Cəmşid Naxçıvanski
Hələ “məzlum
xalq” adlandırıldığımız
çağlarda - tək elə bir sülalədən altıncı
generalımız...
...Deməli, elə həmin dövrlərdə “göydə balonlarla uçan əcnəbilər”in adımıza yaxdığı “qeyri-hərbi millət”, “dikiya diviziya” kimi “fəlsəfə”lər boş səfsətələr!
Bəs, bir az sonrakı məlum dövrlərdə çar ordusundan öz milli ordusuna gəlmiş generallarımıza xalqın gözü qabağında küçə süpürtdürməklə “milli proletariat”ımıza ərməğan edilən könül xoşluqlarını, türk-müsəlman gəncləri sovet ordusunun “stroybat” adlı qada-bəlasız “çast”larına yönəltməklə qövmümüzə edilən “yaxşılıqlar”ı nələrə təşbeh edək?..
Belə sualların cavabları qarşısında obrazlı-analitik dillər hələ də “lal”, qələmlər hələ də “kal”. Bir az da bu səbəbdən ki, indiki cəmiyyətimizin bir qismi (proletarından-elitarınadək) müstəqilliyimizi birmənalı qəbul etmir və hətta, hələ də o “bərabərlik” dövrünün nostaljisilə yaşayanlar var...
İndi, elələrinin xiffətini çəkdiyi həmin dövrlərin yüzlərlə dramlarından “bir şəkil”ə baxaq. Özü də belə bir yarımbaşlıq altında:
“Novella-portret”
Bəli, o dövrlərin ictimai-siyasi dəyirmanında üyüdülüb məhv edilmiş məşhurlarımızdan birinin “novella-portreti”...
Məşhur Naxçıvan xanları sülaləsinin axırıncı - altıncı generalı, briqada komandiri olmuş Cəmşid Cəfərqulu oğlu Kəngərli 10 avqust 1895-ci ildə Naxçıvan şəhərində doğulub. 1904-cü ildə Tiflis kadet korpusu məktəbinə daxil olmuş, 1911-ci ildə bu hərbi təhsil müəssisəsini xüsusi bir müvəffəqiyyətlə başa vurmuşdur. Daha sonra Qərbi Ukraynada yerləşən Yelizavetqrad qvardiya məktəbini bitirmiş və Birinci Dünya müharibəsində müsəlmanlardan təşkil edilmiş süvari eskadronun komandiri olmuşdur.
“Brusilov cəbhəsi”nin yarılmasında göstərdiyi qəhrəmanlığa görə 4-cü dərəcəli “Müqəddəs Georgi” ordeni ilə təltif edilən, üç dəfə yaralandığı Avstriya-Rumıniya cəbhəsində igid süvari zabiti kimi gümüş silahla mükafatlandırılan, 2-ci, 3-cü, 4-cü dərəcəli “Müqəddəs Anna”, 2-ci, 3-cü dərəcəli “Müqəddəs Stanislav” ordenləri ilə təltif olunan Cəmşid 1917-ci ildə - 22 yaşında poruçik, elə həmin ilin 30 oktyabrında ştabs-rotmistr rütbəsinə layiq görülmüşdür.
Lap gənc yaşlarında dünya “brend”li bir ölkə ordusunda belə bir diqqətəlayiq rütbə almış həmyerlimizi qarşıda səbəbi bədbin, nəticəsi nikbin bir olay da gözləyirmiş. Belə ki, çar ordusunun cənub-qərb cəbhəsi dağıdıldıqdan sonra ştabs-rotmistr C.Naxçıvanski başçılıq etdiyi süvari alayı ilə birgə Azərbaycana gəlməli olur.
Bu gəlişdən özü də, doğma millətinin vətənpərvər ziyalıları da çox sevinc-fərəh hissi yaşayırlar.
Lakin...
Amma hələ yox...
