Xalqın alın yazısı

 

1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

 

Dil xalqın ən böyük mənəvi sərvətidir. Bu elə bir sərvətdir ki, xalqın hər bir fərdi onun vasitəsilə üzünüifadə imkanı əldə edir. Dil milli kimliyin sənədsiz təsdiq formasıdır. Dil insanda təzahür etdiyi üçün özü də canlı hesab olunur. Hər bir canlının qayğıya ehtiyacı olduğu kimi, dil də diqqətə, sevgiyə möhtacdır...

 

Dilin üfüqlərini genişləndirən ədəbiyyatdır

 

Dil xalqın alın yazısıdır. Xalq onu qorumağa, yaşatmağa, təbliğ etməyə borcludur. Dili populyarlaşdıran, üfüqlərini genişləndirən isə ədəbiyyatdır. Bu mənada yazılı ədəbi örnəklərin rolu şifahi yaddaşdan daha çoxdur.

Azərbaycan dili ifadə zənginliyinə, poetik imkanlarına görə türk dilləri ailəsində özünəməxsus yer tutur. Anadilli poeziyanın formalaşma dövrü və qələmə alınmış əsərlərin bədii-sənətkarlıq məziyyətləri bunu deməyə əsas verir. Məsələn, XIII yüzillikdə yaşayıb-yaratmış şair Şeyx İzzəddin Həsənoğlunun bizə gəlib çatan Azərbaycan dilində üç qəzəlində işlənən söz və ifadələr çağdaş oxucuların da anlaya biləcəyi səviyyədədir:

 

Necəsən, gəl, ey yüzü ağum bənim,

Sən əritdün odlara yağum bənim.

And içərəm səndən artıq sevməyəm,

Sənin ilə xoş keçər çağum bənim...

 

Eyni zamanda Şah İsmayıl Xətainin ana dilində əsərlərini bu gün rahat oxuya bilirik. Ancaq müasir ingilislər Uilyam Şekspirin əsərlərini orijinaldan oxuyub anlamaqda çətinlik çəkirlər. Deməli, həm ünsiyyət vasitəsi, həm də poetika-bədiilik baxımından Azərbaycan dilində dərin uçurumlar olmayıb.

Şah İsmayıl Xətai ana dilimizə xidmətin ədəbiyyat yönünü dolu-dolu həyata keçirməklə qalmadı, Azərbaycan dilinə dövlət səviyyəsində qahmar çıxdı. Bu məsələdə Xətainin dilimizə hədsiz sevgisi əsas rol oynamışdısa, digər tərəfdən “sərdar-şair” olması da ona ayrı bir cəsarət vermişdi. Xatırlatmaq yerinə düşər ki, mənşəcə Azərbaycan türklərindən olan məşhur şair, dövlət xadimialim Qazi Bürhanəddin Əhməd (1344-1398) də ümumtürk ədəbiyyatı tarixində farsca divan bağlamaq ənənəsinin möhkəm olduğu bir dönəmdə ilk dəfə türkcə divan yaratmışdı. Ona da bu cəsarəti verən, təbii ki, dövlət başçısı olması idi...

 

Çətin sınaqlar

 

Bununla belə, Azərbaycan dili çətin sınaqlardan da keçib. Əsrlərlə sürən siyasi düzənsizlik, daxili çəkişmələr, yadellilərin müdaxilələri ölkəmizin mədəni həyatını da inkişafdan saxlamışdı. Çarizmin müstəmləkəsi altında olduğumuz dövrlərdə hətta milli kimliyimiz də müzakirə mövzusuna çevrilmişdi. Minillik adət-ənənələrimizə, dilimizə, bir sözlə, varlığımıza qəsd olunurdu.

Azsaylı xalqların imperiya daxilində assimilyasiya prosesini müşahidə edən görkəmli publisist, naşir, ictimai xadim Məhəmməd ağa Şahtaxtlı (1846-1931) xalqımıza qarşı yönələn bu ədalətsiz siyasətə etirazını bildirirdi. O, 1891-ci ildə “Kaspi” qəzetində dərc etdirdiyiZaqafqaziya müsəlmanlarını necə adlandırmalı” məqaləsi ilə həm milli kimliyimizin, həm də dilimizin müdafiəsinə qalxmışdı. M.Şahtaxtlı etnik-mədəni keçmişimizə dair əsaslı arqumentlər gətirərək qeyd edirdi ki, “Zaqafqaziya müsəlmanlarını azərbaycanlılar, onun dilini isə Azərbaycan dili adlandırmaq məqsədəuyğun sayılmalıdır”.

