Bolqarıstan kitabxanasında Azərbaycan haqqında nəşrlərin sərgisi

 

Bolqarıstanın ən böyük elm və mədəniyyət ocağı olan Müqəddəs Kiril və Mefodi adına Milli Kitabxanada Azərbaycan haqqında kitablardan ibarət sərgi açılıb. Mərasimdə Bolqarıstanın elm, mədəniyyət xadimləri və təhsil üzrə mütəxəssislər iştirak ediblər. Nəşrlər kitabxanaya Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən hədiyyə edilib.

Kitabxananın müdiri Boryana Xristova sərginin açılışında çıxış edərək Azərbaycanla Bolqarıstan arasında mədəniyyət və informasiya mübadiləsi sahəsində əlaqələrin inkişafından danışıb. O, aprelin 17-də Sofiya şəhərində M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası ilə Bolqarıstan Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalandığını xatırladıb və bu sərginin həmin memorandumun praktik nəticələrindən biri olduğunu deyib. B.Xristova kitabların hədiyyə edilməsinə görə səfir Emil Kərimova təşəkkürünü bildirib və Bolqarıstan ictimaiyyətinin bu nəşrlər vasitəsilə Azərbaycan haqqında ətraflı məlumat əldə edəcəyinə əminliyini ifadə edib. O, Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi kitabları səfirə təqdim edib.

Emil Kərimov ikitərəfli əlaqələrdən söz açaraq bu münasibətlərin mühüm hüquqi bazasının yaradıldığını vurğulayıb. Diplomat Azərbaycanla Bolqarıstan arasında energetika sahəsi ilə yanaşı, turizm, kənd təsərrüfatı və mədəniyyət sahələrində də əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.

Müqəddəs Kiril və Mefodi adına Milli Kitabxanada Azərbaycanla bağlı nəşrlərin sərgisi bir ay davam edəcək.

 

Mədəniyyət.- 2015.- 5 iyun.- S. 10.