Fatma şikəstə...

Bu sözü mənə diktə edən - “Kəsmə şikəstə” tanrısı Fatma xanımın Səsi...

 

Hələ o qaibanə “diktə”nin ardı da var: bu ecazkar Səsə, bu “zülmkar” Kəsə qədər “Kəsmə” adlandırıldığı o şikəstənin bəsi...

Xəyallıqda hara getdim, - vəhyi-qeybanələr “hə!” səsləndilər. Reallıqda kimə üz tutdum, - “sən deyəndir!” dedilər. Ha o yan-bu yana çəkdim, baxdım ki, o şikəstə yalnız elə bu yalqız xanıma çəkir. Zikri-fikirlərə dalıb “dağı arana, aranı dağa köçürdüm”, gördüm, elə mən görəndir, -

 

Dedim:

 

- Kəs-mə, ki-ri-mə, ay Fat-ma şi-kəs-tə! “Məndə küll-muğamatdan füzuun məşuqluq istedadı var!” - deyib, uzandıqca uzan, ey başdan-başa yanğı Ozan! Gər görsən ki, ariflər susur, “eybiculər” isə “tən” etmir, davam et: “Məşuqi-sadiqə mənəm, Leylinin ancaq adı var!”

Da-yan-ma, sus-ma, ey mah! Amma həm də yanğıları azcacana azalt barı, səni Tarı! Çınqıları oxəntərə çoxaltma ki, yanğı Səs də kəlmələrə buxəntərə gəlmə gələ bilməsin. Hələ sözlərdəki ixtisar-əlavə əməliyyatların! Birində bir hərfi bada, o birində artırıban oda vermə: “Əzzinəm, a balam, badaaam sevgilim, ah... - eləyib, -Demə ki, ədə balam, sənə yadaam, sevgilim” - deyib, ardınca da könüllər təndirinə təzədən bir “Sevgiliiim!..” yapıb, yaralı yarların qəlbini dübarə paralama, Fatma şikəstə!

Sən bu “Kəsmə şikəstə”də növrəstə bir sirr, arəstə-ahəstə bir sehrsən, Mehrəliyeva Fatma!

Sən o qədər anlaşılmaz aydınlıqsan ki, adam düşdüyü çaşqınlıqdan həzz alır...

Sən o dərəcədə mükəmməl təsdiqsən ki, dinləyənlər “Nə gözəlsən, ay gözəl, Sən gözəlsən, Ay gözəl?!” (M.Müşfiq) kimi dilemma-sual qarşısında lallanan oxuculardan da betər hallanırlar...

Sən o misil folklorik, klassik, xəlqi-poetiksən ki, Səni poeziyamızın “Aydındır şeirin dili - istəyirsən sevincdən, ya qəmdən yaz. O qədər aydındır ki bu dil, - nadan yüz il oxusa, yenə bir şey anlamaz” (R.Rza) kimi “inteqral” nümunələrinə də timsal etmək mümkün...

Nəhayət, deyirəm nolar, qoy Səni bir kərə də qələm-kağız formatında dinləyək. Heç olmasa, bircə bənd:

 

Əzzinəm, a balam, badaaam sevgilim, ah...

Demə ki, ədə balam, sənə yadaam, sevgilim,

Qaraa gözlərinə qurban olduğuum... ay!

Uzaqdan, ədə balam, boyunu gördüm,

Dünya qədər şadam, sevgilim!

Sevgiliiim...

 

Qrammatik baxımdan sait-sait, estetik sarıdan samit-samit davam edən bu eşq harayının sevgi yüyənini buraxıb, keçək -

 

Öygü yiyəsinə

 

Çox deyiblər, çox yazıblar; “Kəsmə şikəstə”ni onun kimi oxuyan olmayıb və bu gün də yoxdur. Belə sözlər “görünən kəndə bələdçilik” etməyə bənzəmirmi?..

Mütəxəssislər ərz edirlər ki, “Kəsmə şikəstə” bizim zərb muğamlarımızdan biridir və “Segah” ladına əsaslanır. Olsun. Amma onlar bunu hələ də izah etməyiblər ki, görək, bu şikəstənin təyinatındakı “zərb” ifadəsi hara, Fatma xanımın ifasındakı incədən-incə, yuxadan-yuxa lirizm hara!?

Deyirlər, bu nəqli-poetik şikəstənin mətni xalq bayatıları bətnindəndir. Gözəl bir xülasə! Ancaq, nədən bəyan etmirlər ki, bu bayatı daha çox hicr ələmindənmi, ya vüsal qələmindənmi boy atıb? Bu - adca da “şikəst” Kəs-mə nədən ladca da bir belə qırım-qırım, kəsim-kəsim?

