“Memar rəsm çəkməyi
bacarmırsa, onun memarlığı bütöv olmayacaq”
“Vaxtilə
arşınmalçı kimi
Şuşanın bütün
küçələrini, həyətlərini bir-bir gəzib rəsmlər çəkmişəm”
Elturan Avalov milli təəssübkeşliyi ilə seçilən rəssamlarımızdandır. “Şuşa memarlığı”, “Elturan”, “Memarın gözü ilə” kitablarının müəllifidir. Ölkəmizdə və xaricdə fərdi sərgiləri keçirilib. Əməkdar incəsənət xadimi, tanınmış rəssam və memarla 75 yaşı ərəfəsində görüşdük.
- Çox diqqətçəkən,
türklüyə bağlı adınız var
- Elturan. Bu adı sizə
kim verib?
- Adımı əmim qoyub. İkinci Dünya savaşında
olanda mənim doğulduğumu bilib və xahiş edib ki, adımı
Elturan qoysunlar. Onun sözünü yerə salmayıblar. Əmim müharibədən
geri dönməyib.
Biz kökəncə ahıskalıyıq. Atamgil
Ahıska türklərinin
1944-cü il sürgünündən öncə
Bakıya gəliblər,
mən də burada doğulmuşam. Atam ixtisasca inşaat mühəndisi idi, indiki Azərbaycan Texniki Universitetinin dosenti olub.
Xalq yazıçısı
Anar da “Sizsiz” əsərində adım haqqımda yazıb. Sovet dönəmiydi, “Qobustan” jurnalına Şuşayla bağlı
yazı vermişdim, şəhərin memarlıq
abidəsi kimi qorunması üçün
təkliflər irəli
sürmüşdüm. Təkliflərimdən biri bu idi ki, Şuşada
şəhərin əsasını
qoyan Pənahəli xanın at üstündə
heykəli qoyulsun.
Yerini göstərmiş, eskizini
də cızmışdım.
Buna görə Anarı baş redaktor kimi Mərkəzi
Komitəyə çağırmışdılar
ki, məqaləni niyə vermisən, xana da heykəl
qoyarlar? Sonra deyiblər
ki, müəllifin adı niyə Elturandır? Elə biliblər
ki, bu, mənim
həqiqi adım deyil, təxəllüsümdür.
- Sizi daha çox
rəssam kimi tanıyırıq, ixtisasca
isə memarsınız.
- O vaxtkı Politexnik İnstitutunun inşaat fakültəsinin memarlıq
şöbəsini bitirmişəm.
Bir müddət Sənaye Layihə İnstitutunda çalışmışam. 1967-ci ildə AMEA-nın Memarlıq və İncəsənət
İnstitutunun aspiranturasına
daxil olmuşam. Elmi işim Şuşa şəhərinin
memarlığı ilə
bağlı idi. 1973-cü ildə müdafiə etdim. Elmi rəhbərim akademik Əbdülvahab Salamzadə
idi. Sonra Şuşaya aid kitabım
çıxdı. Şuşada, demək olar, hər yeri çəkdim.
- Şuşada başlıca
olaraq nəyi öyrənirdiniz?
- Şuşa səfərim
əsasən 1968-1970-ci illəri
əhatə edir. Sonrakı illərdə də çox getmişəm.
Elmi işim çərçivəsində
şəhərlə bağlı
hər şeyi öyrənməyə çalışırdım.
Başlıca işim şəhərin
memarlığını öyrənmək
idi. Şuşanın memarlıq abidəsi
kimi qorunması da məni düşündürürdü.
Yeni tikintilər şəhərin
memarlığını poza
bilərdi. Sonra müharibə
başladı, arzularımız
yarımçıq qaldı.
- Şuşanın ayrıca
memarlığı vardımı?
- Şuşanın özünəməxsus
memarlığı var. İstəyimiz
onu bərpa etmək və qorumaq idi. Arşınmalçı kimi şəhərin bütün küçələrini,
həyətlərini bir-bir
gəzmişəm, çəkmişəm.
Heydər Əliyev Fondu
Şuşayla bağlı
çəkdiyim qrafik
əsərləri bir
neçə dildə
kitab və açıqçalar biçimində
nəşr edib.
O vaxt Şuşayla bağlı qrafik əsərlərim qəzetlərdə
çox çap olunurdu. 1982-ci ildə
Molla Pənah Vaqifin məqbərəsinin
açılışı zamanı Həsən Həsənov məni respublikanın o vaxtkı birinci katibi Heydər Əliyevə təqdim etdi. Heydər Əliyev gözləmədiyim halda
dedi: “Afərin, yaxşı çəkirsən”.
- Azərbaycanın ən tanınmış qrafika ustalarından birisiniz. Rəssamlığı necə öyrənmisiniz?
- Qrafikanı çox sevirəm, özümü
bunda tapıram. Uşaqlıqdan rəsm çəkirəm.
Evimizdə “Molla Nəsrəddin”
jurnalının müxtəlif
sayları vardı, uşaqlıqda rəssamlığı
daha çox ondan öyrənirdim.
Qrafika və karikaturaya sevgim oradan yaranıb.
Rəssamlığı müstəqil öyrənmişəm,
indi də öyrənirəm.
- Soyunuzda rəssam olubmu?
- Görünür, rəssamlıq,
memarlıq bizdə irsidir. Məşhur teatr rəssamı
Rüstəm Mustafayev
atamın xalası oğlu idi. Cavan ikən dənizdə boğulub. Atamın
o biri xalası oğlu məşhur memar, elmlər doktoru, professor Davud Axundov idi.
- Yaradıcılığınızda silsilə əsərlər
ayrıca yer tutur...
- Bura portretlər, xalq mahnılarına, Üzeyir Hacıbəylinin
yaradıcılığına həsr etdiyim əsərlər və s.
daxildir. Üzeyir bəyin yaradıcılığına
aid onlarla əsər çəkmişəm.
Xalq mahnıları
ilə bağlı çəkdiyim işlər
mərhum Rəşid
Behbudovun da çox xoşuna gəlmişdi. “Qobustan”
jurnalında bu silsilədən olan əsərlərimi görüb
bəyənmişdi.
- Şəkiylə də bağlı qrafik əsərləriniz var...
- Şuşanı öyrənən
zaman onu başqa şəhərlərimizlə
müqayisə edirdim. Ona görə
Şəkini də çəkmişəm. Oradan
da silsilə əsərlərim var. Naxçıvanı,
Ordubadı da bir az çəkmişəm.
- Elturan müəllim, sənətlə dolanmaq olurmu?
- Doğrusu, sənətə
heç vaxt maddi qaynaq kimi
baxmamışam. Əsərlərim ölkəmizdə və xaricdə muzeylərdə,
kolleksiyalarda saxlanılır.
Əcnəbilər, özəl qalereyalar
əsərlərimi alırlar.
Bəzi işlərimi satmaq istəmirəm. Dolanışığım isə müəllimlikdən,
alimlikdən çıxır.
Hazırda Azərbaycan Memarlıq
və İnşaat Universitetində “Təsviri
incəsənət” kafedrasının
müdiri, professoram.
Həm də AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda
çalışıram. Memarlıq da təsviri incəsənətdir. Əgər memar
rəsm çəkməyi
bacarmırsa, onun memarlığı bütöv
olmayacaq.
S.Soltanlı
Mədəniyyət.-2015.- 24 iyul.- S.8.