“Üzeyir Hacıbəyli mənim babamdır”

 

“Hərdən mənə zarafatla deyirlər, sən Üzeyir Hacıbəyli irsini niyə belə çox təbliğ edirsən? Elə bil ki, onun qohumusan. Mən isə deyirəm ki, bəli, mən elə onun nəvəsi yerindəyəm”

 

Bakıda keçirilən Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları sırasında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının - TÜRKSOY-un baş katibi Düsen Kaseinov da var idi. Fürsətdən istifadə edib onunla həmsöhbət olduq. Müsahibimiz Forumun əhəmiyyəti, perspektivləri ilə bağlı fikirlərini bölüşməklə yanaşı, rəhbərlik etdiyi qurumun türk dünyası, eləcə də Azərbaycanla bağlı nəzərdə tutulan layihələrindən də söz açdı.

 

- Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda artıq üçüncü dəfədir ki, iştirak edirəm. Bundan əvvəlki forumlar da çox yüksək səviyyədə keçirilmişdi. Forumda 100-dək ölkənin təmsil olunması ona böyük marağın olduğunu nümayiş etdirir. Tədbirdə tanınmış mədəniyyət, elm xadimlərinin iştirakını xüsusi qeyd etmək istərdim. Mədəniyyət adamları bütün problemlərə düzgün yanaşa bilirlər, onlar hadisəni siyasətçilərdən daha yaxşı görürlər. Təəssüf ki, indi dünyada mədəniyyət adamlarını çox az adam eşidir. Siyasət qısa müddətdə hər hansı xüsusi problemi həll etmək üçün lazım olur. Mədəniyyət xadimləri isə çox məsələlərdə daha çox irəlini görə bilir. Bu sahədə təcrübəsi olan adam kimi deyə bilərəm ki, indi bizim xəbərdarlığımız ondan ibarətdir ki, mədəniyyətə, elmə diqqətin az ayrıldığı yerlərdə təhsil inkişaf etmir və orada problem yaranır. Bu proses istər ölkə daxilində, istərsə də dünya çapında eynidir. Ona görə də, şəxsən dövlət başçısı İlham Əliyevin dəstəyi ilə keçirilən bu Forum qarşıya qoyulan vəzifəni yerinə yetirir. Forumun özəyini, ideyasını təşkil edən multikulturalizm mövzusunda Azərbaycan özü bir çox ölkələrə örnəkdir. Azərbaycan müstəqilliyin ilk illərində çətinliklərlə üzləşsə də, sonradan böyük inkişaf yolu keçdi və indi əldə etdiyi nəticələrlə nümunə göstərilir. Hər hansı tədbirin cəlbediciliyi də məhz ondan ibarətdir ki, insanlar onun informasiya, təcrübə mübadiləsi baxımından nə qədər xeyirli, lazımlı olmasını dərk edirlər.

- Elə isə TÜRKSOY-un baş katibi kimi budəfəki Forumda hansı fikirləri səsləndirdiniz və nə kimi fayda əldə etdiniz?

- Forumda müxtəlif ölkələrin mədəniyyət nazirləri ilə görüşdüm, çıxışlar etdim, müəyyən təkliflər səsləndirdim. Biz Astanada Ənənəvi Musiqi üzrə Beynəlxalq Şuranın (İCTM - İnternational Council for Traditional Music) konfransını keçirməyə hazırlaşırıq. Bildirdim ki, türkdilli ölkələr müxtəlif təşəbbüslər irəli sürmək üçün belə qlobal forumlarda iştirak etməlidir. Bizim ölkələrimiz peşəkar beynəlxalq intellektual qurumlarda təmsil olunmalıdırlar. İCTM peşəkar musiqiçilərin qurumudur, UNESCO tərəfindən tanınmış qeyri-hökumət təşkilatıdır, özündə həm elmi, həm də praktikanı birləşdirir. Məsələn, bir qədər əvvəl Türkiyənin İstanbul şəhərində musiqi üzrə başqa bir təşkilatın - Beynəlxalq Musiqi Tədrisi Cəmiyyətinin (İSME - International Society for Music Education) konfransını keçirdik. Vaxtilə SSRİ bu qurumda təmsil olunmuşdu, ittifaq dağılandan sonra isə onu Rusiya əvəz etdi. Ona görə də bizim musiqi tədrisi üzrə milli komissiyamız yox idi. Artıq türkdilli ölkələr milli komissiya quraraq İSME-də təmsil olunurlar. Forumun nazirlər toplantısında səsləndirdiyim bir fikri hər kəs təqdirlə qarşıladı. Nazir Əbülfəs Qarayev bildirdi ki, biz bunu mütləq yekun bəyannaməyə daxil edəcəyik.

