Əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev Gürcüstanda işgüzar səfərdə olub. Muzeydən bildirilib ki, səfər çərçivəsində professor Çingiz Fərzəliyev və Tbilisi Dövlət Rəssamlıq Akademiyasının rektoru Georgi Ququşvili qarşılıqlı razılıq əsasında memorandum imzalayıblar. Beş il müddətinə nəzərdə tutulan memorandumda maarif sahəsində akademik və mədəni mübadiləni inkişaf etdirmək, eyni zamanda qarşılıqlı sərgilər, birgə tədqiqat işlərinin aparılması, eksponatların atribusiyası kimi müddəalar əksini tapıb.

Qeyd edək ki, bu, Milli İncəsənət Muzeyinin iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsi istiqamətində ilk addımı deyil. 2014-cü il noyabrın 18-də Azərbaycan və Gürcüstanın Milli İncəsənət muzeyləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Mədəni əlaqələrin inkişafının nəticəsi olaraq son illərdə Azərbaycan Milli İncəsənət Muzeyində gürcü rəssamları Mamuka Tsetskhldze və Tamara Kvisitadzenin sərgiləri, habelə “Xətt və boya”, “Gürcüstandan sevgi ilə” adlı sərgilər keçirilib.

 

Mədəniyyət.- 2015.- 5 iyun.- S. 2.