Bakıda Puşkinin doğum günü qeyd edilib

 

Dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin (1799-1837) anadan olmasının 216-cı ildönümü ilə əlaqədar iyunun 6-da ədibin Bakıdakı abidəsi önündə mərasim keçirilib. Səbail Rayon İcra Hakimiyyəti, Rusiyanın ölkəmizdəki səfirliyi və “Sodrujestvo” cəmiyyətinin təşkilatçılığı ilə gerçəkləşən ənənəvi mərasimdə şairin həyat və yaradıcılığından, öz əsərləri ilə dünya ədəbiyyatında əbədi iz qoymasından söhbət açılıb.

Mərasimi “Sodrujestvo” cəmiyyətinin sədri Tatyana Kərimova açaraq bu qəbildən olan tədbirlərin Azərbaycan və Rusiya xalqları arasında dostluq və mədəni əlaqələrin gücləndirilməsində böyük rolu olduğunu vurğulayıb.

Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev, Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, yazıçı Alina Talıbova və başqaları rus ədəbiyyatının formalaşması və inkişafında misilsiz xidmətləri olan Puşkinin əsərlərinin dünyanın bütün xalqları tərəfindən sevildiyini vurğulayıblar. Bildirilib ki, Azərbaycanda da Puşkinin yaradıcılığına hər zaman rəğbət olub, onun bir çox əsərləri Azərbaycan dilinə tərcümə edilib.

Tədbirdə mədəniyyət xadimləri və şairlər, Azərbaycandakı rus icmasının nümayəndələri çıxış ediblər, Səbail rayonundakı 132-134 nömrəli təhsil kompleksinin və 160 nömrəli klassik gimnaziyanın, həmçinin paytaxtın digər orta məktəblərinin şagirdlərinin ifasında şairin əsərlərindən parçalar nümayiş olunub, səhnəciklər göstərilib. Müxtəlif ədəbi müsabiqələrdə fərqlənən şagirdlərə hədiyyələr təqdim olunub.

 

Mədəniyyət.- 2015.- 10 iyun.- S. 15.