Media kəndində mədəniyyət və turizm mərkəzi fəaliyyətə başlayıb

 

I Avropa Oyunlarının Media kəndində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaradılmış mərkəz 29 may tarixində fəaliyyətə başlayıb.

Mədəniyyət və turizm mərkəzinin əsas məqsədi xarici media nümayəndələrinə Azərbaycanın turizm potensialını təbliğ etmək, paytaxt Bakı ilə yanaşı, bölgələrdə inkişaf etmiş turizm infrastrukturu haqqında məlumatlar verməkdir. Həmçinin burada Azərbaycan incəsənətini təcəssüm etdirən xalq sənətkarlığı nümunələri, xalça, geyim və məişət əşyaları, ölkəmizin turizm və mədəniyyətinin təbliği məqsədilə müxtəlif dillərdə hazırlanmış reklam-çap məhsulları, bukletbroşurlar təqdim ediləcək.

Mərkəz üçün ayrılmış ərazidə müvafiq stendlər, turizm təbliğatının əyani şəkildə aparılması üçün promo videoçarxların yayımlandığı monitorlar və digər texniki avadanlıqlar quraşdırılıb. Mərkəzdə "Bakı şəhər turu" haqqında geniş məlumat da xarici media mənsublarına təqdim edilir.

Mərkəz audio-bələdçi qulaqcıqları ilə təchiz edilib və 6 dildə təsvir olunan Azərbaycan turizm portalı - www.azerbaijan.travel saytı touch-screen vasitəsilə xarici qonaqların istifadəsinə verilib.

 

Mədəniyyət.- 2015.- 3 iyun.- S. 10.