Digər bir təklifim mədəniyyət paytaxtları ilə bağlı idi. Hər il həm Avropa, həm müsəlman ölkələri, həmçinin artıq dördüncü ildir ki, TÜRKSOY mədəniyyət paytaxtı layihəsini gerçəkləşdirir. Bu paytaxtlar elan edilir, amma aralarında əməkdaşlıq etmirlər. Bizim şəhərlərdən yalnız İstanbul Avropa ərazisində olduğundan 2010-cu ildə Avropanın mədəniyyət paytaxtı missiyasını yerinə yetirib. Mən təklif etdim ki, bir-birimizin paytaxt şəhərləri layihələrində iştirak edək. Məsələn, bu il Omanın Nizva şəhəri “İslam mədəniyyəti paytaxtı” elan edilib. Amma bundan çoxlarının xəbəri yoxdur. Bu baxımdan nə üçün bu mədəniyyət paytaxtlarını tədbirlərimizə dəvət etməyək və mübadilə aparmayaq? Bu il Çexiyanın Plzen və Belçikanın Mons şəhərləri Avropanın mədəniyyət paytaxtıdır. Hazırda Plzen şəhəri ilə danışıqlar gedir. Onun paytaxt missiyasını başa vurması ilə əlaqədar mərasimdə TÜRKSOY-un heyəti iştirak edəcək. Öz növbəsində türkdilli ölkələrin builki mədəniyyət paytaxtı - Mərv (Türkmənistan) şəhərinin bağlanış mərasimində də Plzen şəhər nümayəndələri iştirak edəcək. MDB ölkələrinin nümayəndə heyətləri bunu çox yaxşı qarşıladı. Yeri gəlmişkən, MDB-nin mədəniyyət paytaxtı layihəsi də həyata keçirilir. İl ərzində hər bir elan olunmuş paytaxtda nə qədər tədbir təşkil edilir. Onların hər birinə bizim qapımız açıqdır. Bu daha faydalı inteqrasiya olar və davamlı ünsiyyət yaranar. Mədəniyyət sahəsində bu inteqrasiya proseslərindən istifadə etmək lazımdır.

- Bu il TÜRKSOY-un Azərbaycanla bağlı hansı layihələri nəzərdə tutulub?

- Bilirsiniz ki, bizim hər il opera layihəmiz olur. Qurumun ilk belə layihəsi Azərbaycan operası - Üzeyir Hacıbəylinin “Koroğlu”su oldu. Ötən il qazax operasının - Mukan Tolebayevin “Birjan və Sara” əsərini Türkiyə şəhərlərində, Şimali Kiprdə turneyə çıxardıq. Bu il isə Qırğızıstanın növbəsidir. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi ilə imzaladığımız müqaviləyə əsasən qırğız bəstəkarı Kalıy Maldabasanovun “Ana tarlası” balet-oratoriyası səhnəyə qoyulacaq. Əsər məşhur qazax yazıçısı Çingiz Aytmatovun eyniadlı povesti əsasında yazılıb. Eyni zamanda babamız Üzeyir Hacıbəylini də unutmuram. Hərdən mənə zarafatla deyirlər, sən Hacıbəyli irsini niyə belə çox təbliğ edirsən? “Arşın mal alan” operettasını Ankara, Astana, Paris, Strasburqda nümayiş etdirdik, 4 ölkəyə qastrol səfəri təşkil olundu. Elə bil ki, sən onun qohumusan. Mən isə deyirəm ki, bəli, mən elə onun nəvəsi yerindəyəm. Onlar da deyirlər ki, biz bundan sonra səni Üzeyir bəyin nəvəsi adlandıracağıq. Doğrudan da o, dahi bəstəkar, musiqiçi, türk, azərbaycanlı kimi mənim babamdır. Babanı isə unutmaq olmaz. Bu il “Koroğlu” operasının Türkiyədə, Mersin şəhər teatrında nümayişi olacaq və onu Ü.Hacıbəylinin 130 illiyi münasibətilə Azərbaycana və babama hədiyyə edəcəyəm.

Bundan başqa, bilirsiniz ki, bu il türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyidir. Bu münasibətlə TÜRKSOY tərəfindən Bəxtiyar Vahabzadənin Azərbaycan, qazax, qırğız, türk, türkmən, özbək dillərində şeirlərinin yer aldığı kitab hazırlanır. Kitab hazırlandıqdan sonra bu il həm Ankarada, həm də digər üzv ölkələrimizdə keçirəcəyimiz yubiley tədbirlərində onun təqdimatı nəzərdə tutulur.

- Yəqin ki, ənənəvi yubiley və xatirə ili tədbirləri də davam edəcək?

- Əlbəttə. Bildiyiniz kimi, 2015-ci ili tanınmış Türkiyə dramaturqu Haldun Tanerin xatirə ili elan etmişik. Onun pyeslərindən biri Azərbaycan teatrlarından birində bu il tamaşaya qoyulacaq. Artıq bununla bağlı müqavilə imzalanıb. Xatırlayıram ki, neçə il əvvəl Bakıda keçirilən konfranslardan birində demişdim ki, biz türk xalqlarının böyük yazıçılarını bir-birimizə tanıtmalıyıq. Məsələn, türk dünyasının ilk dramaturqu M.F.Axundzadənin əsərləri heç bir türkdilli respublikada tamaşaya qoyulmamışdı. Biz onun əsərini Astanada və Türkiyədə səhnələşdirdik. Bu il Haldun Tanerin 100 illiyi ilə bağlı onun pyeslərindən biri Şimali Kiprdə festivalda göstərilib, Tatarıstanda və Qazaxıstanda da göstəriləcək. Biz həmçinin “Haldun Taner ili” ilə bağlı pyes müsabiqəsi elan etmişik. Qalib adı qazanana pul mükafatı veriləcək və yazdığı pyes türkdilli ölkələrdə səhnəyə qoyulacaq.

 

Mehparə Sultanova

 

Mədəniyyət.- 2015.- 5 iyun.- S. 10.