Mənəvi sərvət sahibi
50 yaşı
münasibətilə professor Hüseyn Həşimliyə açıq məktub
Hörmətli Hüseyn müəllim! Sizi 15 il öncə, 2000-ci ilin sentyabrında şəxsən tanımışam. Ancaq orta məktəbin 7-ci sinfində oxuyandan, 1996-cı ildən ailəmizdə barənizdə söhbətlər gedirdi. O zaman Naxçıvan Dövlət Universitetində təhsil alan qardaşım İbrahim haqqınızda ağızdolusu danışırdı.
İndi düşünürəm ki, o, sizi bir kəlmə də olsun, tərifləmirmiş, sadəcə, yüksək insani keyfiyyətlərinizə və fövqəladə yaddaşınıza heyranlığını dilə gətirirmiş. O həm də deyirdi ki, Allah qismət eləyə, Hüseyn Həşimlinin tələbəsi olasan, onu yaxından tanıyasan. Tanrıya sonsuz şükürlər olsun, bunu mənə qismət elədi...
Hüseyn müəllim, doğulduğunuz Culfa rayonunun Teyvaz kəndində dərs aldığınız və rayon mərkəzində bitirdiyiniz orta məktəbdə müəllimlər riyaziyyatçı olacağınıza inanırmışlar. Amma siz “riyazi”ni “ədəbi”yə dəyişdiniz. Bununla da güclü riyazi təfəkkürünüzü ədəbiyyatşünaslığımıza tətbiq etdiniz. Daha doğrusu, ədəbi faktlara riyaziyyatçı dəqiqliyi ilə yanaşdınız. Fikrimcə, riyaziyyatla davam etsəydiniz, o istiqamət də ən azı ədəbiyyatşünaslıq elmimiz qədər qazanardı. Yaxşı ki, ədəbiyyatı seçdiniz, bizləri ziyanızdan bibəhrə qoymadınız, həmçinin neçə-neçə unudulmuş ədəbi simanı gün üzünə çıxardınız.
Ədəbiyyat sevginizi, sözə həssaslığınızı mühazirələriniz zamanı hiss edirdim. Belə ki, ustad Füzulinin “Ucaldın qəbrim, ey bidərdlər, səngi-məlamətdən Ki, məlum ola dərd əhlinə qəbrim ol əlamətdən” beyti ilə başlayan məşhur qəzəlini və başqa nümunələri təhlil edərkən, eləcə də Əhmədlə Ruqiyyə (“Can yanğısı”, A.Divanbəyoğlu), Fərmanla Gövhərtac (“Odabaşının hekayəsi”, Ə.Haqverdiyev) və analoji talelərə malik digər ədəbi qəhrəmanlara münasibət bildirərkən nurlu simanızda baş verən dəyişikliklər aydınca nəzərə çarpırdı. Bu, yüksək söz duyumunuzun və nisgilli insan talelərinə biganə qala bilməməyinizin təzahürü idi.
İlk elmi məqaləniz 1985-ci ildə, tələbə ikən dərc olunub. 25 yaşınız olanda çap etdirdiyiniz “Ədəbiyyat nəzəriyyəsi kursunda sentimentalizm ədəbi cərəyanının öyrədilməsi” (1990) adlı metodik vəsaitiniz müasir ədəbiyyatşünaslıq elmimizə, xüsusilə də onun nəzəriyyə istiqamətinə istedadlı bir araşdırıcının gəlməsindən soraq verirdi. Proqram xarakterli bu kiçik həcmli nəşrdə Azərbaycan ədəbiyyatşünaslığında o zamana kimi varlığı etiraf edilməyən, təhlilə cəlb olunmayan sentimentalizm ədəbi cərəyanının elmi izahını verərək mövcud qeyri-müəyyənliyə aydınlıq gətirmisiniz. Bu kitabınızda İngiltərədə sentimentalizm ədəbi cərəyanının yaranması (XVIII əsr), XX yüzilliyin əvvəllərində Azərbaycan ədəbiyyatında təşəkkül tapması, onun nəzəri-estetik problemləri sistemli yanaşmalarınızla, konkret ədəbi örnəklərin timsalında elmi ictimaiyyətin diqqətinə çatdırılır.
1998-ci ildə “Azərbaycan ədəbiyyatında sentimentalizm” mövzusunda müdafiə etdiyiniz namizədlik (fəlsəfə doktoru) dissertasiyası ilə ədəbiyyatımızda bu ədəbi cərəyanın mövcudluğunu isbat etmisiniz. Sizin araşdırmalarınıza qədər sentimental ruhda qələmə alınan bədii əsərlər əsasən romantizmə, qismən də digər cərəyanlara aid edilirdi. Necə ki, yazıçı-pedaqoq Abdulla bəy Divanbəyoğlu və başqaları romantizm ədəbi cərəyanının nümayəndəsi kimi təqdim olunurdu. Bir sıra sentimentalistlər isə unudulmuşdu...
