Şəkidə şirin festival başa çatıb
Festivalda 11 ölkədən, eləcə də Azərbaycanın 21 şəhər
və rayonundan şirniyyatçılar iştirak
ediblər
İyulun 20-də Şəki şəhərindəki
Olimpiya İdman Kompleksində ikinci beynəlxalq şirniyyat festivalı keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin, Şəki Şəhər
İcra Hakimiyyətinin
və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə
təşkilatçılığı ilə keçirilən festivalda 11 ölkədən
- Türkiyə, Qazaxıstan,
Qırğızıstan, Şimali
Kipr Türk Cümhuriyyəti, Rumıniya,
İndoneziya, Koreya, Fransa, Rusiya, Moldova və Serbiyadan, həmçinin respublikamızın
21 şəhər və
rayonundan şirniyyatçılar
iştirak edib. Kompleksin həyətində düzənlənən
sərgilərdə qənnadıçıların
əvvəlcədən hazırladıqları
müxtəlif çeşiddə
şirniyyat nümunələri
nümayiş etdirilib.
Açılış mərasimində Şəki
Şəhər İcra
Hakimiyyətinin başçısı
Elxan Usubov çıxış edərək
beynəlxalq şirniyyat
festivalının Azərbaycanın
qədim və gözəl şəhərlərindən
olan Şəkidə keçirilməsinin heç
də təsadüfi olmadığını vurğulayıb. Bildirilib ki,
böyük inkişaf
yolu keçən Şəki xalqımızın
mətbəx mədəniyyətinin
formalaşmasına həlledici
təsir göstərib.
Şəkinin məşhur şirniyyatçılarının
əldə etdiyi zəngin təcrübə,
vərdiş, bilik və bacarıqlar bu günümüzə qədər gəlib çatıb. Azərbaycanın ənənəvi şirniyyat
sənətinin mərkəzləri
arasında Şəki
xüsusi yer tutur. Şəki şirniyyatı özünün
əla, ləziz dadı və geniş çeşidi ilə fərqlənir.
Şəkinin şirniyyat ustalarının
hazırladıqları məhsullar
xarici bazarlara da geniş yol
açıb, bu şəhərin mətbəx
mədəniyyətinin tanıdılmasında
mühüm rol oynayıb. Bu gün Şəki özünün paxlavası,
halvası, noğulu və digər dadlı şirniyyatları
ilə tanınır.
Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov bildirib ki, belə
festivalların keçirilməsində
əsas məqsəd xalqımızın qeyri-maddi
mədəni irsinin qorunub saxlanılmasına
nail olmaqdır. Vurğulanıb ki, bu
festival təkcə Şəkinin
deyil, ölkəmizin zəngin mətbəx mədəniyyətinin daha
yaxından tanıdılmasında
əhəmiyyətli rol
oynayacaq.
Mərasimdə Fransanın Azərbaycandakı
səfiri Paskal Mönye, iştirakçı
ölkələrin təmsilçiləri
çıxış edərək
belə festivalların
xalqlar arasında dostluğu, sülhü təbliğ etdiyini xüsusi vurğulayıblar.
Sonra tədbir iştirakçıları
festivala qatılan qənnadıçıların şirniyyat məhsulları
ilə tanış
olublar. İştirakçı ölkələrin milli mətbəxlərinə
aid nümunələr, həmçinin
Azərbaycan qənnadıçılarının
hazırladıqları paxlava,
fəsəli, qatlama, noğul və müxtəlif halvalar tədbir iştirakçıları
tərəfindən böyük
maraqla qarşılanıb.
Şəki qənnadıçıları festivalda Şəki halvası, paxlava, qoz və fındıq
mindalı, barama şirni, noğul, bamiyə, qırmabadam və geniş çeşiddə digər
milli şirniyyat nümunələrini təqdim
ediblər.
Korkunov adına “Moskva
şokolad məktəbi”nin
rəhbəri Yelena Suçkovanın
sədrlik etdiyi 23 nəfərdən ibarət
münsiflər heyətinin
rəyinə əsasən,
respublikamızın təmsilçiləri
arasında Gəncə
şəhərinin şirniyyatçıları
birinci yeri tutublar. Şəki və Zaqatala
qənnadıçıları ikinci, Ağdaş, Göyçay, Oğuz rayonları və Naftalan şəhərinin
təmsilçiləri isə
üçüncü yerə
layiq görülüblər.
Xarici ölkələr
arasında Rumıniya,
Qazaxıstan və Fransa təmsilçiləri
birinci yeri tutaraq festivalın qızıl medallarına və Azərbaycan Milli Kulinariya Mərkəzinin kubokuna
sahib çıxıblar. İkinci yeri
Serbiya və Rusiya təmsilçiləri,
üçüncü yeri
isə Moldova, Qırğızıstan
və Şimali Kipr Türk Cümhuriyyətinin qənnadıçıları
tutublar.
Şirniyyat sexləri arasında isə Şəkinin “Ələhməd şirniyyat
evi” birinci yerə layiq görülüb.
Bundan əlavə,
Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən Şəki
şəhəri Azərbaycanın
ənənəvi şirniyyat
paytaxtı elan edilib və bununla bağlı diplom şəhər rəhbərliyinə təqdim
olunub.
Mərkəzin direktoru Tahir Əmiraslanov vurğulayıb
ki, Şəki gələcəkdə dünyanın
şirniyyat mərkəzlərindən
birinə çevriləcək:
“Festivalın münsiflər
heyətində xarici ölkələrdən məşhur
insanların təmsil
olunması onu göstərir ki, Şəki gələcəkdə
nəinki Azərbaycanın,
eləcə də dünyanın şirniyyat
mərkəzinə çevriləcək.
Yaxın
illərdə Şəkidə
tapılan və 3700 il yaşı
olan samovara abidə qoyulması planlaşdırılır. Bundan əlavə,
Şəkidə milli
şirniyyat muzeyinin yaradılması ilə bağlı layihə də hazırlanır.
Əminəm ki, 3-4 ildən
sonra Şəki rəsmi olaraq dünyanın şirniyyat
paytaxtı adını
əldə edəcək”.
Festivalda Şəkinin musiqi kollektivləri rəngarəng
konsert proqramı ilə çıxış
ediblər.
Beləliklə, qədim Şəkidə daha bir beynəlxalq
festival uğurla başa
çatıb.
Mədəniyyət.-2015.- 22 iyul.- S.9.