Şəkillərin dili
ilə tarixi insanlara
göstərmək istəyirəm
Dünyanın ən nüfuzlu fotoqrafiya birliklərindən olan Böyük Britaniya Kral Fotoqrafiya Cəmiyyətinə (BBKFC) ilk azərbaycanlı üzv qəbul olunub. Bu, hazırda Moskvada yaşayan həmyerlimiz Rüfət Əliyevdir. Bu günlərdə doğma vətənə gələn Rüfətlə həmsöhbət olduq.
- Necə oldu ki, belə bir nüfuzlu quruma qəbul olundunuz?
- Əvvəlcə deyim ki, Böyük Britaniya Kral Fotoqrafiya Cəmiyyətinin əsası 1853-cü ildə fotoqraf Rocer Fenton tərəfindən qoyulub. Bu, dünyada ilk fotoqraflar cəmiyyətidir. Yarandığı gündən bəri cəmiyyətdə 80 min fotoqraf təmsil olunub. Mənim daxil olduğum vaxt isə 6 min fotoqraf üzv olmaq üçün öz fotolarını quruma göndərmişdi. Onların arasından 400 nəfər seçdilər. Bu fotoqraflardan 100 nəfər cəmiyyətin sərgisində iştirak edəcək. Mən bu nüfuzlu cəmiyyətin üzvü olmaq şərəfinə layiq görülmüş ilk azərbaycanlıyam. Böyük Britaniya Kral Fotoqrafiya Cəmiyyətinin rəhbərliyi mənim 2014-cü ildə Azərbaycanın müxtəlif yerlərində çəkdiyim fotoşəkilləri yüksək qiymətləndirdi. Layihəmin adı “Əlahəzrət...” idi. Buraya nənəmin şəkli, Qarabağ atının şəkli, bağ mənzərəsi və s. fotolar daxil idi. Ətrafımda heç kimə bir kəlmə də demədən fotoşəkilləri Uels şahzadəsinə göndərdim və tezliklə cavab aldım. Şahzadə fotoşəkillərə görə mənə təşəkkür edərək, xoş arzularını bildirdi. Cəmi 13 foto təqdim etmişdim. Hazırda həmin şəkillər BBKFC-nin Fenton Hausdakı kitabxanasına verilib. Bundan əlavə, “Əlahəzrət...” seriyasından olan işlərim dünya şöhrətli fotoqrafların BBKFC-nin beynəlxalq sərgisi üçün seçilmiş 100 ən yaxşı foto siyahısına daxil edilib.
- Dünyada bu
qəbildən cəmiyyətlər çoxdur.
BBKFC-nin onlardan fərqi
nədir?
- Qurum dünyada böyük nüfuza malikdir. Böyük Britaniya Kral
Fotoqrafiya Cəmiyyəti
həm də foto elminin inkişafında,
təbliğində böyük
rol oynayır. Seminarlar keçirir, məktəblər
açır, insanları
foto sənətinə
cəlb edirlər.
Cəmiyyət fotoqraflara onu
da aşılayır ki, fotoqraf təkcə
şəkil çəkməklə
kifayətlənməməlidir. O, çəkdiyi fotonu danışdırmalıdır. BBKFC-nin daxilində bir neçə qurum var: Elmi
Fotoqraflar Cəmiyyəti,
Tarixi Fotoqraflar Cəmiyyəti və s. Onların içərisində
ən nüfuzlusu Tarixi Fotoqraflar Cəmiyyətidir. Çünki tarixi fotolar çəkmək o qədər
də asan deyil. Bunun üçün ilk növbədə tarixi bilmək lazımdır.
Bunu şəkildə ifadə
etmək üçün
psixologiya, fəlsəfə
elmindən məlumatlı
olmalısan.
- Siz cəmiyyətə tarixi fotolar təqdim etmişdiniz və bunlar da uğurla qarşılandı. Yəqin
ki, yuxarıda saydığınız elmlərdən
xəbərdarsız...
- Mən hər üç elm sahəsini bilirəm. Moskvada ali hüquq
təhsili almışam.
Demək
olar, ailə üzvlərimin hamısı
psixoloqdur. Nənəm, Roza Əliyeva deputat olub. Bizim ata-babalarımızın kökü
Qarabağdan gəlir.
Valideynlərimin babaları
1937-ci il repressiyasına məruz qalıblar. Demək istəyirəm ki,
bizim ata-babalarımız
tarixi yaşayıb və mən hazırda bu tarixi öyrənirəm.
Bundan başqa, Moskvadakı Azərbaycan diasporunda gənclər bölməsinə
rəhbərlik etmişəm.
Deməli, mənim məlumatlarım,
bilgilərim çox olub ki, bunu
bacarmışam. Fotoqraflıq mənim üçün peşəkar hobbidir.
Babalarımdan biri fotoqraf olub və mən
də bu sənəti ondan öyrənmişəm. Bu
peşə ilə
2013-cü ildən daha
yaxından məşğul
olmağa başladım.
BBKFC-ə göndərmək
üçün ilk çəkdiyim
foto nənəmin rəsmi olub. Bu şəkil mənim
“Cokonda”m oldu. Fotonun adını da “Xanım” qoyduq. Yarım il
əvvəl onu heç kimə göstərmədən BBKFC-ə yolladım.
- Böyük Britaniya
Kral Fotoqrafiya Cəmiyyətində ilk azərbaycanlı
kimi təmsil olunursunuz. Bu qurumda
Azərbaycanı tanıtmaq
üçün nələr
düşünürsünüz?
- Mən cəmiyyəti ölkəmizlə tanış etmək üçün üzv fotoqraflardan bir neçəsini Azərbaycana dəvət etmişəm. Onlar Bakını və regionlarımızı gəzmək, fotoşəkil çəkmək istəyirlər. Həmin fotoqrafları tariximizlə yaxından tanış etmək üçün Atəşgaha, Yanardağa, Şəkiyə, Xızıya, digər yerlərə aparacağam. Bakıda foto-məktəb açmağa hazırlaşıram. Mən tarixi çox sevirəm, şəkillərin dili ilə tarixi insanlara göstərmək istəyirəm. Bu üsulları da açacağım məktəbdə öyrətmək istəyirəm.
Lalə
Mədəniyyət.-2015.- 31 iyul.-
S. 12.