Berlin televiziyasında Azərbaycan haqqında reportaj

Almaniyanın "TV Berlin" kanalı Azərbaycan haqqında reportaj hazırlayıb. Reportajda ölkəmizdə keçiriləcək I Avropa Oyunları, Bakı şəhərinin müasir və tarixi yerləri, İçərişəhər, Şirvanşahlar sarayı, Atəşgah məbədi, palçıq vulkanları, Qobustan qoruğu, Göygöl rayonundakı alman yaşayış məskənləri haqqında məlumat verilir.

Telekanala müsahibə verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizə daha çox turist cəlb etmək üçün görülən işlərdən söz açıb, xarici turist sayının ilbəil artdığını bildirib. Nazir ölkəmizdə həyata keçirilən infrastruktur işlərindən də bəhs edib, son illərdə yeni brend hotellərin istifadəyə verildiyini diqqətə çatdırıb.

Bakının dünya səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini vurğulayan Əbülfəs Qarayev I Avropa Oyunları, Mədəniyyətlərarası Dialoq Forumu, bölgələrdə keçirilən beynəlxalq musiqi festivallarının əhəmiyyətini qeyd edib. Bildirilib ki, bu tədbirlər əcnəbi qonaqlara adət-ənənələrimiz, mədəniyyətimiz, eləcə də ölkəmizin gözəl guşələri ilə tanışlıq imkanı yaradır. Müxtəlif dinlərin nümayəndələrinin yaşadığı Azərbaycan yüksək tolerantlıq ölkəsi kimi tanınır.

Azərbaycanın qədim tarixə malik zəngin milli mətbəxindən söz açan nazir sonda hər kəsi ölkəmizin gözəllikləri ilə tanış olmağa dəvət edib.

Reportaja aşağıdakı link vasitəsilə baxmaq olar:

https://www.youtube.com/watch?feature=youtu.be&v=U_KqywQOR2w&app=desktop

 

Mədəniyyət.- 2015.- 3 iyun.- S. 8.