Oxu, Təb!

 

Bir halda ki “Kainat olduqca, şeir olacaq”, - bu hikməti bulan da qalacaq!..

 

Hə, “Şair yeni-yeni sözlər bulacaq” sayaq poetik şamlar yandırıb, SÖZdən estetik kamlar almışımızı deyirəm...

Solmaz gülə bənzər alov misraları heç zaman külə varmayası, danışdıqca qurtarmayası nəğməkarımızdan danışıram...

Sonralar xələflərindən birinin “Güllələr demədi, qayıdın geri, hələ uşaqsınız, - nə yaşınız var” misrasındakı qan-qan cavanlara misal irfan nakamımızdan yazıram...

 

Daha sonralar - bolşeviklərin “gödən”çi-“Vətən”çi siniflər arasında işini bitirib qələmçilərə keçdiyi çağlarda istedadsız qrupların “kəndçi-şəhərli”, “asfalt-torpaq” nifaqlarına öz ali-əxlaqi, mədəni-mənəvi davranışı, “qumral gözlər”, “mənimlə əyişəydin”, “sular xırçın olaydı” kimi doğal-doğanaq ifadələrilə ümummilli bir konsensus gətirən Mikayıl Müşfiq zirvəmizdən söz açıram:

 

Oxu, Söz!..

 

Nəinki bu sənət aşiqinin “çal” əvəzinə “oxu” dediyi Tardan, hətta ilk ər-Adəm və Həvva-yardan, ümumən bu dünyada hər vardan əzəl yaranmış Söz, oxu!

Sənin özündən bəhsin belə səndən ayrı yolu yoxsa, tarixən saz ilə, avaz ilə dediklərimizi sonda sənlə aydınlatmalı olmuşuqsa, oxu və hərdən, bu yaşca “uşaq”, coş-qoşca ulu söz kanına qədərki “Sözün də su kimi lətafəti var”, “Hər ləhzə yoxdan olur var, söz”, “...Nə söz qaldı sənətkara dəyməmiş?!” kimi sələf-inciləri də ayağa çək. Qanadlanıb-oylanıban uç və bu könlü fırça, dəftəri tablo sənətkarın layiqincə vəsfi üçün təzə-tər bir vər aç. Haçağ ki nəqli epizodlar, epik təhkiyələr qanıq vermədi, dərhal yanıq taktlar, lirik notlar saç. Polifonik prelüdlər, folklorik etüdlər elə...

Özü də öncə, bu böyük Azərbaycan Oğlunun ata-baba odasına - əfsanəvi Xızır nəbi qədəminə də məkan olmuş qədim Xızının Sayadlar obasına fövqəl-xəyalicə bir səfər...

Eheey, -

 

Müqəddəs Ev-Muzey!..

 

Sənin yerləşdiyin bu elatın özü də canlı, təbii bir Muzey. Həm də Ədəbi-Bədii Muzey; otuzuna çatmamış başdan-başa lirik Mikayılının və otuz beşinə varmamış təpədən-dırnağa dramatik Cəfərinin peyzaj-portret obrazlar qalereyalarına rəğmən...

Hələ bəri başından başlanan təbiətən ulu, məziyyətən xalça-xalı dağları, ürək-göbəyi boyunca çeşməli-sulu bağları, ağıl-kamalca xoca, xaraktercə ərən, mənlik-mərdlikcə uca insanları!..

Tarixən ozanların tapındığı, aşıqların aşiqlənib, yazanların obrazlandığı o dağların ətəklərində adına “ab-hava” deyilən həb, döşündə-qaşında fitrəti-qüdrəti təb, bəsirət gözüylə də baxa bilsən, - başından başda Rəbb!

Çeşməli-sulu bağlarının mənzərəsi bəh-bəh, nər-nəğməsi cəh-cəh, meyvələri mey, bağbanları xoş-beş.

Sakinlərinin insanlığı isə bu çətin, bu mürəkkəb dünyanın asanlığı! Bir sayğıya saysız qayğı...

Hə, əlahəzrət Söz!

Gözaltıla ki, könlümüzcə çox yaxın olan o binəyə məsafəcə hələ var; yəni burda hədd keçib əhəd kəsməyəsən ki, orda da qəhət çəkməyəsən...

