Şokolad muzeyi
master klass təşkil etdi
Mayın 27-də
"Nikolya" şokolad muzeyinin yaradıcısı Nikolay
Popov Bakıdakı müəllif sərgisi çərçivəsində
çoxuşaqlı ailələr və uşaq evindən
olan uşaqların iştirakı ilə ustad dərsi
keçdi.
Beynəlxalq Uşaqları Müdafiə Günü ilə əlaqədar təşkil olunan tədbirə tanınmış mədəniyyət və incəsənət xadimləri də dəvət olunmuşdular. Tədbir zamanı hər bir iştirakçı şokoladyenin köməkliyi ilə Bakıda keçiriləcək I Avropa Oyunlarına həsr olunmuş şokolad martsipandan suvenir hazırladılar.
Xalq rəssamı Arif Hüseynov, Əməkdar mədəniyyət işçisi, Miniatür Kitab Muzeyinin təsisçisi Zərifə Salahova və Muzey Mərkəzinin direktoru Liana Vəzirova uşaqlarla birlikdə böyük həvəslə şokolad suvenirlərin hazırlanmasında iştirak etdilər. Uşaqlarla birlikdə müzakirələr, bacarıqların inkişafı və digər mövzularda diskussiya tədbiri daha da maraqlı etdi.
Şokoladye bildirdi ki, hər bir işdə həvəs və maraq birinci şərtdir. İnsanın bir işə marağı çox olarsa, mütləq istəyinə nail olacaq. Ona görə də tədbirə qatılan uşaqlar əgər həqiqətən də ürəkdən şokoladdan bir suveniri yaratmaq arzusundadırlarsa, onda bunu bacaracaqlar.
Qeyd edək ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, "Nikolya" şokolad muzeyi və Muzey Mərkəzi tərəfindən təşkil olunmuşdu.
Lalə Azəri
Mədəniyyət.- 2015.- 3 iyun.-
S. 10.