Amma musiqimizin gözəl bilicisi, professor Ramiz Zöhrabovun “Zərbi muğamlar” kitabında “Kəsmə şikəstə”ni məhz Fatma Mehrəliyevanın ifasında nota alması tamamilə təbii və alqışlanası! Bir də ona görə ki, bu şikəstə, başqa heç bir ifada bu cür bütünlükdə yarımçıq, büsbütünlükdə nakam alınmayıb və gümanımca, bundan belə də alınmayacaq. Yox, söhbət tək elə bu psixo-yaşamın Fatma xanımın özü ilə əlaqəliliyindən, yetişmədiyi arzu, çəkdiyi ağrı, qatlaşmalı olduğu acılardan getmir. Məsələ burasındadır ki, Fatma xanım bu “fərd”i şikəstədə ümum-statistik bir minorluq obrazı yaradıb!

Bəs bu obraz müəllifinin özü harada və kimlər tərəfindən yaradılıb.

 

Bu, sual deyil...

 

Bu, heç təmtəraqlı tərcümeyi-hal da deyil. Təsəvvürümdə “ümumxalq zəriflik simfoniyası” kimi obrazlaşdırdığım bu xanım, tutalım, xanəndələr məskəni Qarabağda doğulmuş olsaydı, inanın, indiyəcən ondan qanadlı-qanadlı sözlər, təfərrüat-təfərrüat məqalələr, təsərrüfat-təsərrüfat kitablar yazılmış olardı...

Bu ayıldıcı abzasdan sonra diqqətlər bu faktı daha yaxşı “akt”laşdırar ki, Fatma Yusif qızı Mehrəliyeva 1926-cı il iyunun 4-də təbiət simfoniyamız Qubada anadan olub. Hər oba-oymağı Tanrısal tablo, hər yarpağı ovqat notu - Qubada! Bu ecazkar Səsin hələ “inqə” mövsümündə, çağa çağlarında valideynləri ayrılıb və Fatmaya analığı baxıb. Məktəb yaşına çatar-çatmaz, analığı da vəfat edib. Qoca atasının himayəsində qalan balaca Fatma bu zil dərd-səri həyət-bacada astadan oxuyub, qısıla-qısıla oynamaqla yola verirmiş. Ta bir gün məktəbdə məlahətli səsi, musiqi istedadı ilə hamıdan fərqlənənə və 11 yaşında festivalda iştirak üçün Bakıya göndərilənədək. Həmin festivalda ifa etdiyi “Qubanın ağ alması” dahi Üzeyir Hacıbəylinin diqqətini necə cəlb edirsə, həyat da bu yetim qızcığazın tale məsələsini eləcə həll edir. Öz dövrünün və bütün gələcəyimizin dahi Müəllimi Üzeyir bəy ona həm də əsl atalıq qayğısı göstərir; Fatmanı məktəbdə oxudur, peşəkar musiqi təhsili alması üçün hər cür şərait yaradır. 1940-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının nəzdində “Sazçı qızlar” ansamblında işə başlayan Fatma böyük konsert salonlarında uğurlu çıxışlar edir. Böyük Vətən müharibəsi illərində döyüşən cəbhələrə yollanır, hərbçilərə mübarizə əzmi aşılayır. Muğam, təsnif, xalq və bəstəkar mahnılarının məharətli ifaçısı, “Arşın mal alan” filmində Telli rolunun mükafat və böyük tamaşaçı məhəbbəti qazanmış yaradıcısı kimi şöhrətlənir. Radio-televiziya diktorlarının elan etdikləri “Qubanın ağ alması”, “Azərbaycan maralı”, “Ahu kimi”, “Qaragilə” və neçə-neçə digər mahnılar “Oxuyur respublikanın Əməkdar artisti Fatma Mehrəliyeva” sədası ilə tamamlanır...

Və bu ustadın “Kəsmə şikəstə”sini nota almış Ramiz müəllimin “Əslində, Fatma xanım bu şikəstəni başqa ifalarından üstün tutmurdu” deyə başladığı söhbətindən bir parça: “Növbəti konsertlərin birində Fatma xanım səhnəyə çıxdı, bir mahnı oxudu, gurultulu alqışlarla qarşılandı. Məcbur qalıb ikinci, üçüncü, dördüncü mahnısını da oxudu və sanki qaçaraq addımlarla səhnə arxasına gəldi. Alqışlar isə kəsilmək bilmirdi. Tamaşaçılar israrla onu səhnəyə səsləyirdi. Bu vaxt o, qəribə bir təbəssümlə: “Axı mənim bu əzizlərim məndən nə istəyirlər? Mən ki repertuardan üç qat artıq oxudum! Hətta yoruldum...”, - dedikdə, mən dərhal müdaxilə etdim: - Fatma xanım, bəyəm bilmirsiz onlar sizdən nə istəyirlər? Fatma xanım mənim sualıma özünəməxsus təbəssümü, hələ də əl çalmaqda olan tamaşaçıların “üsyan” sədalarına isə, yenidən səhnəyə qayıdıb oxuduğu “Kəsmə şikəstə” ilə cavab verdi...

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2015.- 3 iyun.- S. 13.