Gözətlə ki, o tikili içrə həm milli bir Minorluq, həm bəlli bir Majorluq; deməli, hədsiz qüssələnib qəmlənəndə şənliyə, fəxarətlənib şənlənəndə qəmliyə yer saxlamalı...

Özətlə ki, o Muzey haləsində tək elə Güney-Quzey yox, - sonbeşik Məmməd Arazından Şəhriyar, Veysəl, Füzuli, Yəsəvi kimi ənkə böyüklərinə sarı sadalayacağım - büsbütün Turan; “Görüm ayılmasın, gec ayılanlar”, “Qalx ayağa, ya azad ol, ya tamam yan, Azərbaycan!”, “Bir mən var - məndən içəri”, “Muradım şəmi yanmazmı?”, “Zahid olma, abid olma, aşiq ol”...

Hər mənana elçi düşüm, məntiqinə yolçu olum, Söz! Qələm adlı əl mənim, aləm namlı ətək sənin; “...söz çıxıb ceyran belinə!” deyib getmiş bir sələfin əsir-yesir xələfindən bir yazılıq bar-varını əsirgəmə. Hərdən-birdən baş götürüb qaçandasa, qafiyəvi pıçılda ki, “darıxma, a qələm, darılma kədər, o mövzu doğmadırsa, qayıdıb gələr”...

Mövzu doğmadan da doğmadır, loğman Söz! Söhbət Səni necə seçmələyib, cilalayıb, cümlə sapına nə cür muncuqlamaqdan gedir...

Hə, xəyal! Sənə nə zaval, nə qoruq-qaytaq? Çətini - yürüyüb-yüyrənib o ocağa yetənəcəndi, hərlənib-fırlanıb bu mətləbi tutanacandı. Söz kanının kandarına yetcək, birər-birər bitcək olarsan, inşallah. Hələliksə, “məxləsə!” deyib, o oda yiyəsi müəllifliyində oxu. Özü də xana-xana, parça-parça, özü demişkən, xırçın-xırçın saç:

 

Çəkinərək çox zaman

söhbəti dəyişəydin,

Mənimlə əyişəydin...

 

Saçın kimi qıvrılan

dalğalara dalaydım,

Dalıb ilham alaydım!

 

İlhamımın yelkəni

zərrin saçın olaydı,

Sular xırçın olaydı...

 

Asılaydı sözlərim -

Könlünün qulağından

bir qızıl tana kimi,

Günəş doğana kimi...

 

Sən Allah, arzuya bax, ay Söz! Zərfliklərindən zərif, fellərindən incəmi? Söylən, üslubuncamı?..

Belə-belə suallar, nidalar. O əsrarəngiz nəzmlərə bənzəmək arzulu nəsri ədalar...

Bunlar bir yana, fikrimin bir zikri var, Sözcan! Belə ki, sən də bir an, bu növbəti əsirintək xəyala dal və agah ol ki, birazdan o muzeydəki bəzi eksponat və fotoşəkillərdən repressiya yüklənib, depressiyaya köklənəcəyik. Bunçu da, gəl, elə bu başdan o bədbinlik əleyhinə iki tablet nikbinlik həbi qəbul edək:

 

Sənin gülüşlərin yaz səhərindən

Hissimə, fikrimə sanki rəng alır.

Gül ki, şeirlərim gülüşlərindən

Qırılmaq bilməyən bir ahəng alır.

 

Cahan ki solmayan bir bağça-bağdır,

Burda rəvamıdır - gülmədən ölmək?!

Yazıq o şəxsə ki, qaraqabaqdır,

Nə qədər yaraşır insana gülmək!..

 

...Aha, bu da bu ulu yolun solundakı tənha bina. Düzəngah-“ada”da odlu bir oda. Hər tərəfdən diqqətçəkən, yol-rizinə, yolçu baxışına bab, dost ürəyinə qut, düzənlik mövqe-relyefə hakim. Amma... ətraf dağlara nisbətdə bir az “məhkum”. Fasad, interyer, ərazi tutumu sarıdan isə, “ey geniş kütlənin acısı, şirini” deyə xitablandığı “Oxu, tar”ının “sarı sim”i kimi...

