Azərbaycan səfiri Efiopiyanın mədəniyyət və turizm naziri ilə görüşüb

 

Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev bu ölkənin mədəniyyət və turizm naziri Əmin Əbdülqadirlə görüşüb. Səfirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı E.Abdullayev Azərbaycan haqqında geniş məlumat verərək, ölkəmizin turizm sahəsində imkanlarını da efiopiyalı nazirin diqqətinə çatdırıb. Səfir E.Abdullayev ölkəmizdə ən müasir turizm infrastrukturunun yaradıldığını, o cümlədən dünyanın tanınmış mehmanxana şəbəkələrinin mövcud olduğunu bildirib.

Diplomat qədim diyar olan Azərbaycanda regionun ən zəngin maddi-mədəni və dini abidələrinin yerləşdiyini qeyd edib. Həmçinin vurğulanıb ki, ölkəmizin bir çox beynəlxalq miqyaslı tədbirlərə və xüsusilə ilk Avropa Oyunlarına ev sahibliyi etməsi bu sahədə mühüm beynəlxalq mərkəzə çevrilməsinin göstəricisidir.

Öz növbəsində efiopiyalı nazir Azərbaycanın sürətlə inkişaf edən və qısa zaman ərzində mühüm nailiyyətlər əldə etmiş bir ölkə kimi tanındığını vurğulayıb. O, ölkəsinin Azərbaycanla əməkdaşlıq etməyə maraq göstərdiyini və həm turizm, həm də mədəniyyət sahələrində əməkdaşlıq üçün böyük potensialın mövcud olduğunu bildirib.

Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin həyata keçirilməsi, təcrübə mübadiləsinin aparılması və hüquq-müqavilə bazasının yaradılmasının vacibliyi qeyd olunub.

 

Mədəniyyət.-2015.- 29 iyul.- S. 8.