Uşaqlar dünyanın səadətidir

 

Quba rayon MKS-nin Mərkəzi kitabxanasının uşaq şöbəsində 1 iyun - Beynəlxalq Uşaqları Müdafiə Günü ilə əlaqədar “Hər uşaq xoşbəxt olsun!” mövzusunda səhərcik keçirilib.

Şöbənin müdiri Zərəfşan Yasinova uşaqlara təbriklərini çatdırıb. Bildirib ki, hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır. Oxu zalının müdiri Rima Seyfullayeva qeyd edib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan 1994-cü ildə BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulub, “Uşaq hüquqları haqqında” qanun qəbul edilib.

Çıxışlardan sonra şəhər 5 saylı tam orta məktəbin şagirdləri şeirlər səsləndiriblər. Sonda MKS-nin rəhbərliyi adından uşaqlara hədiyyələr təqdim olunub.

* * *

Qazax rayon Mərkəzi kitabxanasının uşaq şöbəsinin qarşısında açıq havada “Uşaqlar dünyanın ən böyük səadətidir” adlı şənlik keçirilib. Tədbiri açan MKS-nin direktoru Solmaz Babanlı dövlətimiz tərəfindən uşaqlara göstərilən diqqət və qayğıdan danışıb.

Kitabxananın uşaq şöbəsinin müdiri Firəngiz Abdıyeva “Uşaqlar gələcəyimizin əmanətidir” adlı məruzə ilə çıxış edib. Şagirdlər və bağça uşaqları şeirlər söyləyib, mahnılar səsləndirib, xalq rəqslərimizi ifa ediblər. Kitab və jurnallardan ibarət sərgilərdə 250 nüsxədən çox ədəbiyyat nümayiş etdirilib.

* * *

Salyan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Beynəlxalq Uşaqları Müdafiə Günü münasibətilə Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Tədbirdə Q.Əsgərov adına uşaq incəsənət məktəbinin kollektivi öz əsrarəngiz musiqi nömrələri ilə çıxış edərək dinləməyə gələnlərə xoş anlar yaşadıblar.

 

Mədəniyyət.- 2015.- 5 iyun.- S. 12.