Milli düşüncə tariximizin fədaisi
Azərbaycanda ilk milli mətbuat orqanının - Həsən bəy Zərdabinin yaradıcısı olduğu Əkinçi qəzetinin 140 illiyi çoxsaylı tədbirlərlə qeyd olundu. Bu əlamətdar yubiley vəsiləsi ilə milli düşüncə tariximizin fədaisi, böyük maarifpərvər, alim, cəfakeş ziyalı Həsən bəy Zərdabinin həyatının bəzi səhifələrinə bir daha nəzər salmaq istərdik.
Həsən bəy Məlikov (Zərdabi) 1860-cı ildə Tiflis gimnaziyasını bitirdikdən sonra Moskva Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiətşünaslıq şöbəsinə qəbul olunur. 1865-ci ildə ali məktəbi əla qiymətlərlə bitirən Həsən bəyə nümunəvi əxlaqına və əla qiymətlərinə görə elmi şuranın qərarı ilə təbiət elmləri namizədi alimlik dərəcəsi verilir və o, elmi iş üçün universitetdə saxlanılır. Lakin vətəninə sonsuz məhəbbəti, millətinə xidmət etmək arzusu gənc müəllimi doğma Azərbaycana çəkib gətirir.
Əkinçi qəzetinin nəşrinə nail olmaq üçün H.Zərdabi çox çətinliklərlə və maneələrlə üzləşdi. 1865-ci ildə çar Rusiyasında "Senzura haqqında qəti qanun"un qəbul olunmasından sonra mətbu nəşrin qeydə alınması və çapı daha da çətinləşmişdi. Zərdabinin rəsmi orqanlara ilk müraciəti 1873-cü ilin aprel ayında olmuşdu. Maliyyə vəsaiti əldə etdikdən sonra o, Bakının qubernatoru, general-mayor D.S.Staroselskiyə ərizə ilə müraciət edərək qəzet nəşrinə icazə istədi. Qəzetin çapına nəşrin adının Əkinçi qoyulması ilə razılıq verildi. Beləliklə, 1875-ci ilin iyulun 22-də Bakıda qubernator mətbəəsində "Əkinçi"nin ilk sayı işıq üzü gördü və bununla da Azərbaycanda milli mətbuatın əsası qoyuldu. Onu da qeyd edək ki, H.Zərdabi qəzetin çapı üçün İstanbuldan ərəb qrafikalı mətbəə şriftləri də gətirtmişdi.
Əkinçi qəzetində çalışan bir sıra maarifpərvər, demokratik ziyalılar öz fikirlərini dolayı yolla olsa belə, bu qəzet vasitəsi ilə xalqa çatdırırdılar. Zərdabinin məsləkdaşları qarşılarına cəhalətə və mövhumata ağır zərbə vurmaq, xalqa maarifçilik aşılamaq, ana dilində qəzet oxumaq missiyası kimi olduqca məsuliyyətli vəzifələr qoydular.
Əkinçi qəzeti Azərbaycan dili probleminə ciddi əhəmiyyət verir və onun təkmilləşdirilməsi məsələlərinin təbliğinə kifayət qədər diqqət ayırırdı. Qəzetdə sadə, asan başa düşülən xalq sözləri və ifadələri işlədilirdi. Ayda iki dəfə 300-400 tirajla nəşr edilən Əkinçi qəzetində Moskvadan Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani, Şamaxıdan Seyid Əzim Şirvani və Məhəmmədtağı Əlizadə Şirvani, Dərbənddən Heydəri və Tiflisdən Mirzə Fətəli Axundzadənin məqalə və digər yazıları dərc olunurdu.
O dövrdə xalqın başa düşəcəyi sadə dildə belə fikirlərin qəzetdə səslənməsi təbii ki, Azərbaycanı əsarət altında saxlayan çar imperiyasının məmurlarını ciddi narahat edirdi. Digər tərəfdən, 1877-ci ildə Rusiya-Türkiyə müharibəsi başladığı zaman arxa cəbhədə türk-tatar dilində qəzetin mövcudluğundan ehtiyat edən Bakı qubernatoru həmin il sentyabrın 29-da Əkinçinin nəşrinə rəsmən qadağa qoydu. Fəaliyyət göstərdiyi 26 ay ərzində qəzetin ümumilikdə 56 sayı işıq üzü görmüşdü.
Əkinçi nəşrini dayandırdıqdan sonra, 1880-ci ildən başlayaraq Həsən bəy doğma kəndi Zərdabda yaşamağa başladı. O, kənd təsərrüfatı sahəsində yerli camaata faydalı məsləhətlər verməklə yanaş, öz maarifpərvər, demokratik ideyalarını da çatdırırdı. Şəhərdən kənarda yaşamasına baxmayaraq, Zərdabinin Bakıda və Tiflisdə çıxan Ziya, Kəşkül, Kaspi, Novoye obozreniye və s. qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunurdu. 1906-cı ildə Bakıda keçirilən Azərbaycan müəllimlərinin birinci qurultayında fəal nümayəndələrdən biri də qocaman maarif xadimi, görkəmli mütəfəkkir Zərdabi olub.
H.Zərdabi 1907-ci il noyabrın 28-də vəfat etdi. Böyük ziyalı köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunsa da, 1937-ci ildə sovet hakimiyyəti dövründə həmin ərazi dağıdıldı. Mərhumun sümükləri bir neçə il ailəsi tərəfindən qoruyub saxlanılır və nəhayət, H.Zərdabinin 50 illik yubileyi ərəfəsində onun sümükləri Fəxri xiyabanda dəfn olunur.
Elçin Cəfərov
Mədəniyyət.-2015.- 31 iyul.-
S. 15.