Milli İncəsənət Muzeyinin əməkdaşları ABŞ-da səfərdədirlər
Azərbaycan Milli İncəsənət Muzeyinin iqtisadi məsələlər üzrə direktor müavini Marina Aslanova, beynəlxalq əlaqələr və innovasiyalar şöbəsinin müdiri Əminə Məlikova, sərgi və tərtibat şöbəsinin müdiri Araz Osmanov və elmi katib Xədicə İbrahimova ABŞ Dövlət Departamentinin təşkilatçılığı ilə Vaşinqton, Nyu-York və Ohayoda işgüzar səfərdədirlər.
Səfər çərçivəsində ABŞ-ın bir neçə aparıcı muzeylərinin mütəxəssisləri ilə görüşlər keçirilib. Nümayəndə heyətinin üzvləri “Azərbaycan muzeylərinin inkişaf tarixi” mövzusunda çıxış edərək, yerli mütəxəssisləri ölkəmizin aparıcı muzeyləri, muzeylərin sərgi imkanları, keçirilən maraqlı sərgilər barədə məlumatlandırıblar. Çıxışlar zamanı mövzuya dair fotoşəkillər və videoçarx nümayiş etdirilib.
Həmçinin, görüşdə gələcəkdə mədəni əlaqələrin genişləndirilməsi baxımdan qarşılıqlı, mühüm əhəmiyyət kəsb edəcək layihələrin həyata keçirilməsi müzakirə edilib.
Səfər iyulun 29-dək davam edəcək.
Lalə Azəri
Mədəniyyət.-2015.- 24 iyul.-
S.5.