“İllərin izi ilə”

 

Professor Timuçin Əfəndiyevin mətbu əsərlərini əks etdirən kitab işıq üzü görüb

 

Görkəmli tədqiqatçı alim, Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor Timuçin Əfəndiyevin adı təkcə respublikamızda yox, onun hüdudlarından kənarda da çoxlarına yaxşı tanışdır. Yaradıcı ömrünün böyük hissəsini elm, təhsil və mədəniyyətin inkişafına həsr etmiş professor Timuçin Əfəndiyev 20-dən artıq dəyərli kitabın, yüzlərlə məqalənin müəllifidir. O, respublikamızda və dünyanın əksər ölkələrində nüfuzlu elmi-nəzəri konfransların iştirakçısı olmuş, Azərbaycan mədəniyyəti və incəsənəti mövzusunda mühazirələr oxumuşdur.

 

Görkəmli tədqiqatçı alim və vətəndaş ziyalı olan Timuçin müəllimin geniş maraq dairəsi, çoxcəhətli fəaliyyəti, elmi təfəkkürü, çevik, məqsədyönlü idarəçilik və təşkilatçılıq qabiliyyəti bir çox qələm sahiblərinin diqqətini cəlb etmiş, onun haqqında kitablar, həmçinin çoxlu sayda məqalələr, xatirələr, ürək sözləri yazılaraq nəşr edilmişdir.

Timuçin Əfəndiyevin həyat və fəaliyyətini işıqlandıran ilk irihəcmli tədqiqat işinin işıq üzü görməsindən on il keçir. Tanınmış azərbaycanşünas alim, professor Nizaməddin Şəmsizadə tərəfindən qələmə alınmış həmin kitab «Böyük nəslin davamçısı» adlanırdı. Bundan sonra professor Timuçin Əfəndiyevin üç dildə - Azərbaycan, ingilis və rus dillərində əhatəli biblioqrafik göstəricisi işıq üzü gördü. Biblioqrafik göstərici dosentlər V.Əliyev və X.Zeynalov tərəfindən nəşrə hazırlanmışdı. Burada görkəmli elm və təhsil fədaisinin kitablarının annotasiyası, iştirakçısı olduğu mühüm konfranslar, dərc etdirdiyi elmi-nəzəri və elmi-publisistik məqalələrin adları, qısa məzmunu, nəşr olunduğu dövri nəşrin adı və tarixi çox səliqə ilə, tarixi ardıcıllıq prinsipi əsasında sıralanmışdır. Hər iki əsər Timuçin Əfəndiyevin zəngin irsinin araşdırılması üçün dəyərli mənbədir və tədqiqatçılar məxəz kimi onlardan istifadə edirlər.

Bu yaxınlarda professor Timuçin Əfəndiyevin onilliklər boyu toplanmış geniş elmi-nəzəri fəaliyyətini əks etdirən yeni kitab işıq üzü görmüşdür. “İllərin izi ilə” adlı kitabda professorun bir neçə onillik ərzində müxtəlif mətbu orqanlarda çap edilmiş çoxsaylı yazılarının ən dəyərli, məzmunlu qismi toplanmışdır. Əsərə həmçinin professorun bəzi nəşr olunmuş konfrans materialları, kitablarının xülasələri də daxil edilmişdir ki, bu da yeni nəşrin elmi dəyərini artırır.

«Elm» nəşriyyatında işıq üzü görən kitab Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunda hazırlanmış, müzakirə olunaraq təqdir edilmiş və nəşr olunması qərara alınmışdır. Görkəmli alimin teatr, kino, təsviri sənət, musiqi, kulturologiya və s. sahələrdə ərsəyə gətirdiyi əsərlər məzmun və istiqamət etibarilə institutumuzun elmi problematikası ilə üst-üstə düşür. Məhz bu baxımdan Timuçin Əfəndiyevin çoxcəhətli fəaliyyətinin institutumuzda araşdırılması və məqalələrinin tərəfimizdən nəşrə hazırlanması öz məntiqi əsasını tapmış olur.

Kitabın tərtibçisi sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalovdur. Nəşrin elmi redaktoru Dövlət mükafatı laureatı, filologiya üzrə elmlər doktoru, professor Nizaməddin Şəmsizadədir. Əsərə Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov və tanınmış teatrşünas alim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ədalət Vəliyev rəy vermişlər.

Kitab iki hissədən ibarətdir. Birinci hissədə professor Timuçin Əfəndiyevin məqalələri, ikinci hissədə isə onun haqqında mətbuat səhifələrində dərc olunmuş yazılar toplanmışdır.

