Çingiz Abdullayev “Birliyin ulduzları” mükafatına layiq görülüb

 

Azərbaycanın Xalq yazıçısı, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev 2014-cü ildə humanitar sahədə fəaliyyətinə görə MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun “Birliyin ulduzları” mükafatına layiq görülüb. Mükafat Rusiyanın Voronej şəhərində keçirilmiş təntənəli mərasimdə təqdim olunub.

Mükafatları Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu idarə heyətinin sədri, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Voronej vilayətinin qubernatoru Aleksey Qordeyev, Rusiya Prezidentinin beynəlxalq humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy təqdim ediblər. Bu il mükafata layiq görülənlər arasında SSRİ Xalq artisti, dirijor Vladimir Fedoseyev, Belarus aktyoru Rostislav Yankovski, Tacikistan alimi Talbak Nazarov və başqaları var.

“Birliyin ulduzları” mükafatı 2009-cu ildə təsis edilib və hər il humanitar sahədə qazandıqları yüksək nailiyyətlərə görə MDB ölkələrinin nümayəndələrinə təqdim olunur.

Mükafatın laureatları sırasında Azərbaycanın Xalq rəssamı Ömər Eldarov, SSRİ xalq artistləri Oleq Tabakov, Vladimir Spivakov, David Tuxmanov, Aleksandra Paxmutova və digər tanınmış şəxslər var.

 

Mədəniyyət.- 2015.- 10 iyun.- S. 15.