Özbəkistan saytı milli rəqslərimizə qarşı erməni saxtakarlığından yazıb

 

Özbəkistanın silkway.uz saytında "Azərbaycan xalq rəqsləri” adlı məqalə dərc olunub. Müəllif Sergey Qurbanov məqalədə qeyd edir ki, xalq rəqsləri hər bir ölkənin mədəniyyətinin bir hissəsidir. Azərbaycan xalq rəqsləri mövzu baxımından rəngarəngdir, onlar əmək, mərasim, məişət, qəhrəmanlıq, idman və s. növlərə bölünür.

Məqalədə "Turacı", "Uzundərə", "Mirzəyi", "Köçəri", "Tello" və s. Azərbaycan rəqslərindən söz açılır, "Yallı" rəqsi haqqında ətraflı məlumat verilir.

Daha sonra jurnalist ermənilərin "Köçəri" xalq rəqsini mənimsəmək cəhdlərindən, UNESCO-ya erməni qeyri-maddi irs nümunəsi kimi təqdim edilməsi və Azərbaycanın Müəllif Hüquqları Agentliyinin bununla bağlı bəyanatından bəhs edir.

S.Qurbanov qeyd edir ki, ermənilər uzun illərdir, Azərbaycan xalqına məxsus musiqi əsərlərini mənimsəmək və ermənilərə aid olması barədə məlumatlar yaymaqla dünya ictimaiyyətini çaşdırır. "Sarı gəlin", "Süsən sünbül" kimi xalq mahnıları, "Yallı", "Vağzalı", "Uzundərə", "Mirzəyi", "Köçəri" kimi Azərbaycan xalq rəqsləri, habelə qədim Azərbaycan musiqi alətləri - tar, balaban, zurna ermənilərin mənimsəmə siyasətinə məruz qalıb.

 

Mədəniyyət.- 2015.- 5 iyun.- S. 4.