Nəşrin tərtibçisi X.Zeynalovun yazdığı geniş ön sözdə kitabın məzmunu, quruluşu haqqında məlumat verilmiş, professor Timuçin Əfəndiyevin geniş elmi-nəzəri və ictimai fəaliyyəti işıqlandırılmışdır. Tərtibçi vurğulayır ki, professorun bir neçə on il ərzində yazdığı tutumlu məqalələr teatrşünaslığın, kinoşünaslığın, təsviri və dekorativ-tətbiqi sənətin, musiqi sənətinin, xoreoqrafiyanın, eləcə də kulturologiya və muzeyşünaslığın inkişafına dəstək olmuşdur. Bu sahələrin hər biri haqqında professor Timuçin Əfəndiyevin tədqiqat işlərində, kitablarında bütöv fəsillər mövcuddur. Alimin sənət və sənətkarlıq məsələlərini, incəsənətdə tarixilik və müasirlik problemlərini əhatə edən monoqrafiyaları zəngin elmi-nəzəri mənbə olmaqla bərabər, həm də praktik əhəmiyyətə malikdir. Bu kitablardan tələbə və magistrlər dərs vəsaiti kimi, doktorantlar, tədqiqatçı alimlər isə elmi mənbə kimi istifadə edir.

Alimin yaradıcılığını və şəxsiyyətini xarakterizə edən tərtibçi yazır: «Professor Timuçin Əfəndiyev Azərbaycanın elə ziyalılarındandır ki, fəaliyyəti, istiqamət və məzmunundan asılı olmayaraq qapalı qalmamış, o, hər zaman mətbuatla təmasda olmuş, «zəmanənin aynası» hesab edilən qəzet və jurnallarla sıx əməkdaşlıq etmişdir. Yaradıcılıq fəaliyyətinin erkən üfüqlərində - ötən əsrin 60-70-ci illərində əsasən elmi xarakterli yazılarla ədəbi-ictimai jurnallarda, elmi məqalələr toplularında, konfrans materiallarında çıxış edən gənc mütəxəssis sonralar qələmilə mətbuat aləminin geniş və dərin qatlarına sirayət etmiş, hərtərəfli, əhatəli xarakterə malik ictimai məzmunlu məqalələrlə cəmiyyətin diqqətini özünə yönəltmişdir» (“İllərin izi ilə”, s. 3-4).

X.Zeynalov göstərir ki, illər ötdükcə Timuçin Əfəndiyevin maraq dairəsi xeyli genişlənmiş, yazıların kəsəri, elmi tutumu artmış, dərc olunduğu dövri mətbuat orqanlarının sayı çoxalmışdır. İlk məqalələrini «Ulduz», «Elm və həyat», «Kənd həyatı» jurnallarında, AMEA-nın «Xəbərlər»ində dərc etdirən alim sonralar «Xalq qəzeti», «Azərbaycan», «Respublika», «Ədəbiyyat qəzeti», «Mədəniyyət» və başqa mətbuat orqanları ilə ünsiyyətini genişləndirib.

Professor Timuçin Əfəndiyenvin bir çox yazıları həqiqi vətəndaşlıq mövqeyindən yazılmış, dövlətçilik, azərbaycançılıq ideyalarını tərənnüm etməklə yanaşı, həm də sənət problemlərinə yönəlmişdir. Onun belə məqalələrindən «Heydər Əliyevin ədəbi siyasəti», «İlham Əliyev və Azərbaycan dövlətinin teatr siyasəti», «Qloballaşma dövründə kulturoloji innovasiyalar: reallıq və zərurətin kəsişməsində» və bir çox başqaları diqqəti xüsusilə cəlb edir.

Professor Timuçin Əfəndiyevin elmi fəaliyyətinin önəmli hissəsini ulu öndər Heydər Əliyev və Azərbaycan mədəniyyəti mövzusu təşkil edir. Görkəmli alim bu mövzuda uzun illər tədqiqat aparmışdır və bu gün də aparmaqda davam edir. «İllərin izi ilə» kitabında professorun ulu öndərin milli mədəniyyətimizi, incəsənətimizi, mənəvi dəyərlərimizi qoruması, inkişaf etdirməsi barədə maraqlı yazılar toplanmışdır. Alim ulu öndər Heydər Əliyev və Azərbaycan mədəniyyəti mövzusunu çoxmüstəvili kontekstdə nəzərdən keçirmiş, teatr, kino, musiqi, xoreoqrafiya, təsviri sənət, memarlıq və digər sənət sahələrinin inkişafında onun əvəzsiz rolunu, sənətə, sənətkara göstərdiyi qayğını qeyd etmiş və əsaslandırmışdır.

