Misir qəzetində III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında məqalələr

 

18-19 may tarixində Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmiş Misirin nüfuzlu "Əl-Məsəiyyə" qəzetinin baş redaktor müavini Məhəmməd Sələmə tədbir çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə apardığı müsahibəni dərc etdirib.

Nazir müsahibədə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin genişləndiyini vurğulayıb, Misirin İsgəndəriyyə kitabxanasında Azərbaycanın dahi şairi Nizami Gəncəvinin büstünün qoyulmasını yüksək qiymətləndirdiyini qeyd edib. Müsahibədə iki ölkənin geniş turizm imkanlarından da söhbət açılıb.

"Əl-Məsəiyyə" qəzetinin baş redaktor müavini III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında məlumat verərək, Misirdən geniş tərkibli nümayəndə heyətinin iştirak etdiyini bildirib.

Qəzetin digər nömrəsində isə jurnalist ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin Bakı Forumundakı çıxışından bəhs edib. Qeyd olunur ki, ISESCO-nun baş direktoru dünyanın müxtəlif regionlarında sabitliyin pozulması, ekstremizm və terrorçuluğun genişlənməsinin təhlükəli hal aldığını bildirib və bu təhlükələrin qarşısını almaq üçün siyasi yolların axtarılmasının və bəşəriyyəti irəliyə doğru aparacaq ideyaların təşviqinin vacibliyini vurğulayıb.

 

Mədəniyyət.- 2015.- 5 iyun.- S. 3.