Darıdağ suyu - min bir dərdin dərmanı
Naxçıvan Azərbaycanın mineral su
ehtiyatları ilə ən zəngin bölgəsidir. Muxtar respublikanın ərazisində
200-dən çox mineral və
müalicəvi su mənbəyi var. Böyük
debitə malik olan yeraltı sərvətlərdən biri
də Darıdağ arsenli mineral suyudur.
Culfa şəhərindən 8-9 kilometr
şimal-şərqdə, Darıdağın
sıldırım yamacları
arasında, dəniz səviyyəsindən 800-900 metr
hündürlükdəki Şorsu
dərəsində “Şəfa
bulağı” adlanan əraziyə yaxınlaşdıqda
ecazkar bir mənzərə ilə qarşılaşırsan. Naxçıvan-Ordubad magistralından müalicəxanayadək
olan avtomobil yolu asfalt-beton örtük salınmaqla yenidən qurulub, burada yeni bina
tikilib, müalicə olunanların istirahəti üçün hərtərəfli
şərait yaradılıb.
Darıdağ Arsenli Su Müalicəxanasında
32 kəşfiyyat quyusundan
və 5 bulaqdan ibarət olan arsenli su bir
çox xəstəliklərin
sağalmasında mühüm
rola malikdir. Suyun tərkibi
hələ XIX əsrin
ortalarından başlayaraq
rusiyalı alimlər tərəfindən öyrənilib.
Sovet dövründə
Darıdağ suyunun kimyəvi, fiziki, balneoloji, müalicəvi və başqa xüsusiyyətləri Azərbaycan
Elmi-Tədqiqat və Fiziki-Təbii Amillərlə
Müalicə İnstitutunun,
Azərbaycan Dövlət
Tibb Universitetinin, respublika Elmlər Akademiyası Təbii Amillərlə Müalicə
Bölməsinin əməkdaşlarından
akademik M.Qaşqay, A.Qarayev, professor Ə.Əsgərov,
M.Əfəndiyev, Ş.Həsənov
və başqaları
tərəfindən ətraflı
araşdırılıb.
Darıdağ suyunda karbon qazı, mərgümüş,
yüksək minerallaşdırılmış
xlor-hidrokarbonat-natrium var. Polşada
Kudova, Almaniyada Dürkgeym, Rusiyada Sineqorsk sularının oxşarıdır. Lakin suyun tərkibindəki
mineral duzların mütənasibliyi
ilə Darıdağ suyu onlardan daha
üstündür.
İnsan
orqanizmində elə bir toxuma, üzv
və sistem yoxdur ki, bu
su ona müalicəvi
təsir göstərməklə
onun iş qabiliyyətinin bərpasına
səbəb olmasın.
Bu sudan hələ
qədim zamanlardan kustar şəkildə sümük-oynaq, əzələ
sistemi xəstəliklərində,
o cümlədən “duzlaşma”
adlanan patologiyalar və onun müxtəlif
fəsadlarında geniş
istifadə edilib. 1978-ci ildən fəaliyyətə
başlayan Darıdağ
Arsenli Su Müalicəxanası
2005-ci ildə müasir
tələblərə uyğun
yenidən qurularaq istifadəyə verilib.
Müalicəxananın xidmətlərindən xarici
ölkələrdən gələnlər
də istifadə edirlər. Bu ilin
əvvəlindən 700-dən çox insan müalicəxanaya müraciət
edib. Onlardan 50 nəfəri Türkiyə,
İran, Rusiya, Ukrayna və Gürcüstandan gələnlərdir.
Müalicənin müsbət
nəticələrini görən
xəstələr hər
il təkrar
Darıdağa üz tuturlar.
Mədəniyyət.-2015.- 29 iyul.- S. 11.