Gənc Tamaşaçılar Teatrında mövsümün “Miras”ı

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 30-31 may tarixində “Miras” adlı yeni tamaşa sənətsevərlərə təqdim edildi. Yazıçı-dramaturq Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, rəssamı Sevinc Həsənova, rejissoru Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradovadır. Əsas obrazları əməkdar artistlər Rahib Əliyev, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Kəmalə Hüseynova, Qurban İsmayılov, Şövqi Hüseynov, aktyorlar Elşən Şirəliyev, Vüsal Mehrəliyev ifa edirlər.

Səhnə əsərində bir ailənin daxilindəki pərakəndəlik, müxtəlif əqidələrə sapma, fərqli düşüncəli insanların fikir ayrılığı və bunun dramatik sonluqları öz əksini tapıb. Sovet quruluşunun bərpa edilməsi arzusu ilə yaşayan sabiq partiya işçisi və onun məsləkdaşları bu yanda, firavan həyat naminə ölkəsini tərk edib getmiş gəncin acı taleyi də digər yanda təzadlı fikir yaradır. Tamaşada valideynlərinin övladlarına kömək etmək üçün yeganə ümid yeri olan yaşadıqları mənzilin satılması və bunun üçün ev sahibi yaşlı atanın yola gətirilməsindən bəhs olunur. Hadisələr inkişaf etdikcə qəhrəmanların yanlış olduqları və özlərinin də gözləmədiyi vəziyyətlə rastlaşdıqları məlum olur.

 

Mədəniyyət.- 2015.- 5 iyun.- S. 5.