Yolun sağında - yaranışından qol-qola girib bu dünyanı yola verən dağlardan birinin sinəsində - çəkidə yüngüldən-yüngül, vəzndə ağırdan-ağır bir abidə. Ladı - məqam-muğam rübablar, adı - “Oxu, Tar”!..

...Və son illər bu əvəzsiz milli vara ölkəmizin birinci xanımı Mehriban Əliyevanın mehri sayəsində, bu inci barədə nəinki tək elə bu yol-rizdən, yaxın Şərq və uzaq Qərbdən, habelə bütün dünyadan ötüb-keçənlərin qəlbində belə bir car: “Oxu, tar, oxu, tar! Səni kim unutar?!”

Deməli, həm də Sən, cənab Söz! Yəni, artıq bu ümumbəşər dilli Tar ilə bahəm, bizim milli Müşfiqimiz də hər yerdə səslənəvar!..

Aha, çatdıq. Di yığış, düşək bu səfərçi texnikadan bəyançı leksika! Yava-havamızdan bir az alıb, yaxınlaşaq. Əvvəlcə, zülüm-ölüm günlərindən bir il öncə öz əlləri ilə əkdiyi yeddi çinardan hələ də diri qalanları salamlayaq, sonra büstü qarşısında bağır basaq. Cavab gözləməyək, - “Onsuz üzüm gülməz, açılmaz aynam” kimi poetik “ərz”iyələrini mifik-xaotik tonda səsləndirib, içəri keçək.

 

Oxu, Fakt!..

 

Bu muzeyin içərisi də, həyəti də adını daşıdığı Bəndənin həyatı kimi ikili; adamı gah fəxarətdən, gah sıxıntıdan hipnoz edən fotolar, misralar. Bəzisi solğun, bəzisi yorğun, gah halsız heyrət, gah sonsuz nifrət saçan bu fotoşəkillər zaman-zaman üzbəüzlərinin gözlərini tir-tifilcə yaşardar, misralarsa, bir ipəkcə yaylıq kimi qurular...

Bəs buradakı digər əşyaları nə adlandırıb, necə oxşayaq? Bəlkə, ikinci dərəcəli canlılar kimi, bu cansızları da “və başqaları” ifadəsilə yola verək? Ya bəlkə “eksponat”, “inventar”? Yox, Fakt əfəndim, yox. Səndən öncə oxuyan Sözdən bir-iki gilə mədəd dilə. De ki, bu xalqın özü “Müşfiq”, sözü müştaq capcavan Dədəsi hara, Sənin lüğət fondunun “eksponat” adlı yapyavan ifadəsi hara?!.

Amma, axı bunları nəsə də adlandırmaq gərək, yoldaş “37” yarlıqlı söz qurusu! Heç olmasa, “bizim repressiya dastanımızda sənətdən kamlığın, həyatdan nakamlığın maddi qafiyələri” kimi təfsir etsənə! Səni kim məcbur edir deyəsən ki; “Bax, bu sağdakı 39 şəkil həyat eşqli dəmlərin təcəllası, soldakı 40-cı isə bizim qanlı hakimiyyət qəmlərinin məcəlləsi”?!.

 

Və bu da “Akt”...

 

Belə bir sənəd olmadığına görə, dırnaq işarəsi açmadan yazıram bu “akt”ı:

1908-ci il iyunun 8-də Bakıda doğulmuş, Azərbaycan Dövlət Universitetini bitirmiş, nadir istedadı ilə poeziyamızın inkişafında xüsusi rol oynamış, orta məktəblərdə 7 il dərs demiş, 22 yaşında ilk kitabını (Küləklər”) çap etdirmiş, çoxlu tərcümələr etmiş, 26 yaşında Azərbaycan Yazıçılar İttifaqının (AYB) üzvü olmuş Mikayıl Əbdülqadir oğlu İsmayılzadə - Mikayıl Müşfiq ədəbiyyatı dəlicəsinə, xalqını müdrikcəsinə, Dilbərini Məcnuncasına sevdiyinə görə, 6 yanvar 1938-ci ildə güllələnsin...

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2015.- 10 iyun.- S. 13.