Hələ onun Azərbaycana gəlişilə bağlı sevinc-fərəh hisslərinin dəc vaxtları idi və bu duyğular dalbadal baş verən həyati fakt və mənzərələrlə realizə olunurdu. Məsələn, 1918-ci il sentyabrın 15-də türk qoşunları və Azərbaycan Əlahiddə Korpusunun birgəliyində Bakı erməni-daşnak, eser-menşevik və ingilislərə arxalanan “Sentrokaspi diktaturası” qüvvələrindən təmizlənir. Dövrün milli mətbuat səhifələrində “Cəmşid Naxçıvanski Azərbaycanın müstəqilliyi və onun qorunması uğrunda inamla vuruşmuş və o, bu mübarizəni cəsarətlə davam etdirir” kimi sətirlər yer almağa başlayır. Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, artilleriya generalı Səməd bəy Mehmandarovun 24 mart 1920-ci il tarixli əmri ilə I süvari tatar alayının komandiri podpolkovnik Cəmşid Naxçıvanski II Qarabağ süvari alayının komandiri təyin edilir. 1920-ci ilin martında C.Naxçıvanskinin Şuşada yerləşən alayı daşnaklara və daxili düşmənlərə qarşı döyüş əməliyyatlarında çox fəal iştirak edir.
...Onun daha neçə-neçə işləri, igidlikləri və -
Gəldi sovet günləri...
1920-ci ilin aprelində Azərbaycanda sovet hakimiyyəti qurulur və bolşeviklərin hamını, hər şeyi (hətta möhtəşəm tikililərin dilsiz daş-divarlarını da!) dəyişdirməkdə israrlı olduqlarını görən Cəmşid Naxçıvanski də öz süvari alayı ilə onların tərəfinə keçir. Belə ki, Nəriman Nərimanov Şuşaya təcili teleqramında Cəmşid Naxçıvanskiyə dərhal Bakıya qayıdıb, sovet Azərbaycanının milli (?!.) ordu hissələrinin təşkilinə başlamasını bildirir.
Ancaq...
Yox, hələ bu “amma”-“ancaq”lara bir xeyli vaxt qalıb...
Həmin teleqrama əsasən Şuşadan paytaxtımıza qayıdan Cəmşid Naxçıvanski Bakıda yaradılmış Azərbaycan Birləşmiş Komanda Məktəbinin rəisi, 1921-ci ilin dekabrında isə Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri təyin edilir. Ardınca isə bu Cəmşid Cəfərqulu oğlu Kəngərli isimli hərbçinin qəlb dərinliklərindəki ideallardan dolayı, “böyük qardaş”larımızın qəlbində alayı-dolayı şübhələrlə ilgili, bayaqdan motivləşdirdiyim “amma-lakin”lər başlayır. İttifaq göylərində siyasi şimşəklər çaxışı daha da gücləndikcə, ucqar respublika məkanlarının ab-havası da ictimai rekonstruksiyaya məruz qalır. Məsələn, bir vaxtlar çar Rusiyası ordusunda bilik və bacarıqlı hərbçi sayılan, orden-medallar alan C.Naxçıvanskinin 1923 və 1928-ci illərdə Moskvada Frunze adına Ali Hərbi Akademiyanın kurslarında oxuması, ictimai-siyasi-ixtisasi təhsil-təlim səviyyəsinin yüksəldilməsi kimi “mühüm məsələ”lər, “ciddi məsləhət”lər çıxır ortalığa. Halbuki o, 1931-ci ildə Frunze adına Ali Hərbi-Siyasi Akademiyaya oxumağa göndərilmiş, 1933-cü ildə akademiyanı fərqlənmə diplomu ilə bitirdikdən sonra müəllim saxlanılmış, 3 il ümumi taktika kafedrasına rəhbərlik etmiş, akademiyada əsas fakültənin kurs rəisi olmuş, 1935-ci ildə briqada komandiri vəzifəsinə təyin edilmişdi. Digər səviyyə, erudisiya-intellekt məsələlərinə gəlincə, 1922-1929-cu illərdə general Əliağa Şıxlinskinin təşəbbüsü ilə nəşr olunan “Hərbi bilik” jurnalının redaktorlarından biri idi.