Böyük demokrat, yazıçı-dramaturq Cəlil Məmmədquluzadə (1869-1932) milli mövcudluq üçün dili vacib sayırdı. Ədib 1917-ci ildə qələmə aldığı məşhur “Azərbaycan” məqaləsində yazırdı: “Dünya və aləm dəyişdi, mənalar özgə təbir əxz elədi. Yəni, bizim dilcə söyləsək, o şeylər ki, əsl mənalarını itirmişdi, qayıdıb əslini tapdı... hamı buna qail oldu ki, Vətən, vətən, vətən, dil, dil, dil, millət, millət, millət! Dəxi bu dairədən kənar bəni-noi-bəşər üçün özgə nicat yolu yoxdur...”

1918-ci ildə Xalq Cümhuriyyətimiz bu gül ömründə dilimizə qol-qanad versə də, bəxtikəm Azərbaycan dili sanki yağışdan çıxıb yağmura düşdü. Sovetləşdirilən ölkəmizdə digər mənəvi dəyərlərimiz kimi, ana dilimizi də sıxışdırmağa, əsas ünsiyyət vasitəsi missiyasından uzaqlaşdırmağa başladılar. “Böyük “qardaş”ın dili rəsmi olmaqla yanaşı, ucqar əyalətlərəcən ayaq açmağa başladı.

Ancaq 1926-cı ildə Bakıda təşkil olunan I Türkoloji Qurultay səhrada fontan vuran şirin su kimi əvəzolunmaz dəyərə malik idi. Türkdilli xalqlar öz tarixləri, mədəniyyətləri, bəlkə də o günədək əhəmiyyət vermədiyi ana dilləri haqqında bir soydan olan ziyalılar, alimlər fikirlər yürütdülər, milli kimliyə qayıdış məsələləri gündəmə gəldi. Nə yazıq ki, bu qurultay sovet rəhbərliyini elə bil yuxudan ayıltdı. Tədbirə qatılan alimlərin, ədib və ziyalıların adı “qara siyahı”ya salındı. Elə bir ab-hava yaradıldı ki, məşhur maarifçi, türkçülüyün görkəmli ideoloqu Əli bəy Hüseynzadənin ayağı bir də Vətən torpağına dəymədi...

Sonradan xalqımızın mədəni keçmişinə balta vuran əlifba dəyişimi oyunları oynanıldı. Tarixi-mədəni varisliyimizə qəsd olundu. Xalqın özündən, sözündən qoparılması siyasəti neçə onillər sürdü. Azərbaycan sovetlər birliyinə daxil edildikdən sonra qəbul olunan konstitusiyalarda ana dilinin adı belə çəkilmirdi. Yalnız repressiya qurbanlarının kütləvi şəkildə bəraət aldığı vaxtda - 1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə 1937-ci il konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddə əlavə olundu. Lakin respublikanın o dövrdəki rəhbərliyinin səriştəsizliyi yaranmış bu gözəl fürsəti də boşa verdi...

 

Dönüş məqamı

 

1970-ci illərin ortalarından etibarən ittifaq respublikalarında dil məsələsi yenidən aktuallaşmağa başladı. Çünki rus dilinin timsalında “vahid dil” siyasəti daha geniş şəkildə təbliğ olunurdu. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq çox riskli idi. Hətta bu problemi gündəmə gətirənləri, onları müdafiə edənləri cəzalar gözləyirdi. Müttəfiq respublikalara rəhbərlik edənlər də bu məsələdə ehtiyatı əldən verməməyə çalışırdılar.

O dövrdə Azərbaycanın rəhbəri olan görkəmli dövlət xadimi Heydər Əliyev dil məsələsində öz mövqeyini çox qəti şəkildə ortaya qoymuşdu. Böyük siyasətçi bildirmişdi ki, konstitusiya vətəndaşlara təhsil hüququ verirbu hüquq da ana dilində oxumaq imkanı ilə təmin olunur.

Nəhayət, Azərbaycanın böyük oğlunun dilimiz uğrunda apardığı mübarizə öz bəhrəsini verdi. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” şəklində vermək təklif olundu.

