“Bakı gecələri” əsrarəngiz gözəllikləri ekrana gətirəcək

 

“Debüt” studiyasında lentə alınan “Bakı gecələri” kinoalmanaxının aprel ayından davam edən çəkilişləri yekunlaşmaq üzrədir. Kinoalmanaxa xronometrajı 8-10 dəqiqə olmaqla 5 qısametrajlı film daxildir.

 

Adından göründüyü kimi, filmlər gecələr lentə alınır, amma yaradıcı heyətlə günün günorta çağında da vaxt tapıb görüşmək mümkün olmurdu. Çünki heyət gecə-gündüz gərgin işləyərək filmlərin ərsəyə gəlməsinə səy göstərirlər. Nəhayət, çəkiliş qrupunun bir araya gəldiyi “Debüt” studiyasında müzakirələr zamanı rejissorlardan ikisi ilə görüşüb filmlər barədə məlumat ala bildik.

“Yeraltı keçid” filminin rejissoru Xədicə Qarayeva bildirdi ki, bu onun ilk işidir. Ssenarini oxuyan kimi çox bəyənib və bu almanaxda özünü sınamağa qərar verib. Gənc rejissor deyir ki, mövzu da mənə yaxındır: “Film insani münasibətlərdən, sevgidən bəhs edir. Yaşlı və cavan nəslin sevgisi. Çəkilişlər gecə olurdu və çox maraqlı idi. Aktyorlardan da çəkiliş qrupundan da razı qaldım. Filmdə Şahmar Qəribli, Svetlana Həkimova, Nicat Əliyev və Günel Məmmədova rol alıblar.

Bu günə kimi “Yalan”, “Cavid ömrü”, “Cavad xan”, “İlahi məxluq”, “Axırıncı dayanacaq”, “Ölüm növbəsi” filmlərində rejissor köməkçisi kimi çalışmağım da işimdə mənə çox kömək oldu. Almanaxın mənə aid olan hissəsinin montajı artıq bitib və səsləndirilmə mərhələsindədir”.

Gənc rejissor Kəmalə Zəkiyeva da almanaxın öz payına düşən filmi barədə danışır. “Buludlar” adlı intriqalı ssenari məhz ona həvalə edilib. Ssenaridə bütün düyünlər sonda açılır. İki gəncdən bəhs edən filmdə obrazları Rafiz Mehdizadə və Səbinə Məmmədova canlandırıb: “İşimdən tam razı qalmadım. Vaxt qıtlığı, hava şəraiti - bütün bunlar film çəkilişi üçün başlıca amildir. Çəkilişlər dağüstü parkda həyata keçirildi. Hər gün axşam saat 21 radələrində qurulan kameralara səhər saat 7-8-də “stop” deyib çəkilişi yekunlaşdırırdıq”.

Həmsöhbətim deyir ki, almanaxın operatorunun tanınmış və ustad mütəxəssis Yuri Varnovski olması işimizə çox kömək etdi. Eyni zamanda filmlərin ssenarisinin İlqar Fəhmi tərəfindən yazılması da rejissorlarda böyük həvəs yaradıb: “Çünki əksər rejissorlar onun böyük filmlərində çalışmışdılar və çəkilişlərdə ssenaristin özünün də iştirak etməsi, müəyyən məqamlarda köməyi də müsbət təsirini göstərdi. Novellalar fəlsəfi yükü o qədər də çox olmayan, tamaşaçını yormayan hadisələrdir və əsas odur ki, düşündürür”.

Qeyd edək ki, kinoalmanaxın məqsədi Bakının gözəlliklərini, xüsusilə şəhərin gecə mənzərəsini diqqətə çatdırmaqdır. Almanaxda sözügedən iki filmdən savayı, gənc rejissorlar Rövşən Ağayev “Beş dəqiqə”, Gündüz Əliyev “Skripkaçı”, Cabir Hacıyev “İşıqlı yol” novellalarını ekranlaşdırıblar. Filmlər iyun ayında təhvil veriləcək. Filmlərin ssenari müəllifi İlqar Fəhmi, quruluşçu operatoru Yuri Varnovski, ikinci rejissoru Elman Qasımovdur. Kinoalmanaxda klassik Azərbaycan musiqilərindən istifadə edilib.

 

L.Azəri

 

Mədəniyyət.- 2005.- 5 iyun.- S. 6.