Kitab nəşrə hazırlanarkən tərtibçi elmi-nəzəri və ictimai əhəmiyyəti daha yüksək olan mətbu nəşrlərə üstünlük verib. Həqiqətən də, kitabda toplanmış yazıların əksəriyyəti mövzu və problemin aktuallığı baxımından diqqət çəkir. Ön sözdə tərtibçi xüsusi olaraq vurğulayıb ki, Timuçin Əfəndiyev hər zaman mətbuatla sıx ünsiyyət saxlamış, insanları düşündürən, narahat edən məsələlər barədə məhz qəzetlər vasitəsilə öz fikrini bildirmişdir. «Xalq qəzeti», «Respublika», «525-ci qəzet», «Sənət dünyası» və s. mətbu orqanlarda çap olunmuş materiallar təəssübkeş ziyalının yüksək vətəndaşlıq mövqeyini, tədqiqatçı alim münasibətini əks etdirir. Professorun «Humanist sənətkar», «İnsan unudulmur» haqqında», «Musiqi ənənələrinə sadiqlik», «Teatr və müasirlik», «Düşünən və düşündürən sənətkar», «Duyğulardan qanadlanan rənglər», «Azərbaycan teatrşünaslığı: dünənimizdən sabahımıza uzanan yol» kimi məqalələri ciddi sənətşünaslıq problemlərinin təcəssümü baxımından olduqca təqdirəlayiq və gərəklidir. Professor Timuçin Əfəndiyevin Abbas Mirzə Şərifzadə, Mirzağa Əliyev, Sidqi Ruhulla, Fatma Qədri, Hökümə Qurbanova, İsmayıl Dağıstanlı, Kazım Ziya, Həsənağa Turabov, Həsən Məmmədov, Qəmər Almaszadə, Tamilla Şirəliyeva, Rəfiqə Axundova, Maqsud Məmmədov, Aleksandr Tuqanov, Mehdi Məmmədov, Tofiq Kazımov, Rauf Kazımovski, Tofiq Tağızadə, Rasim Ocaqov, Böyükağa Mirzəzadə, Mikayıl Abdullayev, Nadir Qasımov, Yusif Məmmədov, Sərvər Qəniyev, Xəyyam Mirzəzadə, Firəngiz Əlizadə və bir çox başqa sənət fədailəri haqqında söylədiyi fikirlər, onların sənətinə verdiyi qiymət, düşündürücü elmi təhlillər bu məqalələrdə, kitablarda dəfələrlə öz ifadəsini tapıb.

Kitabın ikinci fəslinin də oxucu marağına səbəb olacağı şəksizdir. Bu fəsildə Azərbaycanın görkəmli dövlət, ictimai, elm, ədəbiyyat, mədəniyyət xadimlərinin, tanınmış ziyalıların, sənətkar və pedaqoqların onun haqqındakı fikirləri, ürək sözləri yer almışdır. Akademiklər Kamal Talıbzadə, Tofiq Köçərli, Siyavuş Qarayev, Kamal Abdulla, xalq yazıçıları Hüseyn Abbaszadə, Anar, Xalq şairi Qabil, xalq artistləri Eldar Quliyev, Oqtay Mir-Qasım və digərlərinin Timuçin Əfəndiyev haqqındakı fikirləri, onu bir şəxsiyyət və alim kimi dəyərləndirmələri olduqca maraqlı və təsirlidir.

Kitabın daha bir maraqlı xüsusiyyəti burada görkəmli alimin kitablarının siyahısının və annotasiyalarının verilməsidir. Ön sözdə deyildiyi kimi, bunda məqsəd haqqında dövri mətbuatda çoxsaylı məqalələr, rəylər nəşr edilmiş həmin kitablar haqqında oxucuda ətraflı təsəvvür yaratmaqdır.

Alimin uzun illər ərzində yazıb ərsəyə gətirdiyi kitabların xülasələrindən məlum olur ki, o, incəsənətin əksər sahələri ilə dərindən maraqlanmış, əsasən monoqrafik və dərslik xarakterli əsərlər nəşr etdirmişdir. Əməkdar incəsənət xadimi Timuçin Əfəndiyevin irihəcmli tədqiqatları içərisində dramaturgiya, teatr sənəti və teatrşünaslıq problemləri öncül yer tutur. Lakin professorun musiqi, xoreoqrafiya, təsviri sənət, kino və ekran sənətləri, kulturologiya sahəsindəki fundamental araşdırmaları da yetərincədir. «İllərin izi ilə» kitabında professor Timuçin Əfəndiyevin bu kitablarına həsr edilmiş bir sıra məqalələr toplanmışdır. Onlardan akademik Kamal Abdullanın, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevin, tanınmış yazıçı-jurnalist Flora Xəlilzadənin, elmlər doktorları, professorlar Məryəm Əlizadənin, Aqşin Babayevin, Nizaməddin Şəmsizadənin və başqa müəlliflərin dəyərləndirmələri obyektivliyi, səmimiliyi və məntiqi elmi əsaslandırmaları ilə yadda qalır.

Güman edirəm ki, professor Timuçin Əfəndiyevin mətbuat səhifələrində dərc olunmuş məqalələrinin toplandığı və onun fəaliyyətini işıqlandıran «İllərin izi ilə» əsəri çoxumuzun diqqətini cəlb edəcək, həm də cari ildə institutumuzun nəşr etdirdiyi diqqətəlayiq əsərlərdən biri olacaqdır.

 

Ərtegin Salamzadə,

AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü

 

Mədəniyyət.- 2015.- 5 iyun.- S. 11.