktəblərində tədbirlərdə iştirak edirik. Mədəniyyət və Turizm Nazirliyi ilə daha yaxından əməkdaşlıq etmək niyyətindəyik.

 

- Əfqanıstan qədim tarixə malik ölkə olsa da, bəlli duruma görə yəqin ki, turizmi o qədər də inkişaf etdirə bilmirsiniz? Ölkənizin bu sahədə imkanları necədir?

- Əfqanıstan turizmində təhlükəsizlik problemi mövcuddurbu bizim imkanlarımızı əngəlləyir. Belə olan halda əfqanlar başqa ölkələrə səyahət edirlər. Hər gün Kabil-Dubay reysi ilə xeyli uçuşlar olur. Oradan da əfqanlar başqa ölkələrə səyahət edir. Kabildən İstanbula, Dehliyə də uçuşlar var. Azərbaycana çoxlu əfqan turistləri səyahət edir. Əlbəttə, ölkə hökuməti terrorizmə qarşı mübarizə aparır. Biz əlimizdən gələni edirik ki, turistlərin təhlükəsizliyi təmin olunsun. Bizdə daha çox mədəni turizm inkişaf edib. Əvvəllər ölkəyə xeyli turist səyahət edib. Məsələn, bizim Bamyan şəhəri UNESCO-nun irs siyahısına daxildir. Bu, vaxtilə Böyük İpək Yolu üzərində böyük şəhər olub. Əvvəllər orada iki nəhəng Budda heykəli vardı, lakin Taliban rejimi tərəfindən 2001-ci ildə dağıdılıb. Hətta Taliban Kabili işğal etdiyi vaxtda da həmin şəhərdə turist olub. Bamyanı görmək üçün ən yaxşı vaxt isə aprelsentyabr aylarıdır. Məzari-Şərif, Cəlilabad, Herat kimi qədim, maraqlı, gözəl şəhərlərimiz var ki, xarici turistlərin diqqətini cəlb edir. Qeyd etdiyim kimi, təhlükəsizlik məsələlərinə görə, ola bilsin ki, turistlər bəzi şəhərlərimizə səfər etməkdən ehtiyat edirlər.

 

- Milli mətbəxlərimiz arasında oxşarlıq varmı?

- Adətən mənim azərbaycanlı dostlarım burada rahat olub-olmadığımı soruşurlar. Vicdanla deyə bilərəm ki, burada özümü öz evimdəki kimi hiss edirəm. Mətbəxlərimiz arasında böyük fərq yoxdur. Müxtəlif yeməklərinizi dadmışam, xoşuma gəlib. Qutab, dolma bizdə də var. Bizdə də müxtəlif növ plovlar hazırlanır. Ümumiyyətlə, əfqan mətbəxi zəngindir. Mən bunu dostlarıma da deyirəm. Təəssüf ki, Bakıda əfqan restoranı yoxdur.

 

Mehparə

Mədəniyyət.-2015.- 22 iyul.- S.7.