Azərbaycanın təsviri sənət ustaları Gürcüstanda mükafatlandırılıblar

 

Xalq rəssamları Ömər Eldarov, Səlhab Məmmədov və Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev

 Tbilisi Dövlət İncəsənət Akademiyasının fəxri doktoru adına layiq görülüblər

 

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov və akademiyanın prorektoru Səlhab Məmmədov iyulun 16-da Tbilisi Dövlət İncəsənət Akademiyasında (TDİA) olublar.

Qonaqlar əvvəlcə akademiyanın foyesində Azərbaycanın və Gürcüstanın tanınmış rəssamlarının, eləcə də TDİA-nın məzunu olmuş rəssamların əsərlərindən ibarət sərgiyə baxıblar.

Sonra Tbilisi Dövlət İncəsənət Akademiyasının rektoru Giya Quqaşvili çıxış edərək ölkələrimiz arasında mədəni əlaqələrin inkişafından danışıb, incəsənət xadimlərinin dostluq münasibətlərimizin möhkəmlənməsinə verdikləri töhfələri qeyd edib. Bildirib ki, gənc nəsil bu dostluqdan nümunə götürür.

May ayında Bakıda keçirilən III Qlobal Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etdiyini xatırlayan rektor deyib ki, artıq Bakı öz müasirliyi, mədəni-elmi tərəqqisi ilə dünyada məşhurdur.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Gürcüstan Milli İncəsənət Muzeyinin direktoru David Lordkipanidze, Gürcüstanın sabiq mədəniyyət naziri Valeri Asatiani çıxış edərək Azərbaycan-Gürcüstan dostluq əlaqələrindən danışıblar.

Giya Quqaşvili bildirib ki, Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin Tbilisi Dövlət İncəsənət Akademiyasının qərarı ilə Azərbaycanın mədəniyyət və incəsənət xadimləri - Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev, Xalq rəssamı, akademik Ömər EldarovXalq rəssamı Səlhab Məmmədov Tbilisi Dövlət İncəsənət Akademiyasının fəxri doktoru adına layiq görülüblər. Diplomlar sahiblərinə təqdim olunub.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycan rəssamlarına göstərilən diqqətə görə təşəkkürünü bildirib.

Tədbirdə rəssam Keti Matabeli XII əsr görkəmli gürcü şairi Şota Rustavelinin ivrit dilində nəşr olunan kitabını Sevda Məmmədəliyevaya hədiyyə edib.

TDİA-nın məzunu Səlhab Məmmədov akademiya ilə bağlı xatirələrini bölüşüb, belə yüksək mükafata layiq görüldüklərinə görə minnətdarlıq edib.

Sonra o, “Çiçəklənən əllər” adlı memarlıq əsərini akademiyaya təqdim edib.

Sevda Məmmədəliyeva jurnalistlərə açıqlamasında deyib: “Azərbaycanın incəsənət xadimlərinə fəxri doktor adının verilməsi ölkələrimiz arasındakı dostluğun nümunəsidir. Burada, həmçinin vaxtilə TDİA-nı bitirən və indi məşhur incəsənət xadimi kimi tanınan Azərbaycan və gürcü rəssamlarının sərgisində iştirak etdik. Bu, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi, Azərbaycan və gürcü xalqları tərəfindən dəstəklənən dostluq ənənələrinin davamıdır. Biz bu dostluğu daha da inkişaf etdirməli və möhkəmləndirməliyik. Bu məqsədimizə də çatacağıq”.

Tədbirdə Gürcüstanın mədəniyyət və tarixi abidələr naziri Mixeil Georqadze, Azərbaycanın bu ölkədəki səfirliyinin mədəniyyət və humanitar məsələlər üzrə müşaviri Samirə Ağayeva, incəsənət xadimləri və jurnalistlər iştirak ediblər.

 

Mədəniyyət.-2015.- 22 iyul.- S.8.