Gənc qənnadıçıların festivalı

 

Mayın 29-da Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzi, Azərbaycan Milli Kulinariya Assosiasiyası və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhəri 12 saylı peşə liseyində “Təhsilalan gənc qənnadıçıların respublika festivalı” keçirildi. Tədbir 28 may - Respublika Gününə və Avropa Oyunlarına həsr olunmuşdu.

Açılışda çıxış edən AMKA-nın prezidenti Tahir Əmiraslanov tədbirin əhəmiyyətini yüksək qiymətləndirərək iştirakçılara uğurlar arzu etdi. Bildirdi ki, I Avropa Oyunlarının Bakıda keçirilməsi xarici qonaqlara Azərbaycan mətbəxini təbliğ etmək üçün yaxşı fürsət yaradıb. Festivalda Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Turizm Peşə Məktəbi, 12, 13 və 18 saylı peşə liseyləri və Bakı Qida Sənayesi Kollecinin müəllim və şagirdləri hazırladıqları qənnadı məmulatlarını təqdim etdilər. Qənnadı məmulatlarının üzərində Avropa Oyunlarının atributları, idman növləri təsvir olunmuşdu.

Festivala dəstək verən “Azersun Holding” şirkətlər qrupu, “Araz computers” firması, “Millenium travel” şirkəti, “Pizza Hat” restoranı, “İnci” firması, “R&R” şirkəti, “Vinni” şirniyyat evi və “Ketchi” firmasının əməkdaşlarına və festivalda fərqlənən şirniyyatçılara AMKA-nın diplomları təqdim olundu.

Tədbir çərçivəsində AMKA-nın üzvü Aysel Hüseynova tərəfindən qənnadı məmulatlarının tərtibatı üzrə usta dərsi də nümayiş olundu.

Sonra “Azərbaycan mətbəxi: dadsonrası dad” sənədli filmi nümayiş olundu. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilmiş filmin rejissoru Şamil Nəcəfzadə, elmi redaktoru Tahir Əmiraslanovdur.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 3 iyun.- S. 10.