Ağdamda səkkiz min il yaşı olan evin qalıqları aşkar edilib

 

Ağdam rayonunun Eyvazlı kəndi yaxınlığındakı İsmayılbəy təpə neolit-eneolit dövrü yaşayış məskənində aparılan arxeoloji qazıntı zamanı yeni tarixi materiallar aşkarlanıb.

AMEA ArxeologiyaEtnoqrafiya İnstitutu Qarabağ neolit-eneolit ekspedisiyasının rəisi, tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədov bildirib ki, yaşayış yerində aparılan qazıntı zamanı bizim eradan əvvəl VI minilliyin birinci yarısına aid qalınlığı 1-1,5 metr olan mühafizə səddi, çiy kərpicdən 2 ədəd düzbucaqlı, 1 ədəd dairəvi ev, 2 böyük təsərrüfat küpü, 200-dək sapand daşı, 1 ədəd qadın heykəli (büt), o dövrün icma başçısının nüfuzunu bildirən mərmərdən toppuzbaşı, 300-ə yaxın keramika fraqmenti, 1 ədəd uşaq qəbri aşkar edilib.

Xəqani Alməmmədov deyir ki, Qafqazın ən qədim erkən əkinçi maldar tayfalarına məxsus yaşayış yerlərindən olan İsmayılbəy təpə yaşayış yerində Qarabağ neolit-eneolit ekspedisiyası tərəfindən qazıntılara 2012-ci ildən başlanılıb. Burada aşkar edilən tikili qalıqları və memarlıq nümunələri Qafqaz arxeologiyası üçün yenilikdir. İndiyə qədər tədqiqatları aparılan neolit dövrünə aid abidələrin heç birində buradakı kimi sədlər, düzbucaqlı evlər aşkar edilməyib. Bu abidələr Qarabağın dünyanın sivilizasiya mərkəzlərindən biri olduğunu göstərir. Arxeoloji tədqiqatlar avqustun əvvəllərinədək davam edəcək.

 

Mədəniyyət.-2015.- 24 iyul.- S.11.