Türk
dünyasının mütəfəkkir şairi
Bəxtiyar Vahabzadə - 90
Azərbaycanın
Xalq şairi, görkəmli dramaturq, akademik Bəxtiyar Vahabzadə
16 avqust 1925-ci ildə ölkəmizin dilbər guşələrinin
birində - dağlar qoynunda yerləşən Şəki
şəhərində anadan olmuşdur. Artıq altı ildir
ki, böyük şair aramızda yoxdur.
Ədəbiyyat tariximizdə çox şairlər, söz ustadları gəlib-gedib. Onların arasında Bəxtiyar Vahabzadə şeriyyətinin özünəməxsus yeri var. Onun müasir Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri şəksizdir. Bütün bunlara baxmayaraq, şair bu sahədə xidmətlərinə necə də təvazökarlıqla qiymət verir:
Bizim sənət dünyasının
Qırıq telli sazıyam.
Bircə ondan razıyam ki,
Özümdən narazıyam.
Bəli, şair ədəbiyyat sahəsində misilsiz, əvəzedilməz xidmətlərinə tənqidi yanaşaraq, gör necə də sadəlik nümunəsi göstərir.
Heç kəsdən gizli deyil ki, bəzi yazarlar mətbuatda bir şeiri çap olunan kimi özünə ədəbi təxəllüs seçir. Lakin Bəxtiyar Vahabzadənin sadəliyi bir də ondan görünür ki, şairin heç vaxt təxəllüsü olmamış, o, həmişə öz adı və soyadı ilə çıxış etmişdir.
Şairin yaradıcılıq palitrası çox zəngin və rəngarəng olmuşdur. Xalqı, cəmiyyəti düşündürən hər bir məsələ onun şeirlərinin başlıca mövzusu olmuşdur. Azərbaycan xalqının tarixində zaman-zaman baş vermiş faciələrin əsasını qoymuş, Azərbaycanın ikiyə parçalanmasını təsdiqləyən Gülüstan müqaviləsinə həsr olunmuş «Gülüstan» poemasında şair belə deyir:
İpək yaylığı ilə o, asta-asta
Silib eynəyini gözünə taxdı.
Əyilib yavaşca masanın üstə,
Bir möhürə baxdı, bir qola baxdı.
Kağıza həvəslə o da qol atdı,
Dodağı altından gülümsəyərək.
Bir qələm əsrlik hicran yaratdı,
Bir xalqı yarıya böldü qılınctək.
Öz sivri ucuyla bu lələk qələm,
Dəldi sinəsini Azərbaycanın.
* * *
Qoyulan şərtlərə razıyıq deyə,
Tərəflər qol çəkdi müahidəyə...
Tərəflər kim idi?
Hər ikisi yad!
Yadlarmı edəcək bu xalqa imdad?!
Ötən əsrin ortalarında, kommunist rejiminin kəsəkəs vaxtında bu mövzuda, bu ruhda poemanı mətbuatda çap etdirmək sənətkardan böyük cəsarət tələb edirdi. O zaman gənc olan Bəxtiyar Vahabzadə həyatının, ailə üzvlərinin, yaxınlarının böyük təhlükə qarşısında qalacağından ehtiyat etməyərək, «Gülüstan» poemasını keçmiş Nuxa (indiki Şəki - İ.A.) şəhər Partiya Komitəsi və İcraiyyə Komitəsinin orqanı olan «Nuxa fəhləsi» qəzetində dərc etdirir və bu poema böyük ictimai əks-sədaya səbəb olur.
Doğrudur, həmin vaxt dövlət təhlükəsizliyi orqanları duyuq düşərək həmin qəzetin nüsxələrinin böyük əksəriyyətini rayon mətbəəsindən yığışdırmağa nail olur. Lakin qəzetin həmin nömrəsinin çox az hissəsi redaksiya əməkdaşlarının fədakarlığı nəticəsində oxuculara çatdırılır.
Mənim həmin vaxtlar 11-12 yaşım olardı. Lakin sonralar böyüklərimizin söylədiklərinə görə Bəxtiyar Vahabzadəni yüksək rütbəli vəzifəli şəxs poemanın nəşri ilə bağlı söhbətə çağırır. Həmin vəzifəli şəxs şairi qəbul edərək deyir:
- Şair, xeyir ola, son vaxtlar «podpolnı poema» (gizli poema - İ.A.) çap etdirirsən?
