“Ailədə Azərbaycan türkcəsində danışırıq”

 

“Türkiyə və Azərbaycan türkcələri arasında fərqləri qaldırmaq üçün ilk olaraq terminologiyadan başlamalıyıq”

 

Seyfəddin Altaylının imzası Azərbaycan oxucusuna, dinləyicisinə, elmi ictimaiyyətinə yaxşı tanışdır. Xalqımızın mədəniyyətinin, dilinin, tarixinin özümüzə və dünyaya tanıdılmasında böyük xidmətləri var. O, 30 ilə yaxın TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan şöbəsinə rəhbərlik edib. Hazırda pensiyadadır və Ankarada yaşayır.

Azərbaycan onun vətənidir, ona görə tez-tez gəlib-getdiyi yerdir. Ölkəmizə budəfəki gəlişində Seyfəddin bəydən qısa müsahibə aldıq.

Həmsöhbətimizdən əvvəlcə özü haqqında oxuculara bir qədər ətraflı məlumat verməsini xahiş etdik.

 

-1950-ci ildə Türkiyənin İqdır bölgəsinin Dizə kəndində doğulmuşam. Köküm Qərbi Azərbaycandandır. İbtidai sinfi kəndimizdə, ortalisey təhsilimi isə İqdırda almışam. Sonra Ağrıda ibtidai sinif müəllimliyini oxumuşam. Aralıq qəsəbəsi və İqdırda 6 il müəllimlik etmişəm.

1980-ci ildə İstanbul Universitetinin ədəbiyyat fakültəsinin əski ön Asiya dilləri və mədəniyyətləri bölümünü bitirmişəm. Həmin il ölkədə hərbi çevriliş oldu, məni də millətçi kimi axtarışa verdilər. Ona görə beş il dağlarda gizləndim. 1984-cü ildə dövlət əfv elan elədi, bundan sonra üzə çıxdım. 1985-ci ildə TRT-nin “Türkiyənin səsi” radiosunun Azərbaycan şöbəsində imtahandan keçərək işə başladım. Azərbaycan şöbəsi 1981-ci ildə yaradılsa da, verilişlər istənilən səviyyədə deyildi. Ora Güney Azərbaycandan olan bir soydaşımız rəhbərlik edirdi və verilişlər daha çox fars ləhcəsiylə efirə gedirdi. İşə başlayandan 7 ay sonra məni şöbəyə rəhbər təyin etdilər, düz bir il öncəyə kimi orada rəhbər olaraq çalışdım. Bu müddətdə Azərbaycan mədəniyyətinin, tarixinin, varlığının dünyada tanıdılması yolunda çalışdım.

- Deyəsən, indi “Türkiyənin səsi” radiosunun Azərbaycan şöbəsinin verilişləri azalıb.

- Əvvəllər gündə 4 saat efirdə olurduq. Sonradan 3 saata endirdilər. İndi bir saatdır. Hər gün Azərbaycanın İctimai Radiosu ilə ortaqlıQorqud Ata” verilişi yayımlanır.

- Sizin ən böyük xidmətlərinizdən biri lüğətçilik sahəsində fəaliyyətinizdir...

- 30 ildir bu işlə məşğulam. Azərbaycan türkcəsi deyimlər sözlüyü”m həm orada, həm burada maraqla qarşılandı. Kitabda 23700 deyim yer alıb. Bu yaxınlarda daha böyük bir işi bitirdim. Bu, 87 mindən çox sözü əhatə edənQarşılaşdırmalı ensiklopedik Azərbaycan türkcəsi sözlüyü”dür. Kitabı Türk Dil Qurumu çap edəcək. Bu kitabda Azərbaycan türkcəsi ilə Türkiyə türkcəsindəki sözlər qarşılaşdırılır. Sözlükdə yazılışı, oxunuşu, anlamı hər iki türkcədə eyni olan 20 min söz var. Onun da 95 faizi alınmadır. Vur-tut 5 faiz söz türkcəyə aiddir. Sözlükdəki 87 min sözün 67 mini isə anlaşılmayan sözlərdir. Yəni türkcənin birində işlənən söz o birisində başa düşülmür.

- Demək, durum ürəkaçan deyil. İki türkcə arasında bu özgələşməni necə aradan qaldırmaq olar?

- Türkiyə Azərbaycan türkcələri XVI əsrə qədər bir dil olub. Ondan sonra haçalanma, fərqlər yaranmağa başlayıb, bu gün davam edir. Bunu aradan qaldırmaq üçün ilk olaraq terminologiyadan başlamalıyıq. Hər iki türkcədə eyni olan sözlərin sayını artırmaq gərəkdir. Tutalım, Azərbaycanda telefon dəstəyinədəstək”, “trubka”, Türkiyədəahizədeyirlər. Bu sözlərin heç biri türkcə deyil. Biz gündəlik yaşamımızda istifadə etdiyimiz əşyalara eyni ad qoysaq, bu, ən böyük yaxınlaşma olar. İsraildə ölkəyə qıraqdan gətirilən yad bir əşyaya mütəxəssislər elə gömrükdəcə ibranicə ad qoyurlar. Bununla da əşya öz milli adı ilə ölkəyə buraxılır.

- Siz Azərbaycan türkcəsində təmiz danışırsınız. Evdə belədir?

- İqdırda azərbaycanlılar yaşayır. Biz ailədə Azərbaycan türkcəsində danışırıq. Övladlarım da dilimizi gözəl bilirlər. Azərbaycandan olan bir çox tanınmışların əsərlərini Türkiyə türkcəsinə uyğunlaşdırıblar.

 

S.Soltanlı

Mədəniyyət.-2015.- 22 iyul.- S.10.