Şırma arxasından görünənlər
Əməkdar artist Rəhman Rəhmanov: “Balacaların kompüter oyunlarına, vizual
elementlərlə zəngin cizgi
filmlərinə aludə olduğu bir zamanda onları oyununa
inandırmaq çətindir”
Rəhman Tofiq oğlu Rəhmanov 1957-ci ildə Bakıda anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun
mədəni-maarif fakültəsini
bitirib. Televiziyanın
yumoristik verilişlərindən
tamaşaçılara yaxşı
tanış olan aktyor 1974-cü ildən bu günə
qədər öz həyatını A.Şaiq
adına Azərbaycan Dövlət Kukla Teatrına bağlayıb.
2006-cı ildə mono-tamaşalar festivalında Əyyub Abbasovun «Şəngülüm, Şüngülüm»
tamaşası ilə
«Qızıl Dərviş»
mükafatına layiq görülüb, aparıcı
səhnə ustasıdır.
Azərbaycan teatrının
inkişafındakı xidmətlərinə
görə 7 mart 2014-cü ildə respublikanın Əməkdar artisti fəxri adına,
30 aprel 2014-cü ildə
Prezident mükafatına
layiq görülüb.
Onun aktyor taleyi başqalarından elə də fərqli deyil. Sənət sevgisi,
səhnə arzuları
və tükənməz
yaradıcılıq eşqi
onu da böyük
anlamda “xəstələndirib”.
Məsələn, iri
cüssəli, zabitəli
olan bu adamı
hər dəfə bir obrazın - Divin, Təpəgözün,
Ayının, Canavarın,
nə bilim daha nə kimi
sevə-sevə ifa etdiyi kukla tamaşalarındakı
qəhrəmanlarının simasında, yəni şırmasının arxasında
görəndə düşünürsən
ki, insan da sənətini bu qədər sevə bilərmiş?!
O, ömrünün böyük
bir hissəsini, həm də bütün çətinlikləri
ilə kuklaya, kuklaçılığa həsr
edən aktyordur. Peşəsi,
obrazları, tamaşaçıları,
küll halında sənət taleyi ilə razı, ömrünə biçilmiş
yaşam nüansları
ilə olduqca məmnun adamdır. Zaman-zaman onu sınayan səhhətinə, maddi və mənəvi sıxıntılarına, psixoloji
sarsıntılarına rəğmən
sənət və həyat mübarizəsində
mətindir, optimistdir.
Olub bitən hər şeyi səhnədən
kənarda qoyub şırmasının arxasından
gülümsəməyi ilə
güldürməyi bacaran
aktyordur.
Əməkdar artist, Prezident mükafatçısı,
A.Şaiq adına
Azərbaycan Dövlət
Kukla Teatrının aparıcı aktyoru Rəhman Rəhmanovla yeni tamaşasının məşqi öncəsi qrim otağında söhbətləşdik.
Yeni rolundan,
sənətdən, həyatdan,
kuklaçılıqdan, sözün
yaxşı mənasında,
aktyorun özünü
aldatmasından, səhnənin
bütün çətinliklərə
rəğmən oyunçu
üçün həyat
iksiri olmasından danışdıq. Uşaqlar üçün oynamağın
gözəlliyindən, balacaların
dünyasının zənginliyindən
söz açdı:
“Kuklaçılıq çətindir.
Çünki sən cansız,
bəlkə də ifadəsiz nədənsə
danışırsan, onu
hərəkətə gətirib
qarşındakılara “canlı”lığını
isbatlamağa çalışırsan.
Yaxın
dostum, mərhum sənətkarımız Yaşar
Nuri mənə həmişə “Rəhman,
sən ikiqat aktyorsan. Həm özün canlı səhnələrdə aktyor
kimi yaxşı aktyorsan, həm də cansızları canlandıran canlı kimi əjdahasan”, - deyər və gülərdi. Əslində balacaların kompüter
oyunlarına aludə olduğu, vizual elementlərlə zəngin
cizgi filmlərinə baxdığı, bu kimi texnikaları mənimsədiyi hazırkı
zamanda tamaşaçını
oyununa inandırmaq çətindir”.
15 yaşından
səhnədə
Sənət yoluna Akademik Milli Dram Teatrında başlayan aktyorun Dövlət Kukla Teatrındakı uzunmüddətli
yaradıcılığının da maraqlı tarixçəsi var:
“1973-cü ildə Akademik
Dram Teatrının yardımçı
heyətinə qəbul
olunmuşam. Böyük sənətkar Lütfi
Məmmədbəyovun bədii
rəhbəri olduğu
xalq teatrı ilə səhnəni tanıdım və teatr sevgim başladı.
O məni 15 yaşımda
akademik teatra gətirərək “Səndən
yaxşı aktyor olacaq” dedi. Beləcə, mən yardımçı
heyətdə işə
başladım. Yadımdadır,
hər tamaşaya görə gündə 1 manat 30 qəpik maaş alırdım
və bu qazanc məni xoşbəxt edirdi. Amma bundan da üstün
səbəb mənim dahi aktyorlarla bir səhnəyə çıxmağım idi.
