TÜRKSOY rəssamları Aksarayda bir araya gətirdi

 

18-ci dəfə keçirilən “Rəssamlar görüşü”nə 18 ölkə və diyardan 21 fırça ustası qatılıb

 

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un qardaş ölkələrin sənət adamlarını bir araya gətirmək, onların arasında yaradıcı ünsiyyəti genişləndirmək məqsədilə həyata keçirdiyi ənənəvi layihələrdən biri də “Rəssamlar görüşüdür. Bu il 18-ci dəfə təşkil olunan görüşə Türkiyənin Aksaray şəhəri ev sahibliyi edib.

İyulun 20-də TÜRKSOY-unAksaray bələdiyyəsinin təşkilatçılığı ilə başlanan yaradıcılıq görüşünə 18 ölkə və diyardan 21 rəssam qatılıb. Budəfəki TÜRKSOY “Rəssamlar görüşü”ndə Azərbaycanı Müşfiq Əliyev təmsil edir. Rəssamlar layihənin ənənəsinə uyğun olaraq bölgənin tarixi-mədəni irs məkanlarını, təbiət mənzərələrini, görməli yerlərini öz tablolarında əks etdirirlər.

Aksaray bələdiyyəsinin rəhbəri Haluk Şahin mətbuat konfransı keçirərək türkdilli ölkələrdən gələn rəssamları yerli ictimaiyyətə də tanıdıb. O, rəssamların Aksaraya səfərlərinə və bölgənin tarixi, mədəni gözəlliyi ilə daha yaxından tanış olmalarına görə TÜRKSOY-un baş katibi Düsen Kaseinova minnətdarlığını bildirib. Qeyd edib ki, belə tədbirlər xalqları bir-birinə daha da yaxınlaşdırır, onları daha isti bağlarla birləşdirir, duyğuları bölüşdürür.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov isə 18-ci “Rəssamlar görüşü”nə ev sahibliyi etdiyinə görə Aksarayın bələdiyyə rəhbəri Haluk Şahinə təşəkkür edib. “Bu layihəni ortaq türk mədəniyyətinin dünya miqyasında tanınması üçün bənzərsiz bir fürsət kimi qiymətləndirirəm”, - deyə o bildirib.

Qeyd edək ki, rəssamların çəkdikləri tabloları avqustun 1-dən AksaraydaAdes Park Site” ticarət və əyləncə mərkəzində sərgilənəcək. Sərgi bir həftə boyunca davam edəcək. Sonda ənənəyə uyğun olaraq rəsm əsərləri TÜRKSOY-aev sahibi şəhərə hədiyyə ediləcək. Xatırladaq ki, “TÜRKSOY rəssamlar görüşü” ötən il iyunun 16-dan iyulun 5-dək Azərbaycanda, Şəki şəhərində keçirilmişdi.

 

Mədəniyyət.-2015.- 31 iyul.- S. 16.