“Azərbaycan ədəbiyyatında Avropa mənşəli lirik janrlar” mövzusunda yazdığınız elmlər doktorluğu dissertasiyası da aktuallığı və dərin elmi məziyyətləri ilə ziyalı ictimaiyyətinin diqqətini cəlb etdi. 2011-ci ilin 25 iyun tarixini heç vaxt unutmaram. AMEA Naxçıvan Bölməsinin böyük akt zalında boş oturacaq tapmaq mümkün deyildi. Hər kəs yüksək insaniyyətinə və elminə görə sevilən bir tədqiqatçının “ecazkar bir sənətin (sonetin - F.Y.) “Qordi düyünü”nü açmasının” (Elşad Səfərli) şahidi olurdu. Etiraf edim ki, o günədək dəfələrlə dissertasiya müdafiələrində iştirak etsəm də, tamam başqa bir mənzərə ilə qarşı-qarşıya idim. Yəqin həqiqi elm, əsl elmi müdafiə belə olurmuş. Beş saata yaxın davam edən proses alim qüdrətinizi bir daha ortaya qoydu.
Ədəbiyyatşünaslığımızın aktual problemlərinə, o cümlədən nəzəriyyə məsələlərinə dair araşdırmalarınız və mətnşünaslıq fəaliyyətiniz görkəmli elm xadimi obrazınızı bütövləşdirir. 20-dən çox monoqrafiya və kitabınız, 300-dən artıq elmi məqaləniz Azərbaycan elminə dəyərli töhfələrdir. Elmi əsərlərinizin Azərbaycanla yanaşı, Bolqarıstan, Türkiyə, Türkmənistan, Qazaxıstan, İran, Rusiya, Ukrayna, Gürcüstan, Misir və s. ölkələrdə müxtəlif dillərdə çap olunması ədəbiyyatşünaslığımızın və ədəbiyyatımızın beynəlxalq aləmdə təbliği deməkdir.
Azərbaycan ədəbiyyatında Avropa mənşəli sonet, sonetlər çələngi, qlossa, himn, marş, elegiya, ballada, mənsur şeir və s. lirik janrların sistemli araşdırılması sahəsində böyük xidmətlərinizin nəticəsidir ki, sizi “sonetoloq”, “sonetin gözəl bilicisi” və “istedadlı ədəbiyyatşünas” kimi dəyərləndirirlər. Bu istiqamətdə araşdırmalarınızla sözügedən janrların ədəbiyyatımıza gəlişi, təkamülü və tipologiyası ayrı-ayrı müəlliflərin yaradıcılığı kontekstində təhlil süzgəcindən keçirilib. Müəllifi olduğunuz “Azərbaycan poeziyasında sonet və terset” (2003), “Azərbaycan mənsur şeirinin təşəkkülü” (2006), “Əli Səbri” (2007), “Azərbaycan ədəbi mühiti və türk dünyası” (2009), “Əli Məhzun və “Ədəbiyyata dair” əsəri” (2009), “Avropa lirik janrları və Azərbaycan ədəbiyyatı” (2009), “Hüseyn Cavidin lirikası və Avropa poetik ənənələri” (2012), “Fərhad Ağazadənin “Ədəbiyyat məcmuəsi”də ədəbi-elmi fikir” (2012), “Səid Səlmasi” (2013), “Məmmədəli Sidqi və “Şeypur” jurnalı” (2014) və s. kitablar ədəbiyyatşünaslıq elmimizin qaranlıq səhifələrinə işıq tutur.
Tədqiqatlarınız həm elmi-nəzəri, həm də ədəbi-tarixi baxımdan yeniliyi ilə seçilir. Bununla yanaşı, səmərəli mətnşünaslıq fəaliyyəti ilə də məşğulsunuz. XX əsrin ilk onilliklərinə aid bir çox əsəri ilk dəfə çağdaş oxuculara çatdırmısınız. M.Hadinin, A.Surun, A.Böyükzadənin, Ə.Cəfərin mənsur şeirləri, Əlipaşa Səburun, Nemət Bəsirin şeirləri, Əlabbas Müznibin, Ələkbər Qərib Naxçıvanlının bəzi hekayələri, Əli Səbrinin “Şəbi-hicran, yaxud müsibəti-Şadi” povesti, Bağır Cabbarzadənin “Bir yetimin naləsi” romanı, Əli Məhzunun “Ədəbiyyata dair”, Abdulla bəy Divanbəyoğlunun “Məcnunun Leyliyə məhəbbəti” elmi əsərləri, Səid Səlmasiyə həsr olunmuş bir sıra şeir və məqalələr, digər nümunələr bu qəbildəndir. “Yeni füyuzat” (1910-11-ci illər) və “Şeypur” (1918-19-cu illər) jurnallarının bütün saylarını transliterasiya edərək kitablar şəklində çap etdirməyiniz isə mətbuat tariximizin tədqiqi işinə dəyərli xidmətdir.
