Nyu-Yorkda
“Ötüb keçərkən...”
Tanınmış rəssam, YARAT Müasir İncəsənət Məkanının təsisçisi Aida Mahmudovanın fərdi sərgisi haqqında təəssürat
Rəssamın
fırçası yazıçının qələminə
bənzəyir. Fərq ondan ibarətdir ki, rəngkarlığı
“lal sənət” adlandırırlar. Əsər
yaradılır, sənətsevərin ixtiyarına, mühakiməsinə
verilir. Biz onu hərfbəhərf oxumuruq, dinləmirik, sadəcə,
hiss edirik. Rəssamın yaratdığı sənət
nümunəsindəki sirləri gözlərimizlə duyur, qəlbimizlə
hiss edirik. Hər kəs yaradılan əsəri öz
düşüncəsinə, öz istəyinə uyğun qəbul
edir, öz nəzəri baxışları ilə dəyərləndirir.
Yaradılan sənət əsərində hər kəs
öz dünyasının axtarışına
çıxır...
Mayın 28-də Nyu-Yorkun (ABŞ) “Leila Heller” qalereyasında tanınmış azərbaycanlı rəssam, YARAT Müasir İncəsənət Məkanının təsisçisi Aida Mahmudovanın “Ötüb keçərkən...” ("Passing By...") adlı fərdi sərgisinin açılışında iştirak etdiyim zaman hər bir seyrçinin gözündə həmin bu hissləri açıq-aydın sezdim.
Aida Mahmudova Sent Martins İncəsənət və Dizayn Mərkəzi Kollecinin məzunudur. Azərbaycan və Avropada çoxsaylı rəsm sərgilərinin iştirakçısı olan rəssam hazırda ABŞ-da fərdi sərgisini təqdim edir. İtalyan rəssam və kurator Piyetro Finelli məqalələrindən birində Nyu-Yorkun Çelsi rayonunu müasir incəsənətdə fenomenal layihə adlandırıb. Bu günlər Aida Mahmudovanın “Ötüb keçərkən...” instalyasiyası bu nadir layihənin bir hissəsinə çevrilib.
Əsrarəngiz gözəlliklər aləminə baş vuran tamaşaçılar Aida Mahmudovanın sənət dünyasının sehrinə düşmüşdülər. Belə mötəbər bir tədbirdə bir tamaşaçı və qonaq kimi iştirakımızdan məmnun olmaqla bərabər, həm də sərginin təşkil edildiyi məkanın da özünəməxsus gözəlliklərinə heyran olduq. Dünyanın tanınmış rəssam və sənət adamları məhz bu məkanda sənət nümunələrinin təqdimatı üçün bir neçə il öncədən danışıqlar aparırlar. Qalereya öz nüfuzu ilə dünya incəsənət aləmində tanınır. Məqsədi Yaxın Şərq və Orta Asiyanı təmsil edən adları müasir incəsənət (art) məkanında tanıtmaq, dəstəkləmək, təbliğ etməkdir. Bunun nəticəsi olaraq, qalereyanın təqdim etdiyi rəssamlar dünya art-məkanında artıq məşhur adlardır. Aida Mahmudovanın sənət nümunələrinin bu qalereyada yaratdığı ab-hava xoş hisslər bəxş edirdi. Sərginin açılışının Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 97-ci ildönümünə, 28 may tarixinə təsadüf etməsi də bizdə xüsusi bir ovqat yaratmışdı. Bu gün tarixi olduğu qədər də rəmzi məna daşıyırdı.
Mərasimdə çıxış edən rəssam özü də sərginin açılışının məhz 28 may tarixinə təsadüf etməsindən fərəh duyduğunu dilə gətirdi. Hamımız bu iki əlamətdar hadisəyə çox sevinirdik.
Sənət adamlarının, qalereyaçıların iştirak etdiyi sərgi böyük maraqla qarşılandı. Mütəxəssislər təqdim olunan əsərləri həvəslə müzakirə edir və bizimlə təəssüratlarını bölüşürdülər. Tənqidçilər, qalereya sahibləri və diplomatlar, həmçinin tanınmış rəssamlar Şirin Neşat, Şodja Azəri, Əfruz Amiqi, Emiliya Kabakova, Vaşinqtondakı Hirşhorn Muzeyinin direktoru Melissa Çiu, sənətşünaslıq doktoru Şiva Balaqi, “Barbara Gladstone” qalereyasının direktoru Karolin Luçe və dünya art-birliyinin bir çox nümayəndələri qonaqlar arasında idilər. Ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov və Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev də müasir incəsənətimizin təbliğinə təşrif buyurmuşdular.
Bilirik ki, rəssamlıq sənətinin əsas əlamətləri obrazlılıq, emosionallıqdır. Bütün rəssamlarla oxşar əlamətlərdən əlavə Aida Mahmudovanı digər sənət adamlarından fərqləndirən bir çox xüsusiyyətləri var. Ən əsası odur ki, onun əsərlərində gözlə görünməyən obrazlar belə cızılır. Bu əsərlərin hər birində Azərbaycanı, Bakını görürsən. Rəsmlər duyğuların cilalanmış həm portreti, həm də mənzərəsidir. Sənət nümunələri əlvan rənglərlə elə alışıb-yanır ki, ürək bu alovdan güc alır. Sanki uzaq Nyu-Yorka Azərbaycan günəşi doğub və bütün seyrçilər də bu işığa toplanıblar. Mənim üçün bir qalereyaçı kimi Aida xanımın dəst-xətti əsrarəngiz bir gözəllik olmaqla yanaşı, həm də bir tapıntıdır.
