Göygöldə turizmin
inkişafı artan turist
sayı ilə müşayiət olunur
Son illər Göygöl rayonunda görülən abadlıq-quruculuq işləri, istifadəyə verilən istirahət məkanları bölgəyə turistlərin marağını daha da artırıb. Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şərqiyyə Hümbətovanın sözlərinə görə, bunun da başlıca səbəbi onlar üçün yaradılan şəraitdir.
Şöbə müdiri deyir ki, keçən il rayonda
26 min turist dincəlib.
Turizm infrastrukturunda aparılan tədbirlər
nəticəsində bu
il onların
30 minədək artacağı
gözlənilir. Hazırda rayonda
5 istiqamətdə - Aşağı
Hacıkənd-Göygöl, Topalhəsənli-Zurnabad-Şəhriyar, Köçkü-Üçbulaq, Quşqara-Balçılı və
Göygöl şəhəri
üzrə turist marşrutları fəaliyyət
göstərir. Bu marşrutlar
üzərində 31 yerli
əhəmiyyətli abidə
var. Onlardan XII əsrə
aid Ağ körpü,
Zurnabad kəndində
Qala abidəsi, Quşqarada türbə, Çaykənddə müqəddəs
Məryəm kilsəsi,
Gəncə çayının
rayon ərazisindən keçən
hissəsində iki və üçtağlı
körpülər, Dozular
kəndində Kürəkçay
körpüsü, şəhərdə
Lüteran kilsəsi, Anahid məbədi turistlərin böyük maraq göstərdikləri
tarixi abidələrdir.
Təbiəti füsunkar, havası təmiz, buz bulaqları ilə insanlara şəfa verən bu rayonun
mətbəxi də zəngindir. Turizm məkanlarında dincələnlərə milli
mətbəximizin nümunələri
təqdim olunmaqla yanaşı, maraqlı əyləncələr də
təşkil edilir.
Tanınmış incəsənət ustaları istirahət ocaqlarına səfər edib turistlərə xoş anlar yaşadırlar.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-2015.- 24 iyul.-
S.9.