Şairin cavabı çox sərt olur:
- Mən bilmirəm, «Nuxa fəhləsi» qəzeti nə vaxtdan «podpolnı qəzet» olub?
Həmin vaxt şairi böyük çək-çevirə salırlar. «Nuxa fəhləsi» qəzetinin redaktoru, Böyük Vətən müharibəsi əlili olan Məhyəddin Abbasov da ciddi partiya cəzasına məruz qalır. Lakin şairin özünün sonrakı müsahibələrindən aydın olur ki, o zamanlar ümummilli lider Heydər Əliyev onu bu bəladan çəkib çıxarır və xilas edir.
Yaxşı yadımdadır, 1991-ci ilin əvvəllərində SSRİ-nin saxlanılması üçün Azərbaycan SSR-də referendum keçirildi. Lakin həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində işləyən ümummilli lider Heydər Əliyevin səyləri ilə muxtar respublikada referendum keçirilməmişdi. Bundan sonra Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin sessiyasında deputat kimi çıxış edərkən həmkarlarının böyük əksəriyyəti ona mane olmağa çalışırdılar. Bu zaman Ali Sovetin deputatı olan Bəxtiyar Vahabzadə ulu öndər Heydər Əliyevi müdafiə etmiş, üzüdönük adamları kəskin tənqid etmişdir. Hətta o, xitabət kürsüsünü də şahid göstərərək demişdir: «Vaxt var idi bu kişini tərifləyirdiniz, böyük əksəriyyətiniz onun vaxtında yüksək vəzifələrə təyin edilmisiniz. İndi onun əleyhinə çıxış edirsiniz».
Hadisələrin sonrakı inkişafı böyük şairin vətəndaş mövqeyində nə qədər haqlı olduğunu isbat elədi. Bu mənada şairin yaradıcılığında vətəndaş mövzusunun xüsusi yeri vardır. Müəllif «Vətəndaş» şeirində yazır:
Vətəndaş!
Nə gözəl səslənir bu söz.
Yəni - bir Vətənin övladıyıq biz.
Anamız eynidir,
Qardaşıq demək.
Mən sənə arxayam,
Sən mənə kömək.
Böyük şair «Yaşaya-yaşaya yaşamayan var» şeirində belə deyirdi:
Sən bütün sulardan qupquru çıxdın
Düzəlir ən çətin işin bir anda.
Kim deyə bilər ki, bir yol karıxan,
Məgər danışdın ki, karıxasan da…
Susmaqdır ən böyük silahın sənin
Olmadı heç zaman «günahın» sənin.
Xalqın birliyi məsələsi həmişə şairin yaradıcılığında özünəməxsus yer tutmuş, müəllif soydaşlarımızı birliyə, mütəşəkkil olmağa çağırmışdır. Xalqın birliyi isə bizə bu gün daha çox vacibdir.
Böyük şair ana dilinin qorunmasına, bu dilin müqəddəsliyinə və təbliğinə xüsusi yer ayırmışdır. Müəllif «Ana dili» şeirində Azərbaycan dilini əcdadımızın müqəddəs mirası adlandırır:
Dil açanda ilk dəfə «ana» söyləyirik biz,
«Ana dili» adlanır bizim ilk dərsliyimiz.
İlk mahnımız laylanı anamız öz südüylə
İçirir ruhumuza bu dildə gilə-gilə.
Bu dil - bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil - bir-birimizlə əhdi-peymanımızdır.
Bu dil - tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil - əcdadımızın bizə miras verdiyi
Qiymətli xəzinədir…onu gözlərimiztək
Qoruyub, nəsillərə biz də hədiyyə verək.
Öz ana dilində danışmayanlara, ana dilində danışmağı özlərinə ar bilənlərə acıyan şair fikirlərini daha kəskin şəkildə ifadə edir:
Ey öz doğma dilində danışmağı ar bilən, fasonlu ədabazlar,
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
Bunlar qoy mənim olsun,
Ancaq Vətən çörəyi sizlərə qənim olsun.