“Elmi bütün zamanların ən böyük mənəvi sərvəti” hesab etdiyinizə görə bu fəaliyyətinizlə daim mənəvi rahatlıq tapırsınız. Bu araşdırmalarınız dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib, 2007-ci ildə, 42 yaşınızda “Azərbaycan Respublikasının Əməkdar elm xadimi” fəxri adına layiq görülmüsünüz.
Sizin qardaş Türkiyənin elm adamları tərəfindən də necə sevildiyinizin şahidiyəm. 2009-cu ildə Ankarada düzənlənən beynəlxalq Füzuli simpoziumunda üzrlü səbəbə görə iştirak edə bilmədiniz. Konfransa qatılan alimlər sizi xəbər alır, haqqınızda yüksək fikirlər səsləndirirdilər. Hətta təşkilatçılar sizi “Türkiyə-Azərbaycan kültür və ədəbiyyatına xidmət ödülü”nə layiq gördülər. O zaman bir daha sizinlə fəxr elədim, qürur duydum...
İstər Naxçıvan Dövlət Universiteti tarix-filologiya fakültəsinin dekan müavini işlədiyiniz vaxtlarda, istərsə də tədris işləri üzrə prorektor olanda dönə-dönə qapınızı döyüb bilmədiklərimizi öyrənməyə çalışırdıq. Heç vaxt qaşlarınız çatılmırdı, yorulmurdunuz. Əksinə, işlərinizin çoxluğuna rəğmən daha zəngin bilgi verməyə, təfərrüata varmağa çalışırdınız. Verdiyiniz cavablar isə azı üç-dörd mənbəni əhatə edirdi.
Sizin simanızda öz müəllimlərinə, özündən böyüklərə yüksək ehtiram göstərən, təmənnasızlığı yaşam meyarına çevirən əsl ziyalı örnəyi gördük. Bu gün də NDU-nun Azərbaycan ədəbiyyatı kafedrasının professoru olaraq zəngin elminizi və təcrübənizi tələbələrinizdən əsirgəmirsiniz.
Lənkəranda yaşayan tanınmış şair, tədqiqatçı Elşad Səfərli sizə ithaf etdiyi kodalı akrostix sonetdə şəxsiyyətinizin və elmimizə verdiyiniz töhfələrin dəyərini zərgər dəqiqliyi ilə ifadə edib. Poetik kamilliyi ilə diqqəti çəkən həmin sonetin tersetlərini burada yada salmağı məqsədəuyğun hesab edirəm:
Şərəfin uca tutdun sözün başdan-binədən,
İdrakın qiymətlidir ləl dolu xəzinədən,
Millətə xidmətindir sənin dövlətin, varın.
Ləyaqət adamları olmurlar ki, nəf güdən,
İstedad sahibləri xeyir ummaz heç nədən,
Ya da şöhrətçün deyil, yazıb-yaratdıqların...
Hüseyn müəllim, siz həm də gözəl ailə başçısısınız. Vətənimiz üçün layiqli övladlar yetişdirmisiniz. Təsadüf elə gətirdi ki, pedaqoji təcrübə müddətində orta məktəbdə onlara dərs deyəsi oldum. Hər ikisi yüksək təhsil göstəricilərinə malik idilər. Sual-cavab edərkən aydın olurdu ki, onların hətta ali məktəb dərsliklərində, ayrı-ayrı tədqiqatlarda əksini tapan faktlardan xəbərləri var. Şükürlər olsun, qarşılarına qoyduqları məqsədə nail olublar. Hazırda biri səhiyyə sahəsində, digəri hüquq sistemində insanların xidmətindədir.
Əziz Müəllimim! 50 yaş ömrün “qızıl orta”sıdır. Buradan arxaya boylananda qazandığınız sevgiylə, yazıb-yaratdıqlarınızla yalnız qürur duymaq olar. Ulu Yaradanın izni ilə qarşıdakı 50 ildə də elmimizə daha böyük töhfələrinizin olacağına ürəkdən inanıram! Allah sizə sağ can və fərəhli günlər versin ki, elminizlə, qayğıkeşliyinizlə bundan sonra da gənclərə dəstək verəsiniz! Həmişə o saf və əqidəli ailənin başında olasınız! 50 yaşınız mübarək!
Dərin ehtiramla,
Fariz Yunisli
Mədəniyyət.-2015.- 24 iyul.-
S.13.