Düzdür, bizim aktyorların
arasında geniş yayılan ifadə ilə desəm, “nizətutan” olsam da, digər gənclər kimi elə böyük sənətkarlarla bir səhnədə yerimək
belə mənim üçün möcüzə
idi. Bəzi tamaşalarda bir
neçə cümləlik
sözüm də olub. Dahilərlə bir neçə
cümləlik dialoqumu
özüm üçün,
Allah bilir, nə boyda səadət sanırdım”.
1974-cü ildə müəllimin
komik aktyor kimi gördüyü R.Rəhmanov ondan xəbərsiz üz tutur dostlarının çalışdığı Dövlət Kukla Teatrına. Elə həmin tarixdən
də taleyini bu sənət ocağı ilə bağlayır. Həm də
tərəddüd, təəssüf
və təkəbbürsüz.
Keçmişi xatırladıqca
dünyasını dəyişmiş
böyük sənətkarımız,
yaxın dostu Yaşar Nuridən kukla teatrına keçidi ilə bağlı bir dost yanğısını da bizimlə bölüşür:
“Yaşar mənə tədbirlərin birində
“Ay Rəhman, sənin
boyuvu yerə soxum” dedi. Bərk
diksinib narazılıqla
“Niyə e, ay Yaşar?”
dedim. Dostum
qayğıkeşliklə “Bizimlə qalsaydın indi sənin hər şeyin, yaradıcılıq uğurun,
ad-sanın var idi” dedi. Düzü, o, haqlı idi. Çünki müəllimlərim məndən komik-dramatik aktyor kimi əminliklə
danışırdılar. Amma, nə olsun ki,
əsas odur mən istədiyim işin arxasınca getdim, kukla sənətinin
gözəlliklərində özümü daha yaxşı, xoşbəxt
və lazımlı
hiss etdim. Müvəqqəti gəlsəm də, burada qaldım və fəhlə ştatında işə başladım. Düz 42 ildir
ki, bu teatrdayam”.
Başqa-başqa teatrlara dəvət
alan aktyor
kukladan ayrılmamağının
səbəbini də açıqladı: “Dəfələrlə
böyük sənətkarlar
məni qonşu teatrlara dəvət ediblər. Bunu aktyor ədası
ilə yox, elə-belə, dahi sənətkarların mənə
etimadı kimi deyirəm. Məsələn, iki dəfə
akademik teatrdan dəvət almışam.
Eləcə də musiqili və gənc tamaşaçılar
teatrlarından dəvət
alsam da, iş yerimi,
ocağımı dəyişə
bilməmişəm”.
Rəhman müəllim deyir kuklaçı olmaq daha çətindir. Sevgi, istedadla
yanaşı, gərək
kuklanın texnikasını
da mənimsəyəsən.
Bunu bacardınsa, səndə alınacaq, yoxsa özünü aldatma və vaxt ikən yolunu müəyyən et.
“Uşağın
fikri bir anlıq səndən yayınsa, artıq tamaşa onun üçün bitir”
Müsahibim uşaqlarla işləməyin,
onlara xitabın mürəkkəbliklərindən, arzuladığı rolları
oynamasından, daim rejissorların ona rol azadlığı verməsindən də məmnunluqla danışdı:
“45-50 dəqiqəlik tamaşaya
baxan uşağın
fikri bir anlıq səndən yayınsa, artıq tamaşa onun üçün bitir, daha tamaşaçı olmur. Odur ki, gərək
uşağın diqqətini
sonadək özündə
saxlayasan. Bizim aktyorlar
da bunu yaxşı
bilir və bilənin də oyunu alınır. Burada rejissura da vacib
amildir. Sağ olsunlar, onlar mənə hər zaman istədiyim, sevdiyim, manevr edə bildiyim rolları verirlər. Bilirsiniz, aktyor rolunu ifa
edərkən özünü
o uşağın yerində
qoymalı və onun, xəyali də olsa, səhnədə
oyununa şərait yaratmalıdır. Belə olmasa,
uşağın tamaşaçı
marağı da olmaz”.
Rəhman Rəhmanov koloritli, duzlu-məzəli aktyordur. Obrazın xarakterini
tam açmaq üçün
söz-hərəkət-musiqi vasitələrini vahid kompozisiyada birləşdirməyi
məharətlə bacarır.
Ona görə də obrazlar qalereyası kifayət qədər zəngindir.
Arzuladığı bütün rolları oynadığını
desə də, aktyorun sənət istəkləri hələ
də tükənməzdir:
“Əslində aktyor üçün sənət
arzuları oynadığı
rollarla müəyyənləşir.
Mənim
də rol arzularım hələ davam edir. Yəqin zamanla onları da ifa edib,
balaca tamaşaçılarımızın
rəngli dünyasına
öz izimi sala bilərəm”.
Söhbətin bu məqamında
dəhlizdən illərdir
bir səhnəni bölüşdüyü aktyor
yoldaşının səsi
eşidilir: “Rəhman,
tələs, məşq
başladı”. Qəribə bir cəldlik və həvəslə ayağa qalxan müsahibim “Premyerada görüşənədək” deyib səhnəyə tərəf addımladı.
Həmidə Nizamiqızı