Qəbələdə növbəti musiqi bayramı başlanır
Yeddinci dəfə keçirilən festival müxtəlif ölkələrdən
tanınmış kollektivləri və ifaçıları bir araya gətirir
İyulun 25-də Qəbələ şəhərində növbəti musiqi bayramı - VII Beynəlxalq Musiqi Festivalına start veriləcək. Festival, ənənəsinə sadiq qalaraq, bu il də müxtəlif ölkələrdən tanınmış kollektivləri, solistləri, dirijorları bir araya gətirəcək.
Əsrlər öncə, yeni eranın əvvəlində qədim Azərbaycan dövlətinin - Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələnin tarix xəritəsində məxsusi yeri olub. Əsrlər boyu burada müxtəlif dillərdə danışan, müxtəlif dinlərə, fərqli ənənələrə və mədəniyyətə malik olan insanlar yaşayıb. Hər bir dövr, hər bir mədəniyyət burada öz izini qoyub. Bu gün isə yeni Qəbələnin dünya musiqi xəritəsində öz yeri var.
2009-cu ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizin bu gözəl guşəsində musiqi festivalının təməli qoyulub. Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq ənənəvi musiqi bayramına çevrilməklə yanaşı, mədəniyyətlərarası dialoqa böyük töhfə verən əhəmiyyətli bir tədbir kimi tanınmaqdadır.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən budəfəki festivalın da zəngin proqramı və iştirakçı heyəti var. Festivalda İtaliya Simfonik Orkestri, “Moskva virtuozları” kamera orkestri (Rusiya), Avstriya Vayner Akademiyasının kamera ansamblı, “Flamenko” ansamblı (İspaniya), “Dubrovnik Guitar Trio” (Xorvatiya), habelə Ukrayna, İsrail və Almaniyadan musiqiçilər iştirak edəcək. Mədəniyyət və Turizm Nazirliyi festivala təşkilati dəstək verir.
Festivalın konsertləri ənənəvi olaraq Qəbələdəki “Qafqaz Resorte” hotelinin kamera musiqisi zalında və açıq havada qurulmuş səhnədə keçiriləcək.
İyulun 25-də əvvəlcə kamera zalında “Vayner Akademiya” kamera orkestri çıxış edəcək. Qəbələ VII Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı mərasimində isə açıq havada qurulan səhnəyə İtaliya Simfonik Orkestri çıxacaq.
Ayın 26-nın proqramında kamera zalında iki konsert nəzərdə tutulub. Əvvəlcə nəfəs alətləri kvinteti çıxış edəcək, sonra isə vokal və fortepiano musiqisi konserti olacaq. Axşam isə açıq səhnədə İtaliya Simfonik Orkestrinin daha bir konserti təqdim olunacaq.
İyulun 27-də də sənətsevərlər iki kamera musiqisi konsertini dinləyə biləcəklər. Açıq səhnədə isə İspaniyanın “Flamenko” ansamblı çıxış edəcək.
Qəbələ VII Beynəlxalq Musiqi Festivalı iyulun 31-dək
davam edəcək.
Mədəniyyət.-2015.- 24 iyul.-
S.2.