Uzaqgörən siyasətçi ana dilimizin konstitusion haqqının müdafiəçisi olaraq qalmadı. O, eyni zamanda rəsmi kürsülərdə, böyük salonlarda dərin, məzmunlu çıxışları ilə dilimizin incəliklərinə bələd olduğunu sübut edirdi. Heydər Əliyev rus dilini mükəmməl bilsə də, ana dilində danışmağı ilə fəxr edirdi. Haqlı olaraq bildirirdi ki, “Hər bir xalqın özünəməxsusluğunu müəyyən edən başlıca ünsürlərdən biri onun dilidir”.

 

Dilimizin inkişafı və təbliği yeni mərhələdə

 

1991-ci ildə ölkəmiz müstəqilliyinə qovuşandan sonra dilimiz üçüngeniş meydan açıldı. Təəssüf ki, 70 il azadlığa həsrət qalan bir respublikada dövlət dili məsələsi 20-30-cu illərdəki kimi yenidən müzakirə mövzusuna çevrildi. Həmin ilin dekabrından latın qrafikalı Azərbaycan əlifbası tətbiq olunmağa başlandı. Orta məktəblərdə şagirdlərə yeni əlifbanı sevə-sevə öyrədən müəllimlərimiz rus (kiril) əlifbasından qurtulmağı həm də imperiya boyunduruğundan xilas olmağın əsas əlaməti kimi qəbul edirdilər...

Ümummilli lider Heydər Əliyevin ciddi səyləri nəticəsində müstəqil Azərbaycanın 1995-ci ildə qəbul edilən ilk Konstitusiyasının 21-ci maddəsində dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bundan sonra ana dilinin qorunması, inkişafı və təbliği istiqamətində mühüm addımlar atıldı.

Müstəqilliyimizdən illər keçsə də, Azərbaycan dilinin sahib olduğu haqqı ona çox görənlər də tapılırdı. Bir çox tədris ocaqlarında, mədəni mərkəzlərdə, idarə və təşkilatlarda, iaşə sahələrində ana dilimiz arxa planda qalır, müxtəlif nəşriyyatlar hələ də latın qrafikalı Azərbaycan əlifbasına keçmək istəmirdilər. Bu problemlərə son qoymaq, Azərbaycan dilinin tətbiq və inkişaf etdirilməsinə dövlət qayğısının artırılması, ana dilimizin öyrənilməsi, elmi tədqiqinin fəallaşdırılması, dilimizin cəmiyyətdə tətbiq dairəsinin genişləndirilməsi və bu işə nəzarətin gücləndirilməsi məqsədilə Prezident Heydər Əliyev tərəfindən 18 iyun 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalandı. Həmin il avqustun 1-dən respublika ərazisində fəaliyyət göstərən idarə və müəssisələr, təşkilatlar, Azərbaycan dilində bütün nəşrlər latın qrafikalı əlifbaya keçdilər. Bu tarixi sənədin ölkəmizin siyasi-mədəni həyatındakı əhəmiyyətini nəzərə alan Prezident Heydər Əliyev 2001-ci il avqustun 9-da daha bir fərman imzaladı. Həmin fərmanla avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.

Ulu öndərin ideallarını mütəşəkkil səviyyədə reallaşdıran, daha da zənginləşdirən Prezident İlham Əliyev digər milli-mənəvi dəyərlərimiz kimi, Azərbaycan dilinin də həqiqi hamisi olduğunu sübut elədi. Prezident seçiləndən az bir müddət sonra, 2004-cü il yanvarın 12-də Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında sərəncam imzaladı. Sərəncama əsasən Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin əsərləri latın qrafikalı əlifba ilə nəfis şəkildə çap olunaraq ölkə kitabxanalarına hədiyyə edildi.

Prezident İlham Əliyevin 9 aprel 2013-cü ildə imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamı mühüm əhəmiyyət kəsb edir. Çünki Azərbaycan qədim tarixi, zəngin mədəniyyəti, bəşəriyyətə örnək göstərilən tolerantlığı ilə dünyanın diqqət mərkəzindədir. Belə olan halda Azərbaycan dilinin dərindən öyrənilməsi, rəqabətə davamlılığının təmin olunması və təbliğatı böyük məsuliyyət tələb edir.

Bu gün tariximizin, mədəniyyətimizin, ədəbiyyatımızın beynəlxalq müstəvidə təbliği istiqamətində mühüm addımlar atılır. Azərbaycan kitabları dünyanın nüfuzlu sərgilərində nümayiş etdirilir. Bu, eyni zamanda Azərbaycan dilinin təbliğatı deməkdir...

Azərbaycan Əlifbası və Azərbaycan Dili Günümüz mübarək!

 

Fariz Yunisli

Mədəniyyət.-2015.- 31 iyul.- S. 11.