Daşkənddə
Nizami Gəncəvinin büstünün ətrafı
abadlaşdırılıb
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, ölkəmizin Özbəkistandakı səfirliyinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin Daşkənd Dövlət Pedaqoji Universitetinin qarşısındakı büstünün bərpası və ətraf ərazinin abadlaşdırılması həyata keçirilib. Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti, habelə Özbəkistandakı soydaşlarımız ərazidə abadlıq işlərinin aparılması xahişi ilə səfirliyə müraciət etmişdilər.
Qeyd edək ki, Dövlət Pedaqoji Universitetinin qarşısında böyük şairin büstünün açılışı 2004-cü ildə Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və İslam Kərimovun iştirakı ilə keçirilmişdi. Ötən müddətdə dəyişkən təbii şərait, qarlı-şaxtalı hava səbəbindən abidə ətrafında abadlıq aparılmasına ehtiyac yaranmışdı. 2014-cü ilin oktyabrında Özbəkistanda səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev vəziyyət barədə məlumatlandırılmış və nazirlik sözügedən işlərin həyata keçirilməsi üçün tələb olunan xərcləri öz üzərinə götürmüşdür.
Layihə Azərbaycan səfirliyi və onun nəzdindəki Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilib. Aparılan işlər nəticəsində Nizaminin büstü restavrasiya edilib, ətraf ərazi abadlaşdırılıb, o cümlədən yerə döşənmiş metlax və mərmər yenisi ilə əvəz olunub, ərazinin dizaynı yenilənib.
Bundan başqa, səfirliyin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin həyətində ulu öndərin büstünün dizaynı yenidən işlənib, büstün arxasında misdən Azərbaycan bayrağının maketi quraşdırılıb.
Qeyd olunan işlər Özbəkistandakı azərbaycanlılar,
habelə yerli qurumlar tərəfindən yüksək qiymətləndirilib.
Mədəniyyət.- 2015.- 10 iyun.-
S. 11.