Bəli, bu gənc hərbçinin bilik, bacarıq və istedadı hamıya bəlli idi və o, Moskvadan Azərbaycana qayıdan kimi, yenidən diviziya komandiri təyin edilir.
Nəhayət, birbaşa-müstəqim lakin və amma!..
Guya o, 30-cu illərin ortalarında, başçılıq etdiyi “casus təxribat dəstəsi” ilə mühacirətdə olan qardaşları - Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra rəsmi icazə ilə İrana getmiş və qısa müddətdə şah qvardiyasında yüksək rütbələrə çatmış Davudxan və Kəlbalı xanla sıx əlaqə saxlayırmış...
Bu fakt tamamilə
yalan idi. Ancaq SSRİ hökumətinin
onların antisovet fəaliyyətini dayandırması
üçün İran
hökumətinə təzyiqlər
etməsi, notalar verməsi tarixi gerçəklikdir. Belə ki,
Kəlbalı xan İranın Sovet Azərbaycanı ilə sərhədindəki rəsmi-xidməti
vəzifəsindən uzaqlaşdırılmışdı.
Hələ bu hamısı
deyil; onların bu taydakı qardaşı Cəmşid
Naxçıvanskinin sovet
ordusunda briqada komandiri olmasını və ata-babalarının
rus ordusu tərkibində İran ordusuna qarşı vuruşmasını bilən
şah onları güllələtmişdi.
Bunlar Cəmşid
Naxçıvanski kimi
bacarıqlı, intellekt,
ordu içərisində
güclü reputasiyaya
malik milli hərbi kadrın aradan götürülməsi
üçün daşnak-bolşevik
birliyinə kifayətdən
də artıq “dosye” idi.
Belə...
Fəhlə-Kəndli (!) Qızıl Ordusunda kütləvi repressiyaların kulminasiya dövründə - 20 may 1938-ci ildə Cəmşid Naxçıvanski antisovet
təşkilatın işində
iştirakda günahlandırılaraq
üçüncü dəfə
həbsə alınır.
26 avqust 1938-ci ildə
Lefortovo zindanında
SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının
səyyar məhkəmə
iclasında o, sovet hökumətinin devrilməsi
məqsədilə sui-qəsddə
iştirakda və casusluqda günahkar bilinir, əmlakı müsadirə edilməklə
güllələnmə cəzasına
məhkum olunur və hökm dərhal icra edilir...
Görkəmli generalımız Moskvadan
26 km aralıda - Kaluqa
şossesi yaxınlığında
(sabiq və məlum xalq komissarı N.Yaqodanın keçmiş bağ evində!), Stalin repressiyasının
bir çox qurbanlarının uyuduğu
qardaşlıq (!) məzarlığında
dəfn olunur...
Bir vaxtlar Azərbaycan Sovet Sosialist Respublikası və Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası Mərkəzi
İcraiyyə Komitəsinin
üzvü olmuş,
“Qırmızı bayraq”,
“Qırmızı əmək
bayrağı”, “Qırmızı
ulduz” ordenləri ilə təltif edilmiş Cəmşid Naxçıvanski 1956-cı ildə
- ölümündən 18 il sonra tam bəraət
aldı.
Ümummilli lider Heydər Əliyevin daim böyük sayğı və məhəbbətlə
yad etdiyi bu görkəmli şəxsiyyətin ruhu, sözsüz ki, şaddır; indi Bakıda ən məşhur hərbi lisey və paytaxt
küçələrindən biri onun adını
daşıyır, doğma
yurdu Naxçıvanda
isə xatirə muzeyi yaradılıb...
Tahir Abbaslı
Mədəniyyət.-2015.- 31 iyul.-
S. 13.