Bayburtda Azərbaycan-Türkiyə qardaşlıq gecəsi

 

Xəbər verildiyi kimi, Türkiyənin Bayburt şəhərində ənənəvi Dədə Qorqud festivalı ilə bağlı Azərbaycandan da geniş nümayəndə heyəti qardaş ölkəyə səfər edib.

Türkiyənin müxtəlif bölgələrində çoxsaylı insan tələfatı ilə nəticələnən terror olayları ilə bağlı rəsmi şənliklər proqramı ləğv edilsə də, nümayəndə heyəti bir sıra görüş və tədbirlərə qatılıb. Bayburt şəhərindəki Beşpınarda “Qarabağdan Anadoluya könül körpüsü: Azərbaycan-Türkiyə qardaşlıq gecəsi” adlı tədbir keçirilib.

Tədbirdə “SOCAR Turkey Enerji A.Ş.”nin rəhbəri Kənan Yavuz ölkələrimizin tarixi, mədəniyyəti haqqında danışıb, hər iki ölkənin gənc nəsillərini milli mənəvi dəyərlərimizi qorumağa çağırıb.

Milli Məclisin deputatı Qənirə Paşayeva çıxışında Azərbaycan-Türkiyə qardaşlığının tarixi köklərindən söz açıb. O, yaxın günlərdə Azərbaycanda “Qarabağdan Anadoluya könül körpüsü” layihəsi çərçivəsində Bayburt gecəsinin keçiriləcəyini diqqətə çatdırıb.

Tarix elmləri doktoru, professor Abbas Seyidov, tədbirin təşkilatçısı olan BEKDER-in təmsilçiləri belə tədbirlərin önəmindən danışıblar. Azərbaycan gecəsi konsert proqramı ilə davam edib. Tədbirin təşkilatçılarına ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı, folkloru ilə bağlı kitablar və hədiyyələr verilib.

 

Mədəniyyət.-2015.- 31 iyul.- S. 9.