Bəxtiyar Vahabzadənin yaradıcılığı türkdilli ölkələrdə də sevilir və yüksək dəyərləndirilir. Buna görə də o, təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının sevimli və əbədiyaşar şairidir. Bəxtiyar Vahabzadənin türkçülüyü onun aşağıdakı misralarında daha aydın görünür:
Mən ilk qaynağımdan türk oğlu türkəm!
Sübutdur, dəlildir ağlın qibləsi,
Dəyişə bilərsən adımı ancaq.
Canım çıxanadək qəlbimin səsi,
«Türkəm» gerçəyini pıçıldayacaq.
Böyük şair həmişə özünə qarşı tələbkar olmuş, həyatı boyu yaradıcılığına tənqidi yanaşmışdır. Amma bu fikir onun «Layiqəmmi mən?» şeirində daha bariz şəkildə özünü büruzə verir:
Atalar sözləri öyüddür bizə,
Yüz illər, min illər deyiləcəkdir.
«Elə yaxşılığı, sən at dənizə,
Balıq bilməsə də, xaliq biləcəkdir».
Görkəmli şair əsərlərində fiziki ölümlə mənəvi ölümü həmişə fərqləndirməyə çalışmış və fiziki ölümü deyil, mənəvi ölümü faciə saymışdır. O, bu fikri aşağıdakı misralarda poetik şəkildə və dərin fəlsəfi mənada dəqiq işlətmişdir:
Ölüm belə qəm deyil, bu həyatı duyana,
Mən bu ağ saçlarımla öyünürəm, ay ana!
Qara, şəvə saçları təbiət vermiş mənə,
Mən güvənə bilmərəm onun bu töhfəsinə,
Zəhməti, həyatımın ilk bəzəyi sanmışam,
Ağ saçları həyatda mən özüm qazanmışam.
Bəxtiyar Vahabzadə qədim xalq sənətini, o cümlədən Azərbaycanın mədəniyyət incilərindən olan muğamlarımızı yüksək qiymətləndirmişdir. Şair «Muğam» poemasında belə deyir:
Dəfn edin siz məni Zabul segahın mayəsinə,
Deyirəm, bəlkə, məni bir gün oyandırdı muğam.
Çox kitablar oxudum, zənn elədim bəxtiyaram,
Mənə çox mətləbi ahəstəcə qandırdı muğam.
Bəxtiyar Vahabzadənin ictimai-siyasi fəaliyyəti də zəngin və təqdirəlayiq olmuşdur. Belə ki, bir neçə çağırış Azərbaycan Respublikası Ali Sovetinin və Milli Məclisinin deputatı seçilən ədib xalqımızın həyatının ən çətin və mürəkkəb anlarında baş verən hadisələrə münasibətdə əsl vətənpərvər ziyalı mövqeyi nümayiş etdirmişdir. Şairin yaradıcılığı sovet dövründə layiqincə qiymətləndirilmişdi. O, SSRİ Dövlət mükafatına da layiq görülmüşdü. Onun xidmətləri müstəqil dövlətimiz tərəfindən də yüksək dəyərləndirilmiş, bir sıra orden və medallara, o, cümlədən Azərbaycan Respublikasının ali dövlət təltifi olan «İstiqlal» ordeni ilə mükafatlandırılmışdır.
Böyük sənətkarlar haqqında çıxış etmək yüksək səviyyəli mütəxəssislərin işidir. Lakin şairə olan böyük el məhəbbətinə görə bu haqda danışmaq və yazmaq hər bir ziyalının mənəvi borcu və şərəf işi hesab olunur. Təbii ki, bir məqalədə, özü də mütəxəssis olmayan şəxs tərəfindən Bəxtiyar Vahabzadənin çoxcəhətli yaradıcılığının bütün səciyyəvi cəhətlərini əhatə etmək mümkün deyil. Bunu mən qarşıma məqsəd kimi də qoymamışam. Bu, sadəcə olaraq, Bəxtiyar Vahabzadə yaradıcılığına olan oxucu məhəbbətinin təzahürüdür. Allah böyük şairimizə qəni-qəni rəhmət eləsin.
İlham Abbasov,
Ədliyyə
Nazirliyi Ədliyyə Akademiyasının baş müəllimi,
hüquq üzrə fəlsəfə doktoru, baş ədliyyə
müşaviri, prokurorluğun fəxri işçisi
Mədəniyyət.- 10 iyun.- S. 12.