Avropa Şurası Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin iclası

 

Tədbirdə 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun nəticələri haqqında təqdimat keçirilib

 

İyunun 1-dən 3-dək Fransanın Strasburq şəhərində Avropa Şurasının Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin 4-cü iclası keçirilib. İclasda mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın başçılıq etdiyi nümayəndə heyəti aktiv iştirak edib.

 

Nümayəndə heyəti 2008-ci ildə Prezident İlham Əliyev tərəfindən əsası qoyulmuş mədəniyyətlərarası dialoqa dair “Bakı prosesi” və bu ilin 18-19 may tarixində Bakıda böyük uğurla təşkil olunmuş 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun nəticələri haqqında təqdimat keçirib. Təqdimatda Forumdan videoçarx nümayiş etdirilib, Şərq və Qərbin kəsişməsində yerləşən Azərbaycanın mədəniyyətlərarası dialoqda rolu, Forum iştirakçıları, eyni zamanda təşkil olunan plenar iclas və sessiyalar haqqında, Avropa Şurasının “Bakı prosesi”ndə iştirakı haqqında məlumat təqdim olunub.

Nazir müavini Sevda Məmmədəliyeva çıxışında həmçinin Bakıda keçiriləcək ilk Avropa Oyunları haqqında məlumat verib və iclas iştirakçılarını bu tədbirə dəvət edib.

Verilən bütün məlumatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb və artıq bir neçə ölkə tərəfindən 2017-ci ildə keçirilməsi planlaşdırılan 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda əməkdaşlıq təklifləri irəli sürülüb.

İclasda Avropa Şurasının müvafiq sahələrdə konvensiyalarının icrası, 2016-2017-ci illərə dair proqram nəzərdən keçirilib və gələn iclasa qədər Komitənin sədri və büro üzvləri seçilib.

"Kinematoqrafiya istehsalı üzrə Konvensiya"ya edilən dəyişikliklərin ilkin versiyası Avropa Şurası Nazirlər Komitəsi tərəfindən təsdiqlənməsi üçün müzakirəyə çıxarılıb və razılaşdırılıb, həmçinin "Avropa landşaft Konvensiyası"na dair cari ilin 18-20 mart tarixində Strasburq şəhərində keçirilən görüşün nəticələri təqdim olunub.

Müasir zamanda yeni texnologiyaların mədəniyyətə təsiri mövzusuna dair müzakirələrə iclasda mühüm yer ayrılıb. Xatırladaq ki, "Mədəniyyət və rəqəmsallaşmanın mübadiləsi üzrə birinci platforma konfransı" 2014-cü ilin iyul ayında Bakıda təşkil olunub. Bununla bağlı Rəhbər Komitə adından Azərbaycan hökumətinə təşəkkür bildirilib və ikinci platforma görüşünün 2015-ci ilin 4-5 sentyabr tarixində Avstriyanın Linz şəhərində təşkil olunacağı bildirilib. Həmçinin Avropa Şurasının dəstəyi ilə yaradılan “Compendium” və “Herein” adlı internet platformaları haqqında müvafiq ekspertlər tərəfindən məlumat verilib və son bir il ərzində tətbiq edilən yeniliklər təqdim olunub.

İclas çərçivəsində Avropa İttifaqının maliyyə dəstəyi və Avropa Şurasının koordinatorluğu ilə həyata keçirilən "Tarixi şəhərlərdə icmalar tərəfindən idarə edilən şəhər strategiyası"na (COMUS) dair tərəfdaş ölkələrin görüşü də keçirilib.

22-24 aprel 2015-ci il tarixində Belçikanın Namür şəhərində keçirilmiş Avropa Şurasının irs məsələləri üzrə məsul nazirlər konfransının nəticələri iştirakçıların nəzərinə çatdırılıb.

Azərbaycan nümayəndə heyəti Macarıstan Baş nazirinin Aparatının İrs şöbəsinin bölmə müdiri Katalin Csillag, Avropa Şurasında Demokratik vətəndaşlıq və iştirak şöbəsinin direktoru Jan-Kristof Bas, demokratik idarəetmə şöbəsinin direktoru Klaudia Luçiani ilə görüşlər keçirib. Görüşlərdə 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun nəticələri və mədəniyyət sahəsində əməkdaşlıq imkanları araşdırılıb.

Sonda Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitənin 4-cü iclasının yekun hesabatı qəbul olunub.

 

Mədəniyyət.- 2015.- 5 iyun.- S.