Mədəniyyət
və Turizm Nazirliyi Avropa Şurasının iclasında təmsil
olunur
İyunun 1-də Fransanın Strasburq şəhərində Avropa Şurasının Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin 4-cü iclası işə başlayıb. İclasda Azərbaycanı mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Rəhbər Komitənin sədri Bruno Favel açılış nitqindən sonra Avropa Şurasının Demokratiya üzrə baş direktoru xanım Snejana Samardjiç-Markoviç əməkdaşlıq və inkişaf sahəsində mədəniyyətin rolundan danışıb.
İclasın ilk iş günündə 2015-ci il üçün tədbirlər planı, Avropa Şurasının müvafiq sahələrdə konvensiyalarının icrası, eləcə də 2016-2017-ci illərə dair proqram və büdcənin hazırlanması nəzərdən keçirilib. Yeni "Kinematoqrafiya istehsalı üzrə Konvensiya"nın ilkin versiyası Avropa Şurası Nazirlər Komitəsi tərəfindən təsdiqlənməsi üçün razılaşdırılıb.
İclasda həmçinin "Mədəniyyət və rəqəmsallaşmanın mübadiləsi üzrə birinci platforma konfransının" 2014-cü ilin iyul ayında Bakıda təşkil olunmasına görə Azərbaycan hökumətinə təşəkkür bildirilib və ikinci platforma görüşünün 2015-ci ilin 4-5 sentyabr tarixində Avstriyanın Linz şəhərində keçiriləcəyi qeyd olunub.
İclasın ilk günündə Macarıstan Baş nazirinin Aparatının İrs şöbəsinin bölmə müdiri Katalin Csillag və Avropa Şurasında Demokratik vətəndaşlıq və iştirak şöbəsinin direktoru Jan-Kristof Basla görüşlər keçirilib. Görüşlərdə 18-19 may tarixində Bakıda təşkil olunmuş 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun nəticələri və mədəniyyət sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
Rəhbər Komitənin iclası iyunun 3-də
başa çatacaq.
Mədəniyyət.- 2015.- 3 iyun.-
S. 3.