Bakı Forumunda akademik müzakirələr xüsusilə vacibdir

 

UNESCO-nun kafedra müdiri Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında təəssüratlarını bölüşüb

 

Məlum olduğu kimi, bu ilin 18-19 may tarixində Bakıda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi və UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə gerçəkləşən Forum “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaqmövzusuna həsr olunmuşdu. 2011-ci ildən başlayaraq iki ildən bir gerçəkləşən beynəlxalq tədbirin əlaqələndirici qurumu Mədəniyyət və Turizm Nazirliyidir. Tədbir çərçivəsində UNESCO-nun dinlərarası və mədəniyyətlərarası dialoq kafedra müdirlərinin akademik forumu da təşkil olunmuşdu.

UNESCO-nun mənəvi ənənələrin komparativ tədqiqatları, mədəniyyətlərin spesifikası və dinlərarası dialoq üzrə kafedrasının müdiri Dmitri Spivak təşkilatın saytında Forumla bağlı təəssüratlarını bölüşüb.

Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilinin artıq ənənə halını aldığını və yüksək təşkilatçılığı qeyd edən alim bildirir ki, 100 ölkədən 500-dən çox nümayəndənin qatıldığı tədbir mədəniyyətlərarası dialoqla bağlı ciddi məsələlərin müzakirə meydanı idi. O, Forum çərçivəsində UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birinci katibi Günay Əfəndiyevanın sədrliyi ilə keçirilən UNESCO-nun dinlərarası və mədəniyyətlərarası dialoq kafedra müdirlərinin akademik toplantısının əhəmiyyətini diqqətə çatdırır.

Qeyd olunur ki, akademik forum mədəniyyətlərarası anlaşmada dinlərarası dialoq üzrə beynəlxalq şəbəkəsinin bazasında təşkil olunubbuna qədər kafedra bu şəbəkədə üç dəfə toplaşıb. Kafedralar şəbəkəsinin Bakıdakı görüşünün xüsusiyyəti ondan ibarət idi ki, burada UNESCO kafedraları daha geniş formada təmsil olunurdu. Bu fakt bir tərəfdən kafedranın beynəlxalq şəbəkəsinin yüksək nüfuzunu təsdiqləyir, digər tərəfdən dünyanın açar regionlarını əhatə edirdi.

Öz təəssüratlarında akademik forumun Azərbaycan Diplomatik Akademiyasında gerçəkləşən plenar iclaslarından da söz açan qonaq bu tədris ocağı ilə bağlı fikirlərini də bölüşür. Bildirir ki, artıq özünü nüfuzlu təhsil müəssisəsi kimi təsdiqləyən, gələcək diplomatlar hazırlayan Azərbaycan Diplomatik Akademiyasında baş tutan iki plenar iclasda müasir siyasi proseslərdə mədəniyyətlərarası dialoqun problem və perspektivləri, eyni zamanda kafedralar şəbəkəsinin 2015-2017-ci illər üzrə strategiyası ilə bağlı mövzular diqqətə alındı. İştirakçıların ümumi fikri belə oldu ki, beynəlxalq şəbəkənin fəaliyyətinin nəticəsi konstruktivdirbundan sonra da inkişaf etdirilməlidir. Yaxın hədəflər sırasına Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə daha sıx əməkdaşlıq və hazırda bütün beynəlxalq arenanın diqqətini cəlb edən “Bakı prosesi” ilə əlaqələr qurmaq daxildir. Forumun elmi işlərə həsr olunan sivilizasiyalararası, mədəniyyətlərarası və dinlərarası dialoqun perspektivləri ilə bağlı daha aktual məsələlərin müzakirə olunduğu akademik bölməsinə xüsusi yer ayrılması məqsədəuyğun olardı.

Öz qeydlərini yekunlaşdıran UNESCO-nun kafedra müdiri Bakıda gördüyü qonaqpərvərlikdən də söz açır: “Ev sahiblərinin bizi qarşılamalarını, xeyirxah, səxavətli ənənəyə dayanan Bakı qonaqpərvərliyini unutmaq olmaz”.

 

Mehparə

Mədəniyyət.-2015.- 24 iyul.- S.10.