Rəssam ömrü boyu axtarışda olur. Aida xanım da öz dəst-xəttini tapmaqla daha geniş axtarışlara yol açıb, daima axtarışdadır. Təqdim edilən sənət əsərləri də bu axtarışların sonsuzluğundan xəbər verir. Əsərlərin hər birində rəssamın xəyal dünyası, baxışları, hər gününün öz əhval-ruhiyyəsi özünü göstərir. Tablolar insanı gələcəyə, xoş ümidlərə səsləməklə yanaşı, həm də nostalji hissləri oyadır. Rəssam öz xatirələrini, duyğularını, bizi əhatə edən qəribə və ecazkar dünyaya reaksiyasını reallıqla və bacarıqla canlandırır. Sonsuz kainat və sönməyən arzular, bu günümüzün reallığı və sabahın ümidləri... O əsərdə ki, seyrçi yaşam görür, həmin əsər, sözün müsbət mənasında, qiymətsiz bir sənət nümunəsidir. Rəssam fırça ilə öz daxili aləmini, düşüncələrini, baxışlarını təbliğ edir. Təqdim edilən hər bir işin öz aurası var və özünəməxsus iti baxışı olan rəssamın sənət dünyası peşəkarlıqdan xəbər verir. İstedad və bacarığın vəhdət təşkil etdiyi peşəkarlıq. Bu peşəkarlıq və sənətə təmənnasız məhəbbət nəticəsində seyrçi tablo qarşısında onun müəllifinin portretini görə bilir. Hətta onu tanımasa belə. Abşeron mühitini əks etdirən əsərləri izləyən zaman insanın bütün yaşamı, duyğuları, xoşbəxt uşaqlıq xəyalları gözü önündə canlanır. Kədər və sevinc... Bütün bu duyğular Aida xanımın kolleksiyamdakı əsərləri sırasında daha birinin ən yüksək yerdə qərar tutmasına səbəb oldu. İlk andaca gördüyüm bu tablonu heç düşünmədən belə almaq qərarına gəldim. Qeyd edim ki, rəssamın heykəltəraşlıq əsərləri və rəsmləri bir çox beynəlxalq sərgilərdə nümayiş etdirilib, dünyanın müxtəlif şəhərlərində fərdi kolleksiyalarda saxlanılır.
“Leila Heller” qalereyasında keçirilən sərgi Azərbaycan incəsənəti üçün mühüm hadisələrdən biri oldu. Böyük ölçülü tablolardan ibarət mənalı və əhəmiyyətli sərgidə təqdim edilən 8 əsər çox güclü təəssürat yaradır. Bir-birindən fərqli rəngkarlıq əsərləri, səssiz, sakit və eyni zamanda qəlb çırpıntılarını özündə əks etdirən tablolar. Bu tablolarda hava var, Vətən var, dünya var. Rəssamın yaradıcılığında vətən sevgisi ön plandadır. Yaratdığı mövzular milli sərvətimiz, ölkəmizin gözəllikləridir. Ölkəmizin mədəniyyətini, sənətini bu qədər sevmək, Bakının ruhu hopmuş əsərləri ABŞ-da təqdim etmək bütünlükdə Azərbaycanı dünyaya tanıtmaq deməkdir. Şəhər estetikasını, mükəmməl üslubu əcnəbilərə təqdim etmək, onlarda Azərbaycan mədəniyyətinə maraq oyatmaq hər bir azərbaycanlı kimi mənim üçün də qürurverici idi.
Mənzərə janrında işlənən əsərlərdə bədii obrazlara da yetərincə yer var. İdeya, onun təhlili, işlənib hazırlanması və mükəmməl reallaşması. İslam memarlığının əks edildiyi tablolarda tarixi abidələrlə yanaşı, sadə tikililər öz yerini bərqərar edir. Təbiətin təmiz rəngləri və vətən sevgisindən düşən işıq Azərbaycanın müxtəlifliyini seyrçiyə aydın şəkildə çatdıra bilir. Bizi keçmişimizə, unudulmaz günlərimizə qaytaran, nostalji hisslərlə aşıb-daşan əsərlərin hər birində rəssamın fərqli baxışları öz əksini tapır. Bütün bunlar haqqında Aida Mahmudova özü belə deyir: "Rəsmlərimdəki səhnələr mənim üçün şəxsi əhəmiyyətə malikdir; onlarda Bakıdakı məkanlarla, xatırladığım və təsəvvür elədiyim yerlər bir araya gəlir. Hər bir mənzərə daim dəyişən arxa plandakı sabitlik anını əks etdirir”.
Aida Mahmudova 2011-ci ildən YARAT Müasir İncəsənət Məkanının təsisçisi və bədii rəhbəridir. YARAT Azərbaycanda müasir incəsənətin ictimai dərki və onun ölkə daxilində və beynəlxalq səviyyədə təbliğ olunması ilə məşğuldur. Bu gün mədəniyyətimiz çox böyük inkişaf yolundadır. Xarici səfərlərdə olduğumuz zaman, ölkəmizə təşrif buyuran ziyalılar Azərbaycanın müasir dövrdə inkişafı və quruculuq işlərindən heyranlıqla danışanda biz də görülən işlərin dəyərini verməyi bacarmalıyıq. Bu gün dünyada sənətimizin, mədəniyyətimizin təbliği düzgün siyasətlə həyata keçirilir. Bu işdə sənətə xidmət edən mədəniyyət işçisi olaraq öz layiqli töhfəmizi əsirgəməməliyik. Heydər Əliyev Fondunun və YARAT Müasir İncəsənət Məkanının mədəniyyətimizin təbliği yönündə fəaliyyəti Azərbaycanın gələcəyinə hesablanmış uğurlu siyasətin ayrılmaz hissəsidir.
Elçin Orucov,
Əməkdar mədəniyyət
işçisi, rəssam
Mədəniyyət.- 2015.- 3 iyun.-
S. 9.