Uşaqların
bayramına həsr edilmiş konsert proqramı
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı, paytaxtın Pirallahı rayonundakı 14 nömrəli uşaq musiqi məktəbinin və Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin iştirakı ilə 1 iyun - Beynəlxalq Uşaqları Müdafiə Gününə həsr edilmiş konsert proqramı keçirilib.
Konsertdən öncə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov çıxış edərək tədbir iştirakçılarını və uşaqları bayram münasibətilə təbrik edib, valideynlərə xoş arzularını çatdırıb. Bildirib ki, uşaqların azad, firavan və xoşbəxt yaşaması Azərbaycan Prezidenti İlham Əliyevin bu sahədə həyata keçirdiyi siyasətin əsas məqsədlərindən biridir.
Sonra məktəbin xor kollektivi səhnəyə dəvət olunub. Kollektiv "Qoy həmişə günəş olsun", "Ey Vətən" adlı mahnıları ifa edib. Məktəbin fortepiano şöbəsinin VII sinif şagirdləri İradə Novruzova, İlahə Balaməmmədova, Fatimə Dadaşova, VI sinif şagirdi Zəhra Umudova, V sinif şagirdləri Fatimə Şərifova, Ülkər Əliyeva, IV sinif şagirdi Aygün Əliyeva, III sinif şagirdi Fatimə İbrahimovanın ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənib. Məktəbin nağaraçalanlardan ibarət ritm qrupunun çıxışı da tamaşaçıların rəğbətini qazanıb.
Proqram Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin ifaçılarının çıxışları ilə davam edib. "Bulaq", "Cırtdan", "Çobanyastığı", "Qağayı" uşaq bağçalarının yetirmələrinin, mərkəzin solistlərinin ifasında rəqslər və mahnılar təqdim edilib.
Sonda 14 nömrəli uşaq musiqi məktəbinin
direktoru N.Mürsəlov çıxış edərək
qonaqları və uşaqları bayram münasibətilə təbrik
edib, konsertdə əməyi keçən bütün
iştirakçılara təşəkkürünü
bildirib. Fəal şagirdlərə tərifnamələr təqdim
edilib.
Mədəniyyət.- 2015.- 3 iyun.-
S. 11.